Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-422/2025 20.06.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə X2 Azərbaycan Respublikasının DİN BDYPİ-nin xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X3 məhkəməyə müraciət edərək, əsassız olduğuna görə DİN BDYPİ-nin xx.xx.2023cü il tarixli, TP ******* nömrəli qərarı ləğv edilməklə barəsində olan inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 24 aprel 2023-cü il tarixdə təxminən saat 18 radələrində etibarnamə əsasında idarə etdiyi HOVO YÜK markalı ** KM *** dövlət qeydiyyat nişanlı avtomaşına çınqıldan ibarət olan yükü Quba rayonunun Qaraçay ərazisindən yükləyib Bakı şəhərinə aparırdı. Yükü ünvanına aparmamışdan əvvəl Qaraçayda 5 saylı Yol İstismarı MMC-nin tərəzisində ölçmüşdür ki, norma pozuntusuna yol verilməsin. Ümumi çəki avtomaşınla birlikdə 32150 kiloqram gəlmiş, yəni yol verilən çəkini aşmamış və buna görə Quba 5 saylı Yol İstismarı MMC tərəfindən yükün aparılmasına icazə verilmişdir. Yüklə yolda olduğu zaman Şabran rayonunun Gəndob kəndindən keçən hissədə şosse yolda quraşdırılmış elektron tərəzidə çəkilərkən, güya avtomaşınında normadan artıq yük olmasına görə avtomaşını DYP əməkdaşı tərəfindən saxlanılmışdır. O, etiraz edib bu barədə tərəzinin qeydə aldığı çəki sənədini yol polisi əməkdaşından istəmiş, lakin ona heç bir sənəd təqdim edilməmişdir. Tərəzi avtomaşının 4 oxlu olmasına baxmayaraq, səhvən 3 oxlu olmasını göstərmişdir. Bundan sonra inzibati xəta törətməyi və cərimə olunmağı barədə ona nə poçtla, nə də elektron qaydada heç bir məlumat daxil olmamış, barəsində protokol tərtib olunması və cərimə olunmağından 24 iyun 2023-cü il tarixdən hazıra kimi xəbəri olmamışdır. Yalnız 14 may 2025-ci il tarixdə sürücülük vəsiqəsini dəyişməyi ilə əlaqədar cərimə olunub-olunmamasını yoxlatdırarkən ona məlum olmuşdur ki, barəsində AR İXM-nin 353.2-ci maddəsi ilə yol polisi tərəfindən protokol tərtib olunmuş və 600 manat məbləğində cərimə olunmuşdur, üzərinə cəriməni vaxtında ödəmədiyinə görə 360 manat dəbbə pulu da gəlmişdir. Bu xəbər ona gözlənilməz olmuşdur. Buna görə 14 may 2025-ci il tarixdə Quba rayon PŞ-nin DYPB-nə gedib barəsində tərtib olunmuş inzibati xəta üzrə qərarın surətini almış və Quba rayon Məhkəməsinə şikayət etmək qərarına gəlmişdir. DİN BDYPİ-nin barəsində qəbul etdiyi həmin qərarı əsassız hesab edir. Belə ki, o, qeyd olunan yol hərəkət qaydasını pozmamış, qərarda adına yazılan bu pozuntu düzgün göstərilməmişdir. Çünki həmişə olduğu kimi yüklə yola düşməmişdən əvvəl avtomaşının yüklə birlikdə çəkisi Quba 5 № li Yol İstismarı MMC-nin tərəzisində çəkilmiş və norma daxilində olmuşdur ki, bu barədə xx.xx.2023-cü il tarixi, 88211 №-li qəbz də mövcuddur. İkincisi, şosse yolda quraşdırılmış elektron tərəzi avtomaşının 4 oxlu olmasına baxmayaraq, səhvən 3 oxlu olmasını göstərmişdi. Oxların sayı yük normasının müəyyən olunmasında mühüm əhəmiyyət kəsb edir. Buna görə elektron tərəzinin göstəricisi qeyri- obyektiv olduğundan sübüt kimi qəbul edilə bilməz. Eyni qaydada əvvəllər də dəfələrlə həmin avtomaşınla Qaraçaydan Bakı şəhərinə yük daşımış, amma bir dəfə də olsun belə pozuntu qeydə alınmamışdır. Onlar yük daşıyan sürücülər yükdaşımada çəki artıqlığına yol verilməsinin nə dərəcədə ciddi pozuntu olmasını və yüksək cərimə nəzərdə tutulduğunu yaxşı bilir, ona görə də həmişə yüklə yola çıxmamışdan qabaq çəkini ölçürlər. Ona görə də DİN BDYPİ-nin xx.xx.2023-cü ci il tarixli, TP ******* №-li qərarını əsassız hesab edir, ona görə də qərar ləğv edilməlidir Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, X3 və Azərbaycan Respublikası DİN BDYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə təxirə salmaq barədə onlardan hər hansı vəsatət daxil olmamışdır. Ona görə də, məhkəmə, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən hazırki şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən 600 (altı yüz) manat cərimə edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 52-ci bəndinə görə iriqabaritli nəqliyyat vasitəsi - ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları üçün müəyyən edilmiş qabarit parametr hədlərini aşan yüklü və ya yüksüz nəqliyyat vasitəsidir. Həmin Qanunun 57-ci maddəsinin 1-ci bəndinə əsasən daşınan yükün kütləsi və yüklərin oxlar üzrə paylanması istehsalçı müəssisənin həmin nəqliyyat vasitəsinin növü üçün müəyyən etdiyi kəmiyyətlərdən artıq olmamalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM 353.2-ci maddəsinə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 127-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar hərəkətdə olan nəqliyyat vasitəsinin çəki və kütlə parametrlərini ölçən və yol örtüyünün altında yerləşən xüsusi texniki vasitələrin (elektron tərəzilərin) məlumatları əsasında bu Məcəllənin 122.1ci maddəsində nəzərdə tutulmuş qaydada çıxarılır. Bütün elektron tərəzilər müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir. Həmin Məcəllənin 127-1.5-ci maddəsinə əsasən saxlanılmış nəqliyyat vasitəsinin çəki və kütlə parametrləri nəzarət məntəqəsində quraşdırılmış xüsusi texniki vasitələrlə saxlanılmış nəqliyyat vasitəsini idarə edən şəxsin iştirakı ilə müvafiq icra hakimiyyəti orqanının və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun əməkdaşları tərəfindən ölçülür və məlumatlar real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə ötürülür. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nın, “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri”nin və “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 iyul 2009-cu il tarixli 104 saylı qərarına əsasən Nəqliyyat vasitəsinin icazə verilən ümumi kütləsi (çəkisi) 2 nömrəli cədvəllə müəyyən edilmiş hədləri aşmamalıdır: Dördoxlu, iki oxu aparıcı olan, hər biri iki cüt təkərdən ibarət olan hava və ya ona ekvivalent asqıya malik olan avtomobilə icazə verilən ümumi kütlə 32 ton nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. X1 şikayətində HOVO YÜK markalı, ** KM *** dövlət qeydiyyat nişanlı avtomaşının 4 oxlu olmasına baxmayaraq, səhvən 3 oxlu olmasının göstərildiyini qeyd etsə, də “HOVO” yük markalı avtomaşının 3 və ya 4 oxlu olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlandırılsa da heç bir üzrlü səbəb olmadan məhkəmə iclaslarında iştirak etməmişdir. Şərh edilənlərə əsasən, məhkəmə X2 barəsində Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam veriməsi barədə şikayətin təmin olunmamasını qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 131-134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 Azərbaycan Respublikasının DİN BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsilə inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №3(027)-422/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-422/2025
20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver