Məhkəmə qərarları › İş №3(027)-46/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-46/2023

16.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-46/2023 16.01.2023 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu X2 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1989-cu ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 333.3-cü maddələri ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq m ü ə y y ə n e t d i m: Quba RPŞ-nin DYPB-nin polis əməkdaşı X1 tərəfindən Şəxs barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.1 və 333.3-cü maddələri ilə inzibati xəta haqqında İXP ******* №-li protokol tərtib edilərək, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsindən həmin Məcəllənin 333.1-ci maddəsinə tövsif olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olduğunu və hazırda əməlindən peşmançılıq çəkdiyini bildirmişdir. İş materiallarında olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin alkoqollu içkidən istifadə edib-etməməsinin müəyyən edilməsi ilə bağlı polis əməkdaşının xx.xx.2022-ci il tarixli alkotestr məlumatından görünür ki, Şəxs aşkar olunan alkoqolun miqdarı 0,827 %-dir. Nəqliyyat vasitəsini idarə edənin sərxoşluq vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 29 nömrəli qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları» ilə müəyyən edilir. Belə ki, həmin Qaydaların 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promili və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir göstərən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Barəsində inzibatı xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş üzrə toplanmış sübütlara hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməlidir, həmçinin onun əməli həmin maddələrlə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə və Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılma nəzərdə tutulmuşdur. Hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Şəxs inzibati tənbeh tətbiq edərkən törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıram. İş materialları ilə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1 və 333.1-ci maddələrilə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası İXM-nin 34.3cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 112, 113, 114-115, 117, 125-126, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1 və 333.1-ci maddələrilə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar