Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-457/2021 09.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxxxx 1997-ci il tarixdə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan (X3 xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba Rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Şəxs qanunsuz olaraq narkotik vasitə olan marixuananı üzərində gəzdirərək inzibati xətanı törətmişdir. Bununla bağlı Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4 tərəfindən Şəxs barəsində 09 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, o, 05 iyun 2021-ci il tarixdə, axşam vaxtı tanışı X6 ilə birlikdə idarə etdiyi, öz adına olan “X12” markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonuna istirahətə gəlmişlər və gecə “Alma bağı” restoranında qalmışlar. 06 iyun 2021-ci il tarixdə günorta vaxtı restorandan çıxıb Qəçrəş meşəsi istiqamətinə yola düşmüşlər ki, orada olan “Aynur” restoranında nahar edib Bakı şəhərinə getsinlər. Axşam vaxtı pivə içdiyi üçün spirtli içkinin təsiri qalmışdır. Qəçrəş kəndi istiqamətində hərəkətdə olduğu zaman təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə YPX avtomobili onu saxlatmışdır və sənədlərini istədiyi zaman sərxoşluq halı müşahidə edib sərxoşluğunu alkotestrlə yoxlamışdır. Onda sərxoşluq çıxdığından avtomobilini cərimə meydançasına gətirmişlər. Avtomobilində olan əşyalara baxış aktı yazmaq istədikdə yük yerində saxladığı kağız qutunun içində iki ədəd marixuana narkotik vasitəsinin bükümünü görən polis əməkdaşı ondan içində nə olduğunu soruşmuşdur, demişdir ki, marixuanadır, çəkənidir, özü çəkməsi üçün avtomobildə gəzdirir. Bundan sonra oraya vəkil və başqa polislər də çağırıb kamera ilə baxış keçirib həmin iki bükümü götürüb tərəzidə çəkərək zərfə qoyub möhürləmişlər. Həmin iki büküm bir yerdə 0,6 qram gəlmişdir. Bundan sonra avtomobilinin salonundakı qoltuqaltı bardan 05 ədəd tramadol dərman həbi aşkar etmişlər. Həmin dərmanlar da özünündür, ağrıkəsici kimi istifadə edir. Həmin dərmanlar da zərfə qoyulub möhürlənmişdir. Başqa heç nə aşkar edilməmişdir. X1 bu narkotik vasitə və dərmanlardan xəbəri olmamışdır. Həmin dərmanları və narkotik vasitələri 15 gün bundan əvvəl Masallı rayonu ərazisində yerdən tapmışdır. Satanı deyil, heç kəsə də pay verməmişdir. Əməlindən peşmandır, bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4 göstərilən xüsusatları təsdiq edərək protokolun onun tərəfindən tərtib edildiyini bildirdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, iş materiallarında olan Quba rayon RPŞ-nin TQ-nun təhqiqatçısı, polis baş leytenantı X5 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 09 iyun 2021-ci il tarixli qərardan görünür ki, Şəxs qanunsuz olaraq narkotik vasitə olan marixuananı üzərində gəzdirərək inzibati xətanı törətmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati tədbir görülməsi üçün RPŞ-nin İTB-nə göndərilmiş, 01 ədəd zərfdə olan narkotik vasitə-qurudulmuş marixuana və 01 ədəd zərfdə olan 05 ədəd “трамадол 50 мг” dərman həbi maddi sübut kimi tanınaraq saxlanılması üçün Quba RPŞ-nin Təminat Hissəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyun 2021-ci il tarixli, 6/2274 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şəxs aşkar edilmiş...” sözləri yazılmış zərfdəki 1 ədəd üzərində “Трамадол 50 мг” göstəriciləri olan dərman konvolyut kəsiyində 5 ədəd ağgöy rəngli eyni tərkibli dərman kapsullarının əsas təsiredici maddəsi tramadol hidroxloriddir və həmin kapsulların tərkibində tramadol hidroxloridin təsir maddəsinin ümumi miqdarı 0,250 qram təşkil edir. Tramadol 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” daxildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətməsinin təsdiq olunması qənaətinə gəlməklə, inzibati xətanın xarakterini, özünün etirafını, törətdiyi əməlindən səmimi peşmançılıq keçirməsini məsuliyyətini yüngülləşdirən hallar kimi və məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq, hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48- 51-ci, və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinsin, barəsində 500 (beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. İş üzrə maddi sübut olan və Quba rayon Polis şöbəsində saxlanılan 01 ədəd zərfdə olan narkotik vasitə-qurudulmuş marixuana və 01 ədəd zərfdə olan 05 ədəd “трамадол 50 мг” dərman həbi qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-457/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-457/2021
09.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver