Məhkəmə qərarları › İş №3(027)-485/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-485/2021

18.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-485/2021 18.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X9 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun iştirakı ilə, xx xxxxx 1994-cü il tarixdə Quba rayonu, Zərdabi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Quba rayonu, Zərdabi qəsəbəsində qeydiyyatda olan və yaşayan (X4 xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba Rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Şəxs oğlu 23.04.2021-ci il tarixində saat 01:00 radələrində Quba rayonunun Zərdabi qəsəbəsində narkotik vasitə olan çətənə bitkisindən alınan “kannabinoid” istifadə etmişdir. Bununla bağlı Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 tərəfindən Şəxs oğlunun barəsində 18 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlu bildirdi ki, 23.04.2021-ci il tarixdə həmkəndlisi Orxan və İlahi adlı şəxslərlə yaşadığı Quba rayon Zərdabi qəsəbəsinin içərisində Orxanın idarə etdiyi avtomaşında oturmuşlar. Həmin vaxt saat 01 radələrində polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib onları narkotik vasitələrdən istifadə etməkdə şübhələnərək üzərinə şəxsi axtarış keçirmişlər. Axtarış zamanı onun üzərindən heç bir narkotik vasitə aşkar edilməsə də, Orxanın avtomobilindən qol qoyulan yerdən siqaret qutusunun içərisindən kibrit qutusuna doldurulmuş yarı kəsik vəziyyətdə olan narkotik vasitə və bir qədər naməlum dərman preparatları aşkar edilmişdir. İlahinin üzərinə baxış keçirilərkən cibindən kibrit qutusuna doldurulmuş yarımçıq narkotik vasitə olan marixuana aşkar edilmişdir. Şəxs oğlu üzərindən narkotik vasitə aşkar edilməsə də ondan istifadə etdiyini bildirmişdir. Əməlindən peşmandır, bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 göstərilən xüsusatları təsdiq edərək protokolun onun tərəfindən tərtib edildiyini bildirdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, iş materiallarında olan Quba RPŞ-nin İB-nin müstəntiqi, polis mayoru X8 tərəfindən qəbul edilmiş inzibati xəta törətmiş şəxslər barəsində inzibati qaydada tədbirin görülməsi haqqında 24 aprel 2021-ci il tarixli qərardan görünür ki, Şəxs oğlunun əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati tədbir görülməsi üçün RPŞ-nin İTB-nə göndərilmişdir. X7 avtomobilindən və X10 oğlunun üzərindən götürülmüş 2 ədəd zərfdə 2,114 qram və 2,285 qram narkotik vasitə olan qurudulmuş marixuana saxlanılması üçün Quba RPŞ-nin Təhcizat xidmətinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və X2 1223/K saylı, 05.05.2021-ci il tarixli ekspert rəyinə əsasən, Şəxs oğlunun qan və sidik nümunələrinin məhkəmə-kimyəvi tədqiqatına əsasən, X3 götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “Kannabinoid” aşkar edilmişdir. Qan və sidik nümunələrinin tərkibində metil, etil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs oğlunun əməlindən peşman olmasını inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə Şəxs oğlunun Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətməsinin təsdiq olunması qənaətinə gəlməklə, inzibati xətanın xarakterini, özünün etirafını, törətdiyi əməlindən səmimi peşmançılıq keçirməsini məsuliyyətini yüngülləşdirən hallar kimi və məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq, hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Şəxs oğlunun barəsində həbs etmənin 18 iyun 2021-ci il tarixdən, saat 15:00-dan hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48- 51-ci, və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 20 (iyirmi) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli 18 iyun 2021-ci il tarixdən, saat 15:00-dan hesablansın. Qərarın icrası Quba Rayon Polis Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan və Quba rayon Polis şöbəsində saxlanılan 2 ədəd zərfdə 2,114 qram və 2,285 qram narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar