Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-40/2025 04.02.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət X7 Regional Reklam idarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsilə Azərbaycan Respublikası Dövlət X7 Regional Reklam idarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Azərbaycan Respublikasının Dövlət X7 Regional Reklam İdarəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Quba şəhəri, 223-cü Diviziya küçəsində yerləşən “Lider moyka” obyektinin qarşısında həmin obyektə aid xx.xx.2024-cü il tarixində müvafiq icazə olmadan açıq məkanda qanunsuz reklam yayımı aşkar edilmişdir. Bununla bağlı X8 İdarəsinin aparıcı müfəttişi X4 tərəfindən Şəxs barəsində 08 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət X7 Regional Reklam idarəsinin nümayəndəsi X2 izahatında bildirmişdir ki, Samir İskəndərov müvafiq icazə almadan “Aşk Çiçəyi” adlı obyektin fasadında açıq məkanda qanunsuz vinil reklam yayımı aşkar edilmişdi. Qeyd etmişdir ki, “Reklam qurğularına Texniki Tələblər”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 dekabr 2016-cı il tarixli, 499 nömrəli qərarına əsasən, vinil binaların qapı və pəncərələrinə üzərinə vurulan polimer tərkibli yapışqan reklam daşıyıcısıdır. xx.xx.2024-cü il tarixdə bu barədə akt tərtib edilmiş, qeyd olunan qanun pozuntularının 5 gün ərzində aradan qaldırılması, açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün Reklam İdarəsinə müraciət olunması barədə rəsmi məllumat verilmişdir. Buna baxmayaraq onun tərəfindən heç bir müsbət addım atılmamış, sənədləşmənin aparılmasını təmin etməmişdir. Başqa izahı və əlavəsi yoxdur, məhkəmənin təxirə salınmasına etiraz etməmişdir. Növbəti məhkəmə iclasında X8 idarəsinin nümayəndəsi X5 eyni məzmunlu izahat verərək, S.İskəndərov barəsinda qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, o dörd ildir mağazada fəaliyyət göstərir və hər altı aydan bir də müqavilə bağlayıb “Aşk Çiçəyi” yazısı üçün pulunu ödəyir. Bu dörd ildə heç kim ona vinil barədə məlumat verməyib və ya reklam daşıyıcısı olması barədə deyilməyib. Bu barədə yalnız ona xx.xx.2024-cü il tarixdə agentliyin işçisi Qiyas müəllim tərəfindən zəng olunub. Sonra vinil sökülsə də, agentlik daha əvvəl inzibati xətanın baş verdiyini qeyd etmişdir. Əgər “Aşk Çiçəyi” yazısı ordan götürülsə, heç kim oranın gül mağazası olduğunu bilməyəcəkdir. Ona görə də barəsində tərtib edilmiş protokolun əsassız olduğunu və inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə tərtib edilmiş aktdan göründüyü kimi, ünvan 1 ünvanında “Lider moyka” adlı obyektin qarşısında qanunsuz, üzərində müvafiq icazə olmadan, müvafiq haqq ödənilmədən, qanunla qadağan edilməsinə baxmayaraq yayımlanmış 2 ədəd 3.7 m2 ölçüdə reklam aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Lider moyka” adlı” obyektin sahibi Şəxs ünvanlanmış göstərişdən göründüyü kimi, Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsi tərəfindən "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun tələbləri pozularaq müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirildiyi aşkar edildiyi və bu barədə xx.xx.2024cü il tarixli Akt tərtib edildiyi, "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsini və Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası"nın 3-cü bəndini rəhbər tutaraq qeyd olunan qanun pozuntularının 5 gün ərzində aradan qaldırılması tələb edildiyi, icrası məcburi olan göstərişi aldığı vaxtdan 5 gün ərzində açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün X8 İdarəsinə müraciət etməyi və ya icazəsiz reklam yayımını dayandırmağı tələb olunmuş, əks təqdirdə, müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsinə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi üçün pozuntuların aradan qaldırılması ilə bağlı müəyyən edilmiş müddətin başa çatdığı tarixdən 1 iş günü ərzində barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi barədə məlumat göndərilmişdir. Həmin göstərişin göndərilməsini təsdiq edən xəbərnamənin surətindən göründüyü kimi, məktubun xx.xx.2024-cü il tarixində “qızı”na imza edilməklə verildiyi qeyd edilmişdir. Məhkəmə təqdim edilmiş iş materiallarını tədqiq edərək və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki,“Reklam haqqında” qanunun 26.1-ci maddəsinin tələbinə görə reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Həmin Qanunun 26.2-ci maddəsinin tələbinə görə açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. Qeyd edilən Qanunun 26.8-ci nmaddəsinə əsasən birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye parklarına, sənaye məhəllələrinə və aqroparklara münasibətdə isə hər birinin ümumi ölçüsü 20 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. İnzibati materiala əlavə edilmiş fotolarda “Lider moyka” adlı obyektin qarşısında 2 ədəd reklam aşkar edilməsi qeyd edilsə də, 3.7 m2 ölçünün ayrı-ayrılıqda hansı reklama hansı həcmdə olması qeyd edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs müvafiq qanun pozuntularının aradan qaldırılması barədə xəbərdarlıq edilməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli göstəriş Şəxs tərəfindən şəxsən qəbul edilməmişdir. Bundan başqa, inzibati xəta haqqında protokol tərib olunarkən Şəxs iştirakı təmin olunmamışdır. Habelə, İnzibati xəta haqqında protokolda müvafiq icazə olmadan açıq məkanda qanunsuz reklam yayımı aşkar edilməsi qeyd edilsə də, İXM-nin 428.7.2-ci (“Reklam haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının tələblərinə cavab verməyən reklamın açıq məkanda yerləşdirilməsinə) maddə ilə deyil, 428.7.3-cü (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə) protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən inzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibatidelikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən əməilində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105.1 və 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-40/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-40/2025
04.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver