Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-464/2024 13.06.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-nin TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : X1 Rayon Məhkəməsinə müraciət edərək, Quba rayon Polis Şöbəsinin barəsində tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin xx.xx.2024 cü il tarixli Qərarına əsasasən 327.2-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində cərimə edilmə haqqında Qərarının ləğv edilib barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mülkiyyətində **-SG-*** dövlət qeydiyyat nişanlı “Renault Megane” markalı avtomaşın vardır. xx.xx.2024-cü il tarixdə idarə etdiyi avtomaşınla Quba şəhəri C.Cabbarlı küçəsində hərəkət edərkən sağa manevr edib 226 Atıcı diviziya küçəsi tərəfə dönmüşdür. Sonradan onun telefonuna smslə məlumat gəlmişdir ki, guya o, qeyd etdiyi istiqamətdə hərəkət edərkən işıqforun və nizamlayıcının qadağanedici işarəsi olduğu halda hərəkəti davam etdirmiş və bununlada AR İXM 327.2-ci maddəsinin nəzərdə tutulan inzibati xətanı törətmişdir və 80 manat cərimə edilmişdir. C.Cabbarlı küçəsində hərəkət edərkən heç bir yolayrıcını keçmə qaydalarını pozmamışdır. Qeyd edilən inzibati xətanı törətmədiyi üçün barəsində tərtibe dilmiş qərarla razılaşmır, qərar ədalətsiz qəbul edilmişdir. O, hadisə yerinin kamerasından çıxarış etmişdir və həmin yerdə olan yol hərəkəti işarəsindən aşkar olur ki, həmin işarə qadağanedici işarə deyil gözləmə işarəsidir və həmin işarəyə uyğun hərəkət etmişdir və AR İXM nin 327.2-ci maddəsinin qaydalarını pozacaq hərəkət törətməmişdir. Məhkəmə iclasında şikayət verən şəxsin nümayəndəsi X2 ərizənin məzmununa uyğun izahat vermiş və qərarın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən DİN Quba RPŞ DYPB-ə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan DİN DYPB-nin TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xəatalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 80 (səksən) manat cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- 80 (səksən) manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 1-ci bəndinə əsasən: yollarda yol hərəkətinin qaydaları və şəraiti barədə müəyyən məlumat saxlayan və yol hərəkətini nizamlayan əsas vasitələrdən biri yol nişanlarıdır (4 saylı Əlavə). Qeyd edilən Qanunun İİ-ci bəndinə əsasən yol nişanları 7 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumat (lövhəciklər). Üstünlük nişanları yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliliyini göstərir. Bu nişanlar nəqliyyat vasitələrinin yollarının kəsişdiyi yerlərdə keçmə ardıcıllığını müəyyən etdiyindən mühüm əhəmiyyət kəsb edir. “Renault Megane” markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobil nizamlanan yolayrıcında hərəkətdə olmuşdur Nizamlanan yolayrıcı — hərəkət növbəliliyi svetoforun və ya nizamlayıcının siqnalları ilə müəyyənləşdirilən yolayrıcıdır. “Renault Megane” markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət etdiyi yolda 2.4 (yol verin) üstünlük nişanı vardır. Nişan ikinci dərəcəli yolda, üstün keçid hüququ olan yola çıxan yerdə quraşdırılır. Bu nişan nizamlanmayan yolayrıclarında yandan gələn nəqliyyat vasitələrinə növündən aslılı olmayaraq yol verməyi tələb edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 40-cı bəndində qeyd olunub ki, üstünlük — nəzərdə tutulan istiqamətdə digər hərəkət iştirakçılarına nisbətən ilk növbədə hərəkət etmək hüququdur “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1-ci bəndinə əsasən eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. Yolayrıclarına çıxan yerlərdə ”Yol verin” nişanı quraşdırıldıqda sürücü yolayrıcına çatana qədər yan yoldan gələn nəqliyyat vasitələrini yaxşı gördüyündən onlara yol vermək tələbi qanunun 1.41 maddəsində göstərilən “Yol vermək” anlayışı ilə tənzimlənir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1.41-ci maddəsinə əsasən yol vermək — sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, hər hansı manevr etməsi başqa nəqliyyat vasitələrinin sürücülərini və piyadaları qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur edə biləcəyi halda, onun hərəkəti davam etdirməməsi və ya yenidən hərəkətə başlamaması, manevr etməməsidir. Təqdim olunmuş sübutlardan və izahatlardan da göründüyü kimi, “Renault Megane” markalı **-SG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü ikinci dərəcəli yolla hərəkətdə olmaqla baş yolla hərəkət edən nəqliyyat vasitəsinə yol verməli olmasına və hərəkəti davam etdirməklə qanunun tələbinə riayət etməməsinə dair xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar sübut kimi qərara əlavə olunmamışdır. Halnuki, Azərbaycan Respublikasının İXM-nin 122.3.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilir. Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinin tələbinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması (135.1.1) və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasının müəyyən edilməsi (135.1.6) hallarında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-nin TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-464/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-464/2024
13.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver