Məhkəmə qərarları › İş №3(027)-395/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-395/2022

13.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-395/2022 13.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X10 qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X1 iştirakı ilə, xx xxx 1981-ci il tarixdə Quba rayonu, Çiçi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Quba rayonu, Çiçi kəndində qeydiyyatda olan və yaşayan (X6 xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 510, 535.1 və 206-cı maddələri ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən e tdi: Quba Rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiallara əsasən, X9 12 aprel 2022-ci il tarixdə saat 11:00 radələrində Quba rayonunun Çiçi kəndindəki həyətyanı sahəsində narkotik tərkibli vasitə (çətənə bitkisi, marixuana) qəbul etmiş, 12 aprel 2022-ci il tarixdə saat 19:30 radələrində Quba RPŞ-nin inzibati binasında ucadan nalayiq söyüşlər söyərək, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla bağlı Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 tərəfindən Şəxs barəsində 12 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli və 13 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokollar tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli hesab edərək bildirmişdir ki, 12 aprel 2022-ci il tarixdə saat 11:00 radələrində Quba rayonunun Çiçi kəndində yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli vasitə (çətənə bitkisi, marixuana) qəbul etmişdir. Ona görə də Quba RPŞ-nin polis əməkdaşları tərəfindən Quba RPŞ-nə gətirilmişdir. Həmin tarixdə Quba RPŞ-nin inzibati binasında olarkən polis əməkdaşları ilə arasında mübahisə yaranmış, ucadan nalayiq söyüşlər söyərək, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X2 Natiq Cabir oğlunun əməlindən peşman olduğunu nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmədə protokolları tərtib etmiş şəxs - Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 protokollarda yazılanları təsdiq etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1 və 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin həmin maddələri ilə düzgün tövsif edilmişdir. İş materiallarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair 12 aprel 2022-ci il tarixli MN ******* nömrəli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair MN ******* nömrəli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair MN ******* nömrəli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(027)-395/2022, 3(027)-396/2022 və 3(027)-397/2022 saylı işlər bir icraatda 3(027)-395/2022 saylı nömrə ilə birləşdirilmişdir. İş materiallarında olan 13.04.2022-ci il tarixli 54 nömrəli akta əsasən, Şəxs narkotik vasitə qəbul etdiyi aşkar edilmişdir. Həmin aktda Şəxs məcburi müalicəyə ehtiyacı olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafını, məsuliyyətini yüngülləşdirən hal kimi törətdiyi əməlindən səmimi peşmançılıq keçirməsini və məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə əsasən Şəxs İXM-nin 510, 535.1 və 206-cı maddələri ilə təqsirli bilinib, barəsində 206-cı maddədə nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Belə ki, iş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 12.04.2022-ci il tarixdə saat 23:00-da inzibati qaydada tutulmuş, 13.04.2022-ci il tarixdə saat 09:30-da isə azad edilmişdir. Ona görə də, Məhkəmə hesab edir ki, 12.04.2022-ci il tarixdən 13.04.2022-ci il tarixədək inzibati qaydada həbsdə olduğu müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Belə ki, 13.04.2022-ci il tarixli 54 nömrəli akta əsasən Şəxs məcburi müalicəyə ehtiyacı olmadığı müəyyən edilmişdir. Ona görə də, Məhkəmə hesab edir ki, Şəxs barəsində məcburi müalicəyə ehtiyac olmaması nəzərə alınmalıdır. Şəxs barəsində həbs etmənin 13.04.2022-ci il tarixdən, saat 18:20-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1 və 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 206-cı maddədə nəzərdə tutulmuş 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs 12.04.2022-ci il tarixdən 13.04.2022-ci il tarixədək inzibati qaydada həbsdə olduğu müddət ona təyin edilmiş cəzadan çıxılaraq, ona qəti olaraq 14 (on dörd) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 13 aprel 2022-ci il tarixdən, saat 18:20-dən hesablansın. Şəxs barəsində məcburi müalicəyə ehtiyac olmaması nəzərə alınsın. Qərarın icrası Quba Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar