Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-407/2021 01.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Quba rayonunda anadan olmuş, Quba rayonu, Rustov kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs 05 fevral 2021-ci il tarixdə, saat 11 radələrində idarə etdiyi VAZ-2106 markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Quba rayon 2-ci Nügədi kəndi ilə Rustov kəndi istiqamətinə doğru hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinin tələblərini pozaraq, yolun sol tərəfindən sağ tərəfinə hərəkət edən piyada X1 avtomaşının qarşı tərfi ilə vuraraq yerə yıxmış və sonuncu sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, 05.02.2021-ci il tarixdə etibarnamə ilə idarə etdiyi VAZ 2106 markalı avtomaşını spirtli içki içmədən ayıq vəziyyətdə idarə etmiş, Quba-Rustov yolunun 2-ci Nügədi kəndi ərazisindən keçən hissədə qəflətən qarşısına azyaşlı oğlan uşağı çıxmış, həmin vaxt piyada avtomobilə toxunaraq yerə yıxılmış, özü avtomobildən düşərək, uşağı avtomobilin oturacağına əyləşdirib, Quba RMX-na aparmış, həmin vaxt uşağı valideynləri də onunla birlikdə olmuşlar. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini və onun inzibati məsuliyyətdən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan Quba RPŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi barədə 15 fevral 2021-ci il qərarından görünür ki, Şəxs barəsində cinayət işinin başlnması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respubliaksının İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan İXP-3905920 saylı protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 18.04.2021-ci tarixdə X2 protokol tərtib olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, hazırkı inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İş materiallarından göründüyü kimi, Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə Quba rayon Polis Şöbəsinin TQ-nın təhqiqatçısının qərarı 15 fevral 2021-ci il tarixdə çıxarılmışdır. Qanunvericiliyin tələbinə əsasən həmin qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək, yəni 15 may 2021-ci il tarixədək inzibati tənbeh verilməsi üçün aidiyyatı üzrə göndərilməli olduğu halda, həmin müddət ötürülmüş inzibati xəta haqqında protokol məhkəməyə 16.05.2021-ci il tarixdə göndərilmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində nəzərdə tutulmuş müddət ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini həll edir. Beləliklə məhkəmə edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinə əsasən xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 32, 33, 114, 115, 117ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-407/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-407/2021
01.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver