Məhkəmə qərarları › İş №3(027)-417/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-417/2025

02.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-417/2025 02.06.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə, Şikayət verən X3 iştirakı ilə Azərbaycan Respublikası Quba RPŞ DYPB-nin TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : X2 Rayon Məhkəməsinə müraciət edərək, Quba rayon PŞ DYPB-nin tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP TP ******* nömrəli qərarı ləğv edilməsi, barəsindəki inzibati xəta üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə “Opel Astra” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı özünə məxsus avtomobillə Quba şəhəri, Heydər Əliyev prospekti ərazsində hərəkətdə olan zaman Quba rayon PŞ DYPB-nin polis mayoru X4 tərəfindən saxlanılmış və barəsində nin İnzibati Xətalar Məcəlləsinin 342.5 və 333.1-ci maddələrinin tələblərini pozduğuna görə xx.xx.2025-ci il tarixli TP TP ******* nömrəli qərar qəbul edilmişdir. Həmin vaxt o, içkili olmamışdır. İçkili olmaması ilə bağlı həkim müayinəsindən keçmiş və bununla əlaqədar arayış almışdır. Məhkəmə iclasında şikayət verən X5 ərizənin məzmununa uyğun izahat vermiş və qərarın ləğv edilməsini xahiş etmişdir.. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən Quba RPŞ DYPB-nə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən oranın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət qismən təmin edilməlidir. İş materiallarında olan DİN DYPB-nin TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5 və 333.1-ci maddələrilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat cərimə cəzası tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 18 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, həmin gün X5 oğlunda alkoqol sərxoşluq vəziyyətinin olmadığı və ayıq vəziyyətdə olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə –dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə bununla bağlı qeyd edir ki, AR İXM-nin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilən Məcəllənin 81.1-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır, habelə 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 №-li qərarının 2.3-cü bəndinə əsasən alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. Həmin qərarın 2.7-ci bəndinə əsasən Nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Təqdim edilmiş inzibati araşdırma görüntülərində X1 içki içdiyini etiraf edir və xüsusi texniki vasitə ilə yoxlanılmasına etiraz etmir. Habelə, məhkəmə hesab edir ki, inzibati xəta aşkara çıxarıldıqdan 1 gün sonra X5 öz təşəbbüsü ilə Quba Rayon Mərkəz Xəstəxanasında müayinə olunmasını əsaslandıra bilməmişdir və həmin müddətdə alkoqolun konsentrasiyasının azalması istisna olunmur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-nin İnzibati Xətalar Məcəlləsinin 342.5 və 333.1-ci maddələrinə əsasən tərtib edilmiş TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli elektron qərar faktiki əsaslar olmaqla prosessual tələblərə riayət edilməklə qəbul edilmiş, habelə nəzərdə tutulmuş müddətdə müvafiq icra hakimiyyəti orqanlarının informasiya sisteminə göndərilmişdir. Beləliklə də, İnzibati Xətalar Məcəlləsinin 342.5 və 333-1.1-ci maddələrinə əsasən tərtib edilmiş TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli elektron qərarın ləğv edilməsi üçün əsas olmadığından, X3 şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 131-134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-nin İnzibati Xətalar Məcəlləsinin 342.5 və 333.1-ci maddələrilə inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi barədə X3 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar