Məhkəmə qərarları › İş №3(027)-441/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-441/2025

11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-441/2025 11.06.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmraslan Arif oğlunun katibliyi, Şikayət verən X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28006859 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X2 məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası DİN BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsinə əsasən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28006859 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mülkiyyətində “HYUNDAİ TG MİNİK” markalı **-VN-*** dövlət nömrə nişanlı minik avtomobili vardır. O 20 may tarixində portala ödəniş edən zaman İXM-nin 328.3cü maddəsinin tələblərinə əsasən - Yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 200 manat məbləğində inzibati tənbeh növü tətbiq edilməyi barədə cərimə olunduğunu öyrənmişdi. Həmin qərar qanunsuz və ədalətsiz olmaqla qəbul edilmişdir. Belə ki, qeyd edir ki, Baş Dövlət Yol Polis İdarəsinin Bakı-Quba-Rusiya yolu 165 km-də onun avtomobilinin gizli çəkilmiş fotoşəkillərini təqdim edərək həmin istiqamətdə hərəkət edərkən guya surət həddini aşdığını sübut kimi təqdim edərək barəsində EQ-28006859 nömrəli elektron Qərar çıxarmışlar. Lakin o həmin istiqamətdə hərəkət edərkən sürət həddini aşmamış və heç bir inzibati xəta törətməmişdir və barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək qeyd edilən cərimə silinməlidir. Ona görə də pozulmuş hüquqlarımın bərpa edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında X2 ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, həmin ərazidə elektron radar xidməti qurulmamış, onun avtomobilinin görüntüləri E-patrol xidməti tərəfindən görünə bilinməyəcəyi məsafədən çəkilmişdir. Bu cür halların qaydalara zidd olduğunu və barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən Azərbaycan Respublikası DİN DİN BDYPİ-nə və Quba RPŞ-nə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən oranın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, inzibati tənbeh vermə haqqında qərardan şikayət qismən təmin olunmalı və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN BDYPİ-nə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 328.3-cü maddəsinə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə-iki yüz manat məbləğində cərimə edilir. İş materiallarında olan inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, EQ 28006859 saylı elektron qərarın surətindən görünür ki, X2 xx.xx.2025-ci il tarixində “HYUNDAİ TG MİNİK” markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba-Rusiya yolu 165 km-də hərəkətdə olarkən, yolda müəyyən edilmiş hərəkət sürətini 51 km/saat həddində aşmağa görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat cərimə edilmişdir. İş materiallarına əlavə olunan BD 263400 seriyalı Azərbaycan Respublikası Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsinin surətindən göründüyü kimi, “HYUNDAİ TG MİNİK” markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobil ünvan 1i ünvanında qeydiyytda olan X1 mülkiyyətindədir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin mövcudluğu istisna edilir. Azərbaycan Respublikasının İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Qeyd edilən Məcəllənin 122.3.1-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) inzibati tənbeh vermə haqqında elektron qərarda göstərilməlidir. Azərbaycan Respublikası İXM-nin 8.1 -ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə belə qənaətə gəlir ki, “HYUNDAİ TG MİNİK” markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilin nəzərdə tutulmuş sürət həddi tələbinə riayət etməməsilə bağlı inzibati xəta üzrə sübut kimi müəyyən olunan xüsusi texniki vasitələrlə əldə edilən məlumatlarda nəqliyyat vasitəsinin sürücüsünün məhz X1 olduğu, inzibati tənbehin onun və ya kənar şəxs tərəfindən törədildiyini əks etdirəcək məlumatlar müəyyən edilməmişdir. Səlahiyyətli orqan tərəfindən mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmaqla inzibati xətanı törədən şəxsin müəyyən edilməsi mümükünlüyü üzrə nəticəyə gəlinə biləcəyindən, şikayət icraata xitam verilməsi hissəsində təmin edilməməli, beləliklə də, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərar ləğv edilməli və inzibati xəta haqqında işin yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nın 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1 -ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinin tələbinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması (135.1.1) və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasının müəyyən edilməsi (135.1.6) hallarında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 131, 134.1.4 və 135.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28006859 saylı qərarı ləğv edilsin və və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN BDYPİ-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar