Məhkəmə qərarları › İş №3(027)-479/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-479/2025

13.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-479/2025 13.06.2025 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Xəlilova Nigar Nemət qızı, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Protokolu tərtib edən şəxs X1, Zərərçəkmiş şəxs X2 qanuni nümayəndəsi Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Quba rayonu, Cək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Quba rayonu, Dəvədabanı yaşayış massivində qeydiyyatda olan və yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba RPŞ-nin polis sahə rəisi, X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci madddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında xx.xx.2025-ci il tarixli, MN 1688470-2498 nörməli protokol tərtib edilərək baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilir ki, Şəxs 22 fevral 2025-ci il tarixdə Quba rayonu Dəvədabani yaşayış massivində azyaşlı övladı X4 döyərək ona dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında iştirak edən Quba RPŞ-nin sahə rəisi X5 protokolda göstərilənləri təsdiq edərək protokolun onun tərəfindən tərtib edildiyini, protokolu raport əsasında tərtib etdiyini bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, Səadət onun həyat yoldaşıdır, 22 fevral 2025-ci il tarixdə uşağı Akişini vurduna görə Səadət ona iradını bildirmiş, o da özünü saxlaya bilməyib onu vurmuşdur. 2-ci Qarabağ müharibəsi iştirakçısıdır. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 bildirmişdir ki, Şəxs onun həyat yoldaşıdır. Dəfələrlə aralarında mübahisələr olmuş, Cabir onu döymüşdür. 22 fevral 2025-ci il tarixdə səhər saatlarında Cabir azyaşlı övladı Akşini yerə yıxmış, başını divara vurmuşdur. Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və protokolu tərtib edən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. İş materiallarında olan Quba RPŞ-nin TB-nin təhqiqatçısı X7 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 15 aprel 2025-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi deyil, AR İXM-nin 157-ci maddəsinin tərkibi vardır. Ona görə də, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti həmin maddə ilə inzibati tədbir görülməsindən ötrü Quba RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarında olan Məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli 220 nömrəli rəyindən görünür ki, X3 bədəni üzərində aşkar olunan xəsarət – başın alın ortada səthi əzilmiş yara küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 22 fevral 2025-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs oğlu 2-ci Qarabağ Müharibəsində iştirak etmiş və “Fizulinin azad olunmasına görə”, “Vətən mübaribəsi iştirakçısı”, Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Göründüyü kimi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini, əməlindən peşman olmasını və 2-ci Qarabağ müharibəsi iştirakçısı olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə almışdır. İş materialları ilə Şəxs oğlunun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs 300 (üç yüz) manat məbləğində cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar