Məhkəmə qərarları › İş №3(027)-483/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-483/2025

18.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-483/2025 18.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsilə Quba rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola və əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Daxil olmuş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs 2023-cü ilin payız ayında qonşusu Zərərçəkmiş şəxs evinin qarşısında əkdiyi 5 ədəd şam ağacını çıxarıb və sonuncuya 75 manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki,onun evinin qarşısında , Zərərçəkmiş şəxs torpaq sahəsinin qabağında orada heç bir şam ağacları görməmişdir və heç bir dənə də ağac çıxarmamışdır. Bundan əlavə onların nəslinə məxsus olan qəbristanlığın ərazisində olan köhnədən kəsilmiş ağacları təxminən 5 il bundan əvvəl ağaclar quruduğu üçün kəsmişdir. Qeyd edilənlərin məhkəmə tərəfindən nəzərə alınmasını və barəsində inzibati təhbeh tədbirinin tətbiq edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə zərərçəkmiş Zərərçəkmiş şəxs və Azərbaycan Respublikası DİN-nin Quba rayon Polis Şöbəsinə lazımı qaydada məlumat verilsə də, Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, PŞ öz nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddələrinə əsasən işə zərərçəkmiş şəxsin, habelə Quba rayon Polis şöbəsinin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materialında olan sənədləri tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan göründüyü kimi, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti onun barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü RPŞ-nin İTB-yə göndərilmişdir. AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlə İdarəsi tərəfindən Quba rayon Polis şöbəsinə ünvanlanmış 31 yanvar 2025-ci il tarixli, Ç-/HM/4425-003 nömrəli məktubla bildirilmişdir ki, Quba rayonu Zərqava kənd sakini Zərərçəkmiş şəxs tərəfindən “Quba rayonu Zərqava kəndində, Zərqava kənd sakini Şəxs tərəfindən yol kənarında əkdiyi həmişəyaşıl 5 ədəd şam ağacını çıxararaq məhv edilməsi barədə” Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olmuş şikayət ərizəsi ilə bağlı İdarənin əməkdaşları tərəfindən sözügedən məsələ ilə əlaqədar araşdırma aparılmışdır. Araşdırma müddətində şikayətçi Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş fotoşəkillərdə köküstə yaş halda olan həmişəyaşıl ağacların fotogörüntüləri əks olunsa da, yerində keçirilən baxış zamanı sözügədən ərazidə ağacların olmadığı müəyyən olunmuşdur. Aparılan araşdırma zamanı şikayətçi Zərərçəkmiş şəxs yazılı izahat verərək Quba rayonu Zərqava kəndində özünə məxsus həyətyanı torpaq sahəsinin qarşısında, kənddaxili yolun kənarında əkdiyi həmişəyaşıl 5 ədəd şam ağacını 2023-cü ilin payız fəsilində Şəxs tərəfindən çıxarıldığını və bununla bağlı polisə zəng etdiyini bildirilmişdir. Eyni zamanda Şəxs yazılı izahat verərək evinin qarşısında, Zərərçəkmiş şəxs məxsus həyətyanı torpaq sahəsinin qabağında heç bir şam ağacını görmədiyini və oradan ağac çıxarmadığını bildirilmişdir. Araşdırma müddətində Quba rayonu Zərqava Bələdiyyəsi 25 dekabr 2024-cü il tarixli 124 saylı məktub təqdim edərək bildirmişdir ki, Zərqava kəndində İltifaq Cəbrayılova məxsus həyətyanı torpaq sahəsinin qarşısında, yolun kənarında həmişəyaşıl ağacların kim və ya kimlər tərəfindən çıxarıldığı barədə Bələdiyyədə heç bir məlumatın olmadığı bildirmişdir. İdarənin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı ağacların kim və ya kimlər tərəfindən götürüldüyünü müəyyən etmək mümkün olmamışdır. Məlumat üçün bildirmişdir ki, sözügedən ərazidən 32 ədəd müxtəlif cinsli ağacların Xaliq Balaqədəşov tərəfindən qanunsuz kəsildiyi müəyyən edilmiş və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, sözügedən 5 ədəd şam ağaclarının məhv edilməsində təqsirkar şəxs və ya şəxsləri müəyyənləşdirərək İdarəyə məlumat verilməsi üçün aidiyyatı üzrə göstəriş verilməsi xahiş edilmişdir. AR Quba rayonu Zərqava Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 124 nömrəli məktubunda qeyd edilmişdir i, Quba rayonu, Zərqava kəndi ərazisində kəndin yaxınlığındakı qəbiristanlığa yaxın məsafədə ağacların kəsildiyi ərazi Zərqava bələdiyyəsinə aid olmaqla Zərqava kənd sakini X1 tərəfindən zəbt olunmuşdur. Sözügedən ərazidə ağacların kim və kimlər tərəfindən və hansı dövrdə kəsilməsi, həmçinin Zərqava kəndində Zərərçəkmiş şəxs məxsus həyətyanı torpaq sahəsinin qarşısında, yolun kənarında olan həmişəyaşıl şam ağaclarının kim və ya kimlər tərəfindən çıxarılaraq məhv edilməsi barədə heç bir məlumatları yoxdur. 30 may 2025-ci il tarixli, MN ******* nömrəli protokola əsasən Şəxs 2023-cü ilin payız ayında qonşusu Zərərçəkmiş şəxs evinin qarşısında əkdiyi 5 ədəd şam ağacını çıxarıb atmış, sonuncuya 75 manat məbləğində maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Qeyd: Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyrihökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən, cinayət işinin başlanılması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanılmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İş materiallarına əlavə edilmiş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanı 2023-cü ildə törətməsi qey edilmişdir. Həmçinin Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsilə inzibati qaydada tədbir görülməsi müəyyən edilmiş “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərar xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən (AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu və s.) şam ağaclarının kim tərəfindən çıxarılmasının müəyyən edilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərədə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərədə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinə nəzərədə tutulmuş müddətlərin başa çatdığını nəzərə alaraq, məhkəmə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 232-1, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 38-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar