Məhkəmə qərarları › İş №3(027)-462/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-462/2025

12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-462/2025 12.06.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1965-ci il tarixdə Quba rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan; Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə tərtib olunan inzibati xəta haqqında protokollar üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Quba Rayon Polis Şöbəsindən daxil olan xx.xx.2025-ci il tarixli MN ******* nömrəli və xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollara əsasən, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 19:00 radələrində Quba şəhəri, 22 məhəllə adlanan ərazidə asfalt örtüyünü yararsız vəziyyətə salmasına qarşı çıxan polisin qanuni tələbinə tabe olmamış, ucadan nalayiq ifadələr işlətmişdir. Bununla bağlı Quba Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 tərəfindən Şəxs barəsində xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokollar tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X3 izahatında bildirdi ki, raport əsasında Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələrinə əsasən protokollar tərtib etmişdir. Özü hadisə yerində olmamışdır. Hadisə ilə bağlı izahatı alınan zaman Şəxs protokolu imzalamaqdan və izahat verməkdən imtina etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 19:00 radələrində Quba şəhəri, 22 məhəllədə yerləşən dükanın qarşısında kiçik talvar düzəltmək üçün asfaltda qazıntı işləri aparmışlar. Polis əməkdaşları ona yaxınlaşmış, kobud danışmağa başlamış və işlərin dayandırmasını tələb etmişlər. O, işi saxlayıb kənarda dayanmışdır. Lakin polis əməkdaşlarının getməməsini görüb yenidən onlara yaxınlaşmış və aralarında mübahisə yaranmışdır. Lakin, o, polis işçilərinə qarşı təhqir edici ifadələr işlətməmişdir. O, polislərə getməsini demişdir. Bu davranışı polis əməkdaşının xoşuna gəlməmiş və onu xidməti maşına oturtmuşlar. Polisin qanuni tələblərinə zidd olan hərəkətlər etmədiyindən həmin protokolla razı olmadığını nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Quba RPŞ-nin DYPB-nin YPX inspektoru X2 bildirdi ki, o, xidmətdə olan zaman Şəxs asfalt örtüyünü dağıdaraq yerə dəmir profillər basdırdığını görüb irad bildirmiş. Şəxs onunla və digər polis əməkdaşları ilə kobud danışaraq söyüş söymüşdür. Şəxs həmin vaxt özünə məxsus obyektin qarşısını təmir etdiyini bildirərək mübahisə yaratmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəkili Vəkil Şəxs barəsində tərtib olunmuş İXH protokol üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2025-ci il tarixli MN ******* nömrəli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(027)-461/2025 və 3(027)- 462/2025 saylı nömrə ilə birləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə protokol tərtib olunmuş şəxs Şəxs polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə görə: 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsirli olmayan hesab edilir. 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Qanun normasının mənasından görünür ki, şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin polis işçisi və hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamasına yönəlməsi və subyektiv tərəfinin elementi kimi özünün əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin bu hərəkətləri qəsdən törətməsi müəyyən olunmalıdır. Bu maddə üzrə məsuliyyətin yaranması üçün zəruri hallardan biri də polis işçisinin tələblərinin qanuni olması, yəni qanunda nəzərdə tutulmasıdır. Məhkəmə iclasında məlum olur ki, Şəxs xırda xuliqanlıq kimi qiymətləndirilən inzibati xəta törətmiş olsa da, polis əməkdaşlarının qanuni tələblərinə qarşı çıxmamışdır. Odur ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı məlum olduğundan həmin hissədə icraata xitam verilməldir. Digər tərəfdən, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması məhkəmədə tədqiq edilmiş sübutlarla tam təsdiqini tapdığından, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə iclasında Şəxs inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran və məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 50 (əlli) manat miqdarında cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025ci il tarixli 141 nömrəli Qərarının 2-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Vəkil sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 02 (iki) iş saatına görə 22 (iyirmi iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 32, 33, 114, 115, 117ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından həmin hissədə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 50 (əlli) manat miqdarında cərimə edilsin. Şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Vəkil hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 02 (iki) iş saatına görə 22 (iyirmi iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar