Məhkəmə qərarları › İş №3(027)-4/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-4/2025

09.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-4/2025 09.01.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Şikayət verən X5, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X7 iştirakı ilə, X5 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin inzibati tənbeh vermə haqqında 20.11 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X8 şikayət ərzəsilə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsi ilə tərtib edilmiş 20 noyabr 2024-cü il tarixli. ******* saylı qərarın ləğv edilməsi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və protokol tərtib edən, qərar qəbul edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309-cu maddəsinin tərkibi olduğundan barələrində xüsusi qərardad qəbul edilərək araşdırılması üçün Quba rayon prokurorluğuna göndərilməsi barədə qərar qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 20 noyabr 2024-cü il tarixli, MN- ******* saylı qərarını poçt vasitəsilə 24 noyabr 2024-cü il tarixdə almışdır. Həmin qərara əsasən o X25 Agentliyinin müsbət rəyi və yaşıllıqların götürülməsi vərəqi olmadan evinin qarşısında yolun kənarından qoz ağacını çıxararaq köçürdüyü üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsinə əsasən 1000 (bir min) manat məbləğində cərimə olunmuşdur. Qeyd edilən qərarla razılaşmır. Qərar qanunsuz və əsassız olmaqla, ona qarşı olan qərəzin nəticəsində qəbul edilmişdir. Hazırkı işin əsasını onun evinin qarşısında, qalınlığı 3-5 sm olan 2022ci ildə torpaq sahəsi ilə üzbəüz qonşu X20 və X9 tərəfindən əkilmiş qoz qələmi təşkil edir. xx.xx.2022-ci il tarixli, AN-1 ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən Quba rayonu, Zərqava kəndində yerləşən 0.14 ha torpaq sahəsi X10 tərəfindən ona satılmışdır. Bundan sonra həmin torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X23 Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış almışdır. O torpaq sahəsini aldıqdan, torpaq sahəsi ilə üzbəüz qonşu olan şəxslər, yəni X20 və X9 torpaq sahəsini zəbt etmiş, torpaq sahəsindən küçəyə çıxışı olan dəmir darvazanın qarşısında dəmir yelləncək qoymuş, stol qoymuş və öz həyətlərində olan qoz qələmini əkmişlər. Dəfələrlə həmin şəxslərə qoyduqları əşyaları oradan götürülməsini, öz həyətlərindən çıxarıb əkdikləri qoz qələmini çıxarmalarını bildirsə də, bunun heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də o göstərilən tələblə Quba Rayon Məhkəməsinə müraciət etmişdir. İşin məhkəmədə araşdırması zamanı məhkəməyə təqdim etdiyi Quba rayonu Zərqava Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 14 nömrəli məktubundan görünür ki, Zərqava kənd sakini X8 2022-ci ildə Zərqava kənd sakini X4 ev tikmək üçün 0.14 ha həyətyanı torpaq sahəsi almışdır. İltifat həmin torpaq sahəsini aldığı müddətə qədər bu sahənin qarşısında heç bir stol, stul, yelləncək və ya ağac olmamışdır. İltifat bu sahəni aldıqdan sonra mişar daşı ilə hasara almış, həmin hasar divarlarının qarşısında darvazalar qoymuşdur. Bundan sonra yolun əks istiqamətində yaşayan qonşusu X20 və onun yoldaşı X2 qaraj qapısının qarşısında stol, stul, irihəcmli yellənçək və ağaclar əkmiş, qaraj qapısının giriş-çıxışını məhdudlaşdırmışlar. Həmin məsələ ilə əlaqədar bir bələdiyyə kimi o və icra nümayəndəsi ilə birlikdə quraşdırdıqları maneələri götürülməsini şifahi, eləcədə rəsmi olaraq xahiş etmişlər. X28 və onun yoldaşı Balaqədəşova Rübayə dediklərinə heç bir məhəl qoymamışlar. Bununla bağlı Quba rayon polis şöbəsinə rəsmi məlumat vermişlər. İşin məhkəmədə araşdırılması zamanı müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti X16 Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Quba rayonu, Zərqava kəndində yerləşən 0.14 ha torpaq sahəsi iddiaçı X5 mülkiyyətindədir. Həmçinin iş materiallarına əlavə edilmiş foto şəkillərlə də, iddiaçının mülkiyyətində olan mübahisəli torpaq sahəsinə və evinə girişin qarşısı cavabdehlər tərəfindən zəbt edilərək yelləncək quraşdırılması, stol və quru ağaclar yerləşdirilməsi öz təsdiqini tapmışdır. Quba Rayon Məhkəməsinin 2(027)-196/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, X16 Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən X5 mülkiyyətində olan Quba rayonu, Zərqava kəndində yerləşən 0.14 ha torpaq sahəsinin qarşısında cavabdehlərin qanunsuz quraşdırdıqları yelləncək, stol, quru ağacların çıxarılması, torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, cavabdehlər X20 və X6 həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir. İddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxt ağacların yarpağı quruduğu üçün qoz qələminin quru olduğunu zənn etmiş və iddia tələbində də quru ağac kimi yazmışdr. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Quba rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Qətnamənin icrası ilə bağlı 16 oktyabr 2024-cü il tarixdə icra tədbiri təşkil edilmiş, Quba rayon İcra və Probasiya şöbəsinin əməkdaşları icra tədbiri keçirmiş, məhkəmə qətnaməsinə uyğun olaraq yelləncək, stol oradan götürülmüş və qoz qələmi çıxarılaraq mənə təhvil verilmişdir. Həmin qoz qələmini öz həyətində əkmişdir. Bundan sonra ARespublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən çağırılmışdır. Ora çağırılma ilə tanış olan zaman öz etirazını qeyd etmişdir. 06 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilən zaman onun məlumatı olmamış, onun iştirakı olmadan protokol tərtib edilmiş, guya onun imtina etməyi qeyd edilmişdir. Həmçinin barəsində tərtib edilmiş protokoldan da göründüyü kimi şikayət edən şəxs X9 olmuşdur. Həmin şəxs isə onunla mübahisəli, ona məxsus torpaq sahəsini zəbt edən, onun darvazasının qarşısında yelləncək və stol qoyan, qoz qələmini əkən şəxsdir. Onun onlara qarşı verdiyi iddia tələbi üzrə iddiası təmin olunduqdan sonra, iddianı uduzduğunu görüb belə bir əmələ əl atmışdır. Bundan başqa bu iş üzrə inzibati xəta haqqında protokol tərtib edən və qərar qəbul edən şəxslər də ona qarşı qərəzli olmuşlar, öz qulluq mövqelərindən istifadə edərək belə bir əmələ yol vermişlər. Barəsində tərtib edilmiş inzibati xəta haqqında qərar aşağıda qeyd edəcəyi əsaslara görə qanunsuzdur: Barəsində tərtib edilmiş İXM-nin 253-1.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaranması üçün balaca ölçüsü 4-5 sm olan bir qələm deyil, yaşıllıqların yəni bir neçə qələmin götürülməsi hadisəsi olmalıdır. Göründüyü kimi bir neçə qələm, ağac, kol və s toplu şəkildə olsaydı, yaşıllıqlardan söhbət gedə bilərdi. İş materiallarında olan məhkəmə qətnaməsindən, Quba rayon İcra və Probasiya şöbəsinin aktından da göründüyü kimi, o heç bir ağac və qələmi qanunsuz və icazəsiz çıxarmamışdır. Çıxarılan qələm qanuni və əsaslı, yəni Azərbaycan Respublikasının adından qəbul edilmiş Quba Rayon Məhkəməsinin 2(027)-196/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi əsasında Quba rayon İcra və Probasiya şöbəsinin əməkdaşları tərəfindən icra prosesi ilə həyata keçirilmişdir. Beləliklə göründüyü kimi o heç bir qələm və ya ağac çıxarmadığı halda, barəsində tərtib edilmiş 20 noyabr 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarda inzibati xətanın baş vermə vaxtı göstərilmədən onun yol kənarında olan qoz ağacını çıxararaq köçürdüyünü qeyd etmişlər. O qoz qələminin çıxarmadığını, məhkəmə qətnaməsi əsasında icra prosesinin tərkib hissəsi olduğunu Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarına bildirib, müvafiq sənədləri təqdim etsə də, bunun heç bir nəticəsi olmamışdır. Bundan əlavə ekologiyadan, təbiətdən, botanikadan, ağaclardan azca biliyi olan şəxslər belə bilirlər ki, qoz ağacı çox böyük intensivliklə böyüyən, həm kökə, həm də böyük gövdəyə sahib olan ağaclardandır. Əkilən vaxtdan 6 yaşından etibarən ağac sayılır, növlərinə görə hündürlüyü 4 metr yuxarı olmaqla, kökünün dərinliyi və diametri çox böyük ərazini əhatə edən güclü inkişaf elmiş mil kök sisteminə malikdir. Yəni qoz ağacının xüsusi vasitələr olmadan çıxarılb başqa yerə aparılması mümkün deyildir. Qərarda isə guya onun qoz ağacı çıxardığı qeyd edilmişdir. Beləliklə, heç bir inzibati xəta hadisəsi olmamış, o heç bir inzibati xəta törətməmişdir. Dövlət orqanı bu məsələləri araşdırmaq əvəzinə onunla qərəzli olan şəxsin şikayəti əsasında araşdırmadan qanunsuz qərar qəbul etmiş, nəticədə o stres və əsəb keçirmişdir. Qərarın ləğvi ilə bağlı məhkəməyə şikayət verməyə mərcbur olmuşdur. Bu müddət ərzində o Azərbaycan Respublikası E və TSN-nin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə, şikayətinin yazılması üçün müxtəlif qurumlara getmişdir. Həm stres və əsəb keçirmiş, həm də ziyana düşmüşdür. Bütün bu olanlara görə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları təqsirkardır. Onların bilə-bilə qəsdən onun barəsində inzibati xəta haqqında protokol və qərar qəbul etdikləri üçün xüsusi qərardad qəbul edilərək araşdırılması üçün Quba rayon prokurorluğuna göndərilməlidir. Məhkəmə iclasında X8 ərizəsinin məzmununa uyğun izahat verərək, qonşusunun şikayəti əsasında məsuliyyətə cəlb olunmasının qanunsuz olduğunu qeyd etmiş və bildirmişdir ki, o heç bir inzibati xəta törətməmişdir, heç bir ağac və qələmi qanunsuz və icazəsiz çıxarmamışdır. Çıxarılan qələm məhkəmə qətnaməsi əsasında Quba rayon İcra və Probasiya şöbəsinin əməkdaşları tərəfindən icra prosesi ilə həyata keçirilmişdir. Bu barədə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə getmiş, lakin ona rəisin orda olmadığını, məzuniyyətdə olduğu deyilib. İkinci dəfə getdikdə, artıq barəsində qərar yazıldığı və 1000 manat cərimə olunduğu bildirilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X11 izahatında bildirmişdir ki, X5 yaşıllıqların götürülməsi vərəqi olmadan evinin qarşısında yolun kənarından qoz ağacını çıxararaq köçürdüyü məlum olmuşdur. İ.Cəbrayılov ağacın icra işini yerinə yetirərkən icra məmuru tərəfindən götürüldüyünü iddia edir, lakin hesab edir ki, qanuni baxımdan icra məmurunun buna səlahiyyəti yoxdur. Hər bir halda Quba rayon İcra və Probasiya şöbəsi icra məmurunun belə bir səlahiyyət çərçivəsində, məhkəmə qətnaməsi əsasında icra prosesinin tərkib hissəsi olduğunu təsdiq edən rəsmi sənədi onlara təqdim edilməli idi. Həmin qurumun nümayəndəsi X12 Ə.Hüseynovun izahatı ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət qismən təmin edilməlidir. İş materiallarında olan 20 noyabr 2024-cü il tarixli, MN- ******* saylı qərardan göründüyü kimi, X3 Ekoloji Ekspertiza Agentliyinin müsbət rəyi və yaşıllıqların götürülməsi vərəqi olmadan evinin qarşısında yolun kənarından qoz ağacını çıxararaq köçürdüyü üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsinə əsasən 1000 (min) manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan ərizədən görünür ki, X8 20 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə ərizə təqdim edərək, idarənin əməkdaşları tərəfindən barəsində tərtib olunmuş protokoldan xəbəri olmadığı, onun iştirakı olmadan tərtib olunduğu, qoz ağacını çıxararaq köçürdüyü onun tərəfindən deyil, Quba rayon İcra və Probasiya şöbəsinin əməkdaşları tərəfindən icra prosesi vaxtı həyata keçirilmişdir və ərizənin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-196/2024 saylı qətnaməsinə əsasən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüququların X24 Daşınmaz Əmlakın Döviət Reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli. ********** qeydiyyat nömrəli çıxarışına əsasən X5 mülkiyyətində olan Quba rayonu, Zərqava kəndində yerləşən 0.14 ha torpaq sahəsinin qarşısında cavabdehlərin qanunsuz quraşdırdıqları yellənçək, stol, quru ağaclar çıxarılsın, torpaq sahəsi boşaldılaraq iddiaçıya təhvil verilməsi, cavabdehlər X20 və X6 həmin torpaq sahəsindən çıxarılmaları qət edilmişdir. Quba rayon İcra və Probasiya şöbəsinin 16 oktyabr 2024-cü il tarixli aktından da göründüyü kimi, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-196/2024 saylı qətnaməsinin icra edilməsi ilə əlaqədar, 2 ədəd yelləncək, 1 ədəd stol, 3 ədəd dəmir stul, 3 ədəd taxta stul, 1 ədəd ağac, 9 ədəd taxta tələbkar X1 təhvil verilmiş, ona CM-nin 303-cü maddəsinin tələbləri izah edilmiş və icra işi icra edilmişdir. Aktın doğruluğu imzalarla təsdiq edilmişdir. Quba rayonunun Zərqava bələdiyyəsi tərəfindən verilmiş 22 noyabr 2024-cü il tarixli məlumatına əsasən, Quba rayonunun Zərqava kənd sakini X9 və X14 adlı vətəndaşlar tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə daxil olmuş müraciətdə qeyd olunan X8 həmin kənd sakinidir. İltifat Cəbrayılov həyətyanı torpaq sahəsində qanunsuz olaraq su satılması ilə, kənddaxili və yaxud evinin qarşısında ağac kəsilməsi ilə məşğul olmamışdır. Evininin yaxınlığında yolun kənarında 4 santimetr diametrliyində olan 1 ədəd qoz ağacını, stol- stul, yellənçək və quru ağacları Quba rayon məhkəməsinin qərarı əsasında 16 oktyabr 2024-cü il tarixdə Quba rayon icra və Probasiya şöbəsinin əməkdaşları tərəfindən yığışdırılmışdır. Qeyd: Həmin ağac X8 tərəfindən çıxarılmamışdır. “Yaşıllıqların mühafizəsi haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən, yaşıllıqlar şəhərlərin, digər yaşayış məntəqələrinin və infrastruktur obyektlərinin hüdudları daxilində lazımi ekoloji, mədəni-sağlamlaşdırma, landşaft və məkan görünüşü baxımından əhəmiyyət daşıyan, təbii halda mövcud olan və ya süni yaradılan ağac, kol, gül-çiçək və ot bitkilərinin toplumudur. Meşə Məcəlləsinin 7-ci maddəsi ilə meşə fonduna daxil olmayan yaşıllıqların aşağıdakı növləri fərqləndirilmişdir: - xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar; - xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar; - kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər); - ümumi istifadədə olan yaşıllıqlar (park, meşə-park, bağ, bağça, bulvar ərazisində olan və digər yaşıllıqlar); - məhdud istifadəli yaşıllıqlar (məhəllədaxili, təhsil, tibb, mədəni-məişət, sənaye müəssisələrinin və digər obyektlərin ərazisində olan yaşıllıqlar); - xüsusi təyinatlı yaşıllıqlar (sənaye müəssisələri və kompleksləri ilə yaşayış zonaları arasında, infrastruktur obyektlərinin (magistral dəmir və avtomobil yollarının, enerji kəmərlərinin və obyektlərinin, su kanallarının, digər bu kimi obyektlərin) hüdudlarında salınmış yaşıllıq zolaqları, tingliklər (şitilliklər), küçə yaşıllıqları, mühafizə, sanitariya-mühafizə və digər qoruyucu zonalarda, xatirə kompleksləri (xiyabanlar) və qəbiristanlıqlar ərazisində olan və digər yaşıllıqlar). Respublika ərazisindəki yaşıllıqların (meşə fondu torpaqlarında, xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, habelə xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar və kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə olunan bitkilərdən ibarət olan yaşıllıqlar istisna olmaqla) götürülməsi mexanizmi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası” ilə tənzimlənir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən, yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. Qaydanın 2.2-ci bəndində yaşıllıqların götürülməsinin yol verildiyi hallar müəyyən edilmişdir. Həmin Qaydanın 2.4-cü bəndinə görə, fiziki və hüquqi şəxslər bu Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər. Yaşıllıqların götürülməsinə dair ərizə müvafiq mərkəzi icra hakimiyyəti orqanında, yerli icra hakimiyyəti orqanında və ya bələdiyyədə qeydiyyata alınır, 2 (iki) təqvim günü ərzində həmin qurum tərəfindən təqdim olunmuş sənədlər yoxlanılır və imtinaya əsas olmadığı təqdirdə, yaşıllıqların götürülməsinə dair rəyin alınması üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunur (“Yaşıllıqların götürülməsi Qaydası”nın 2.7-ci bəndi). Qaydanın 3.1 və 3.2-ci bəndlərinə görə isə bu Qaydanın 2.7-ci bəndinə uyğun olaraq yaşıllıqların götürülməsinə dair istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin müraciəti Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində qeydiyyata alınır və 3 (üç) təqvim günü müddətində onun yerli qurumları tərəfindən təqdim olunmuş sənədlər əsasında yaşıllığa yerində baxış keçirilir və müvafiq rəy tərtib edilir. Yaşıllıqların götürülməsinə dair rəydə yaşıllıqların yerinin dəyişdirilməsinin (kökündən çıxarılmasının) və ya bərpa edilməsi şərtilə kəsilməsinin məqsədəuyğunluğu əsaslandırılmalı, götürülən yaşıllıqların növü, sayı, cinsi, yaşı, diametri, hündürlüyü, bioloji vəziyyəti və gül-çiçək və ot bitkilərinin sahəsi barədə məlumatlar əks olunmalı, həmçinin rəydə müvafiq şərtlər (aqrotexniki, mövsümi, vegetativ və s.) nəzərə alınmaqla işlərin icra müddəti müəyyənləşdirilməlidir. İş materiallarından görünür ki, qanunvericiliyin qeyd edilən tələblərinə riayət edilmədən ağacın çıxarılaraq köçürüldüyü müəyyən olunsa da, qeyd edilən köçürmənin məhkəmə qətnamə əsasında verilmiş icra sənədinin icrası olaraq edildiyi və icra sənədinin icrasının tələb edilməsi və icra olunmasının icra məmurunun səlahiyyətində olması, beləliklə tələbkarın həmin icra sənədi üzrə icranı həyata keçirmək öhdəliyinin olmaması müəyyən olunmadan inzibati xəta üzrə qərar qəbul edimişdir. Məhkəmə, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət qərarın ləğv edilməsi hissəsində təmin olunmalı və inzibati tənbeh haqqında qərar səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması əsası ilə ləğv edilməli və inzibati iş yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 8.1 -ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə həmçinin diqqətə çatdırır ki, İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında 29 noyabr 2024-cü il tarixli Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsinə əsasən 253-1.2-ci maddə yeni redaksiyada verilmişdir : 253-1.2. Müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan və ya nəzərə alınmadan yaşıllıqların götürülməsi barədə qərarın qəbul edilməsinə görə –vəzifəli şəxslər beş min manat miqdarında cərimə edilir.”; Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinin tələbinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması (135.1.1) və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasının müəyyən edilməsi (135.1.6) hallarında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 131, 134.1.4 və 135.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsilə tərtib edilmiş 20.11 2024-cü il tarixli MN ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar