Məhkəmə qərarları › İş №3(027)-469/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-469/2025

30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-469/2025 30.06.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Qərarından şikayət verilən orqan Quba RPŞ-nin YPX-nin inspektoru X1, Şikayət verən X2 iştirakı ilə X2 Azərbaycan Respublikası DİN-nin Quba RPŞ DYPB–nin Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X6 məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş İXP7144806 saylı, xx.xx.2025-ci il tarixli protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 22 may 2025-ci il tarixində, mülkiyyətində olan “MERCEDENS BENZ E220” minik markalı **-RO-*** qeydiyyat nişanlı avtomobillə Quba şəhəri Qırmızı qəsəbə ərazisində Qusar istiqamətində hərəkət edərkən guya, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 (yolayrıcını keçmə qaydalarının pozulması) və 327.3 (nəqliyyat vasitəsinin saxlamaq tələbinin yerinə yetirilməməsi) maddələrinin pozduğuna görə Polis baş serjantı X5 tərəfindən saxlanılaraq ona 100 AZN və 4 cərimə balı tətbiq edilmişdir. 22 may 2025-ci il tarixli İXP7144806 nömrəli protokol ilə razı deyil,həmin protokol və əsasında qəbul edilən qərar əsassızdır və ləğv olunmalıdır. Bu protokol əsassız şəkildə tərtib edilmişdir. Avtomobilində quraşdırılmış videoqeydiyyat cihazının görüntülərində aydın şəkildə görünür ki, o, yolayrıcını qaydalar çərçivəsində və düzgün şəkildə keçmişdir. Həmin yolayrıcında həm Quba-Qusar, həm də Bakı-Qusar istiqamətlərində baş yol nişanları mövcuddur və bu nişanlar arasında ziddiyyət olduğuna görə sürücülərdə çaşqınlıq yaranır. Həmin postun qurulduğu ərazi onun gündəlik istifadə etdiyi yol istiqamətidir və bu yoldan gündə bir neçə dəfə istifadə edir. Yolayrıcının Qusar istiqamətində yerləşən hissəsi xüsusilə dardır, bu isə nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinə mane olur və polisin nəzarət etdiyi yerdə teztez qəza şəraiti yaranır. Buna görə də yolayrıcını daim diqqətlə və qaydalara uyğun keçməyə üstünlük verir. O, bu barədə hadisə yerində xidmət aparan polis əməkdaşı, baş serjant X3 izahat vermiş və yolayrıcını düzgün keçdiyini, avtomobilində videoqeydiyyat cihazının olduğunu bildirdikdən sonra, polis əməkdaşı onun izahatını qəbul etmədi və protokola əlavə olaraq 327.3-cü maddəni də daxil etdi və ona post patrul çağıracağı ilə hədə-qorxu gəlmişdir. Bundan əlavə olaraq bildirirki, polis əməkdaşı ona saxlama barədə göstərişi hadisə baş verən yerdə deyil, təxminən 150-200 metr irəlidə hərəkətdə olduğu zaman vermişdir. Həmin ərazidə ona birbaşa saxlama əmri verilməmişdir və ya o, bu əmri görməmişdir. Polis əməkdaşı arxasınca gəlib təxminən 100-150 metr irəlidə avtomobilini saxlamışdır. Bu isə İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsi ilə mənə irəli sürülən ittihamı əsassız edir, çünki o, nəinki saxlama əmrinə tabe olmamış, əksinə, təhlükəsizliyi nəzərə alaraq avtomobilini münasib və uyğun yerdə saxlamışdır. Avtomobilində quraşdırılmış videoqeydiyyat cihazının görüntülərində həmçinin aydın şəkildə görünür ki, sağ istiqamətdən gələn digər nəqliyyat vasitəsi ona yol vermək məqsədilə dayanır və bu zaman o, hərəkətini qaydalara uyğun şəkildə davam etdirərək sürətini bir qədər artırıb yolayrıcını təhlükəsiz şəkildə keçmişdir. Bu fakt da göstərir ki, o, nəinki yol hərəkəti qaydasını pozmamış, əksinə, digər sürücülərlə qarşılıqlı anlaşma şəraitində hərəkət etmiş və heç bir qəza riski yaratmamışdır. Həmin vaxt hamilə həyat yoldaşını xəstəxanaya aparırdı. Bunu polis əməkdaşına izah etsə də, vəziyyətin təcili və həyati əhəmiyyəti nəzərə alınmadı. Bütün bu hallar göstərir ki, ona qarşı tərtib olunmuş protokol hüquqa, obyektivliyə və ədalət prinsiplərinə ziddir. Məhkəmə iclasında şikayət verən X6 ərizənin məzmununa uyğun izahat vermiş və həmin vaxt hər hansı bir qayda pozuntusuna yol verilmədiyi üçün qərarın ləğv edilməsini xahiş etmişdir. Belə ki, videogörüntülərdən tam olaraq görünməsə də, hər iki yolda baş yol işarəsi vardır. Həmin işarə oradan istifadə edən sürücülərdə çaşqınlıq yaradır. Sağdan gələn sürücü dayanmış, nəticədə o birinci keçmək məcburiyyətində qalmışdır. Polisin avtomobilin saxlanması ilə bağlı göstərişini isə ümumiyyətlə görməmişdir. Sonradan polis onun avtomobilinin arxasında gəldikdən sonra saxlama ilə bağlı göstəriş verilməsi barədə məlumatı olmuşdur. Həmin vaxt qeydə alınmış videogörüntüləri məhkəməyə təqdim etdiyini və həmin görüntülərdən hər şeyin aydın şəkildə göründüyünü bildirmişdir. Məhkəmə iclasında Quba RPŞ-nin YPX-nin inspektoru X5 izahatında bildirmişdir ki, baş yoldan gələn maşını gözləmədiyi üçün X6 barədə İXM-nin 327.2-ci maddəsi ilə TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərar qəbul edilmişdir.Daha sonra ona saxlama ilə bağlı göstəriş verilsə də, həmin vaxt o göstərişi yerinə yetirməmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməməlidir. Belə ki, inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli elektron qərardan çıxarışdan görünür ki, X6 xx.xx.2025-ci il tarixdə “MERCEDENS BENZ E220” minik markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhəri, Qırmızı qəsəbə, Səməd Vurğun küçəsi istiqamətində hərəkətdə olarkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat cərimə edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 2-ci bəndinə əsasən yol nişanları 7 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumat (lövhəciklər). Yolun nişanlanması nəqliyyat axınının qaydaya salınmasına və yolun buraxıcılıq qabiliyyətinin yüksəldilməsinə xidmət edir. Bu nişanlanmalar yol hərəkət qaydalarını müəyyənləşdirir, yolun istiqamətini və ya yol qurğularının ölçülərini bildirir. Yolun nişanlanmasına yolun hərəkət hissəsinə, yolun və yol qurğularının digər elementlərinə çəkilən xətlər, yazılar aiddir. Yolun nişanlanmasının iki forması var: üfüqi və şaquli. Üfüqi nişanlanmaya yolun hərəkət hissəsinə çəkilən xətlər, yazılar aiddir. Nişanlanmaların nömrəsi olur. Nömrədəki 1-ci rəqəm nişanlanmanın qrupunu, 2-ci rəqəm nişanlanmanın qrupdakı sıra nömrəsini, əgər bu nişanlanmadan bir ədəd deyilsə və onlar mənasına görə bir-birinə çox yaxındırsa 3-cü rəqəm nişanlanmanın həmin növünün nömrəsini göstərir Həmin Qanunun 1-ci maddəsinə əsasən baş yol — kəsişən (bitişən) yola nisbətən müvafiq nişanlarla işarələnmiş yol və ya torpaq yola nisbətən bərk örtüyü olan (asfalt və ya sement-beton, daş materialları və s.) yol, yaxud bitişik ərazilərdən çıxışlara nisbətən hər hansı yoldur (ikinci dərəcəli yolda yolayrıcı qarşısında örtüklü sahənin olması, onu əhəmiyyətcə kəsişdiyi yola bərabər etmir); Qanunun 77-ci maddəsinə əsasən eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında nəqliyyat vasitəsinin sürücüsü ilkin olaraq sağdan yaxınlaşan nəqliyyat vasitəsinə yol verməlidir. Məhkəməyə təqdim edilən videogörüntülərə baxış keçirilərkən müəyyən edilmişdir ki, hər iki yolda “baş yol” nişanı mövcuddur. X6 həmin yolların kəsişdiyi yol ayrıcında hərəkət zamanı sağdan gələn sürücüyə üstünlük verməli olduğu halda bu qaydanı pozaraq yoluna davam etmişdir. Şəxs öz izahatında sağdan yaxınlaşan sürücünün dayanmasını əsas gətirməklə, sürətini azaltdığını iddia etsə də, videogörüntüdən müşahidə edilir ki, sağdan yaxınlaşan sürücü, X4 məxsus avtomobilin yoluna davam etdiyini görərək, qısa bir müddət üçün dayanmış, daha sonra öz hərəkətini davam etdirmişdir. Bundan əlavə açıq aydın görünür ki, onun polisin saxlama ilə bağlı tələbini görməməsi üçün hər hansı bir maneə mövcud olmamışdır. Beləliklə də, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM –nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- yüz manat məbləğində cərimə edili. İXM-in 327.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə 100 manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN DYPB-nin xx.xx.2025-ci il tarixli, TP ******* seriyalı qərar hüquqi və faktiki əsaslar olmaqla qəbul edilmiş, habelə nəzərdə tutulmuş müddətdə müvafiq icra hakimiyyəti orqanlarının informasiya sisteminə göndərilmişdir. Beləliklə də, xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokola əsasən tərtib edilmiş həmin tarixli, TP ******* saylı qərarın ləğv edilməsi üçün əsas olmadığından, X2 şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 131-134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar