Məhkəmə qərarları › İş №3(027)-453/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-453/2025

13.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-453/2025 13.06.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs X1, İnzibati xəta haqqında qərardan şikayət verən X2 iştirakları ilə X4 barəsində Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-nin İnzibati Xətalar Məcəlləsinin 329.1 və 332.2-ci maddələri ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X4 məhkəməyə müraciət edərək, barəsində Quba rayonu Yol Patrul Xidməti əməkdaşı tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 2025-ci il 25 may tarixində saat 00:31 radələrində Quba rayonu, Amsar kəndi ərazisində Quba rayon X7 əməkdaşı tərəfindən onun “Vaz 21061” markalı **-BP-*** Qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etməsi göstərilmişdir. Qeyd edilən inzibati qərarla razı deyil və bildirir ki, bu qərar hüquqi baxımdan əsassız və sübutsuz şəkildə qəbul edilmişdir. Hadisə zamanı o, nəqliyyat vasitəsini idarə etməmişdir, yəni avtomobil hərəkətdə olmamışdır. O, sadəcə olaraq avtomobilin içində sükan arxasında hərəkətsiz vəziyyətdə oturmuşdur. Barəsində tərtib edilmiş protokol kağız daşıyıcıda ona təqdim olunmamışdır. Qərarın surətini sonradan yalnız elektron qaydada əldə etmişdir. Protokolda qeyd edilən inzibati xətanın sübuta yetirilməsi üçün maddi sübutlar məsələn (videogörüntü və ya şahid ifadəsi) təqdim edilməmişdir. Mövcud olub-olmadığı barədə məlumatı yoxdur. Onun barəsində tətbiq edilmiş inzibati tənbeh qərarı hüquqa və fakta ziddir. Məhkəmə iclasında X4 izahat verərək şikayət ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, onun avtomobili işlək vəziyyətə gətirməsinə səbəb nəqliyyat vasitəsinin hansı qaydada çalışmasını öyrənmək olmuşdur. Avtomobili idarə etmək niyyəti olmamışdır. Xalası oğlu ona avtomobil hansı formada işlək vəziyyətə gətirilir onu öyrədirdi. Məhkəmə iclasında Quba RPŞ-nin YPX-nin əməkdaşı X3 bildirmişdir ki, X8 rayonunda yerləşən “Cənnət bağı” istirahət mərkəzi istiqamətində dayanmış avtomobili hərəkətə gətirmək istəmiş, lakin onu sürməmişdir. Ona yaxınlaşan zaman sürücülük hüququnun olmadığını müəyyən etmişdir. Ona görə də, barəsində protokol tərtib etmişdir. Qeyd olunanlara əsasən şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərardan X4 tərəfindən verilmiş şikayət təmin olunmalı və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan DİN Quba RPŞ DYPB-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1 və 332.2-ci maddələri ilə nəzərədə tutulmuş inzibati xəta törətmişdir və barəsində 200 manat məbləğində cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 1-ci bəndinə əsasən: yollarda yol hərəkətinin qaydaları və şəraiti barədə müəyyən məlumat saxlayan və yol hərəkətini nizamlayan əsas vasitələrdən biri yol nişanlarıdır (4 saylı Əlavə). Qeyd edilən Qanunun İİ-ci bəndinə əsasən yol nişanları 7 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumat (lövhəciklər). Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X4 VAZ 21061 Minik markalı, 27BP093 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etməmiş, sadəcə olaraq onu işlək vəziyyətə gətirmişdir. Qeyd edilən hal məhkəmə iclasında iştirak edən Quba RPŞ-nin YPX-nin əməkdaşı tərəfindən də təsdiqlənmişdir. Belə ki, Azərbaycan Respublikası İXM 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə - qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-iki yüz manat məbləğində cərimə edilir. Maddənin məzmunundan da müəyyən edildiyi kimi inzibati tənbehin tətbiq edilməsinə əsas nəqliyyat vasitəsinin müvafiq pozuntularla idarə edilməsidir. Məhkəmə iclasında iştirak etmiş protokolu tərtib edən şəxs protokolu tərtib etməsinə səbəb olan görüntüləri məhkəməyə təqdim etmişdir. Bu zaman X4 tərəfindən “Vaz 21061” markalı **-BP-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hərəkətə gətirilərək idarə edilməsi halı müəyyən olunmamışdır. Azərbaycan Respublikasının İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinin tələbinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması (135.1.1) və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasının müəyyən edilməsi (135.1.6) hallarında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İXM-nin 329.1 və 332.2-ci maddələrində nəzərdə tutulan inzibati xəta ilə bağlı icraat üzrə barəsində şikayət verilmiş qərar ləğv edilməli və X2 əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 105.1, 131, 134.1.4 və 135.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1 və 332.2-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilsin və X2 əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar