Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-463/2025 12.06.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Protokol tərtib edən şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Onun müdafiəçisi- Quba rayon Vəkil bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1969-cu ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN: xxxxxxx, evli, fərdi qaydada işləyən, Quba rayonu, A.Hüseynzadə küçəsi, ev 21-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3 və 329.3-cü maddələri ilə Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Daxil olmuş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 23:00 radələrində “Mercedes Benz S350” minik markalı **-NY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 511.1.3 və 329.3-cü maddələrində nəzərdə tutulan inzibati xətaya yol vermişdir. Məhkəmə iclasında protokol tərtib edən şəxs X3 izahatında bildirmişdir ki, Şəxs idarə etdiyi nəqliyyat vasitəsilə hərəkətdə olarkən Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətaya yol verdiyi üçün barəsində protokol tərtib edilmişdir. Belə ki, Şəxs nəqliyyat vasitəsini idarə edərkən narkotik maddələrin təsiri altında olmuşdur. O, həmin zaman polisin saxla əmrinə tabe olmamış, təhlükəli manevrlər etməklə polisin qanuni tələblərini pozaraq avtoxuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə narkotik vasitələri təsiri altında avtomobil idarə etdiyini etiraf edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi X4 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3 və 329.3-cü maddələrinin tələblərini pozmamışdır. Tərtib edilmiş protokol əsassızdır. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq, hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli iş AR İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsilə bağlı hissədə baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Quba rayon PŞ-ə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Qeyd edilən Məcəllənin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə-nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə tərəfindən iş materiallarına əlavə edilmiliş video görüntülərə baxış keçirilmiş və Şəxs idarə etdiyi “Mercedes Benz S350” minik markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasında ifadə olunan hər hansı hərəkətləri müəyyən edilməmişdir. Beləliklə də şəxsin təqsirli hesab olunduğu AR İXM-in 511.1.3-cü maddəsində sadalanan halların heç birinə rast gəlinməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3 və 329.3-cü maddələri ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərədə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə həmçinin hesab edir ki, inzibati xəta haqqında iş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsilə bağlı hissədə baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Quba rayon PŞ-ə göndərilməlidir. Belə ki, AR İXM-in 329.3-cü maddəsinə əsasən İşıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə-otuz manat məbləğində cərimə edilir. “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə baxılması Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin səlahiyyətindədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli qərarına əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53,
105. 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı:
İnzibati xəta hadisəsi olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İnzibati xəta haqqında iş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsilə bağlı hissədə baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Quba rayon PŞ-ə göndərilsin. X4 tərəfindən hüquqlarının dövlət hesabına məhkəmədə müdafiə edilməsinə görə 11 (on bir) manat dövlət büdcəsindən tutularaq Quba rayon Vəkil bürosunun hesabına keçirilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Hakim: Günel Kamilli