Məhkəmə qərarları › İş №3(027)-484/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-484/2025

30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-484/2025 30.06.2025 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Xəlilova Nigar Nemət qızı, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1970-ci il tarixdə Quba rayonu, Zərqova kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı,evli, Quba rayonu, Zərqova kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə baxaraq məhkəmə, müəyyənetdi: Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs 2023-cü ilin aprel ayında bələdiyyə tərəfindən ona qəbristanlıq üçün verilmiş həmkəndlisi Zərərçəkmiş şəxs torpaq sahəsinin ətrafına çəkdiyi məftil torları, torların dəmir borularını çıxarmışdır. Bununla bağlı Quba RPŞ-nin İTB-nın polis sahə rəisi Mətin Kərimov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232- 1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN 1688323- 2347 nömrəli protokol materialla birlikdə baxılması üçün Quba rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xətaya görə özünü təqsirli bilməyərək, iş üzrə qanuni qərar verilməsini xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə barəsində inzibati xəta haqqında iş üzrə Zərərçəkmiş şəxs vaxtında məlumat verilsə də, iş üzrə zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmamışdır. Ona görə də məhkəmə Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddələrinə əsasən hazırki işə zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsində göstərilir ki, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İş materiallarında olan Quba RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı X5 tərəfindən qəbul edilmiş 23 dekabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, 2023-cü ilin aprel ayında Şəxs və X1 bələdiyyəsi tərəfindən Zərərçəkmiş şəxs ailə üzvlərinə 2017-ci ildən qəbristanlıq üçün ayrılmış 0,08 ha torpaq sahəsini ətrafına çəkilmiş məftil torları, torların dəmir borularını və dəmir qapın çıxarıb yararsız hala salmaqla Zərərçəkmiş şəxs 200 manat maddi ziyan vurmuşlar. Qüvvədə olan qanunvericiliyə görə həmin məbləğ özgənin əmlakın qəsdən məhv etmə və ya zədələmə cinayətinin yəni Azərbaycan Respublikas CM-nin 186-cı maddəsinin tərkibini yaratmır. Ona görə də Zərərçəkmiş şəxs məlumatı əsasında toplanmış HK-1/3458 nömrəli material üzrə cinayət işinin başlanılması rədd edilməsi və onlar tapıldıqda barələrində Azərbaycan Respublikası İXM-nin 232-1 maddəsi ilə inzibati tədbir görülməsi üçün Quba RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, hazırkı inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İş materiallarından göründüyü kimi, Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə Quba rayon X6 Bölməsinin təhqiqatçısının qərarı 23 dekabr 2024-cü il tarixdə çıxarılmışdır. Qanunvericiliyin tələbinə əsasən həmin qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək, yəni 23 mart 2025-ci il tarixədək inzibati tənbeh verilməsi üçün aidiyyatı üzrə göndərilməli olduğu halda, həmin müddət ötürülmüş inzibati xəta haqqında protokol xx.xx.2025-ci il tarixdə tərtib edilmiş, məhkəməyə xx.xx.2025-ci il tarixdə göndərilmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində nəzərdə tutulmuş müddət ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini həll edir. Beləliklə hesab edirəm ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinə əsasən xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 32, 33, 114, 115, 117ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar