Məhkəmə qərarları › İş №3(027)-503/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-503/2024

15.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-503/2024 15.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Şikayət vermiş şəxs X3 və Azərbaycan Respublikası Ekoligiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 ştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X6 tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X6 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 08 may 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Quba rayonu Talabı-Qışlaq kəndində Vəlvələçay yaxınlığında yerləşən "xxxx" MMC-nin rəhbəridir. MMC-nin tərkibində olan Qum-çınqıl Karxanası 2024-cü ildən davamlı olaraq işləmir və fəaliyyət göstərmir. Belə ki, həmin müddət ərzində tabeliyində olan texnikanı və zavodu təmirə saxlamışlar. 2024-cü ilin mart ayında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən gələn vəzifəli şəxslər zavodun işləmədiyini görmüşlər. Lakin təmirdən çıxmış texnikanı idarə edən şəxs həmin vaxt, texnikanı yoxlamaq üçün ekskavatorla çaya düşüb və həmin şəxslər bu mənzərəni görmüşlər. Zavodun həyətində mal isə zavod işləmədiyindən, alıcı olmadığından uzun müddətdir ki, zavodun həyətində qalıb. Həmin hazır mal üçün isə onlar əvəllər cərimə olunmuş və cəriməni ödəmişlər. İdarədən gələn həmin vəzifəli şəxslər bu halların heç birinə əhəmiyyət vermədən bir neçə şəkil çəkmiş və protokol tərtib edib getmişlər. 08 may 2024-cü ildə həmin idarənin rəisi tərəfindən inzibati tənbeh vermə haqqında MN ******* saylı qərar qəbul edilmişdir. Onu düzgün olmayaraq vəzifəli şəxs kimi İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində qeyd olunan (Yerin təkindən istifadə qaydalarını pozmaq) inzibati xətanı törətdiyi üçün 2500 manat məbləğində cərimə etmişlər. Həmin qərar 08 may 2024-cü il tarixli Ç-BM/4424-250 saylı məktubla ona göndərilmişdir. O, tərtib olunmuş protokolu və qərarı qanunsuz hesab edir. Çünki qeyd etdiyi kimi zavod uzun müddətdir ki, işləmir, fəaliyyət göstərmir və istehsal yoxdur. Fəaliyyət göstərməyən şirkətə isə protokol yazılıb, inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsi qanunsuzdur. Məhkəmə iclasında şikayət vermiş şəxs X6 şikayətini müdafiə edərək bildirmişdir ki, o, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin qum-çınqıl karxanasına baxış keçirən zaman ərazidə olan 140 m3 həcmində qum-çınqıl qarışığı çoxdan istehsal olunmuş, alıcı olmadığından həmin ərazidə qalmışdır. Zavod uzun müddətdir ki, işləmir, fəaliyyət göstərmir və istehsal yoxdur. Cərimə edilməyi əsassızdır. Ona görə də şikayətinin təmin edilməsini, həmin qərarın ləğv olunmasını xahiş edir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 şikayəti qəbul etməyərək bildirmişdir ki, sözügedən Quba rayonunun Talabı-Qışlaq kəndi yaxınlığından keçən Vəlvələ çay axarının sol sahilində yerləşən "xxxx" MMC-nin qumçınqıl karxanasına Quba rayon Polis Şöbəsinin sahə rəisi X9 və "xxxx" MMC-nin qumçınqıl karxanasının sex ustası X4 iştirakı ilə baxış keçirilmiş, 140 m3 həcmində əvvəllər xammaldan istehsal olunmuş çınqıl-qum qarışığının olduğu müəyyən edilmişdir. Ona görə də şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə şahid qismində dindirilmiş X8 izahat verərək bildirmişdir ki, "xxxx" MMCnin qum-çınqıl karxanasında sex ustası işləmişdir. Bir ay yarım olarkı artıq orada işləmir. Quba rayon Polis Çəbəsinin əməkdaşlarının qum-çınqıl karxanasına baxış keçirməyə gəldiyi gün karxanada fəaliyyət göstərmədiyindən orada olmamış, baxış üçün gələn olacağı bildirildiyindən oraya getmişdir. Qeyd etmişdir ki, 2023-cü ilin avqust ayından həmin karxana faəliyyət göstərmir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X5 MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X6 yerin təkindən istifadə qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə təqsirli bilinib, 2500 (iki min beş yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Quba rayon Polis Şöbəsinin sahə rəisi X9 tərəfindən MN 1663596-2519 saylı, 04 mart 2024-cü il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, X6 xx.xx.2024-cü il tarixdə, saat 11:29 radələrində Quba rayonunun Talabı- Qışlaq kəndi ərazisində yerləşən "xxxx" MMC-nin rəhbəri X6 yerin təkindən istifadə qaydalarını pozmuş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.1 və 228-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati xəta haqqında iş üzrə icraatın başlanılması və inzibati araşdırmanın aparılması barədə xx.xx.2024-cü il tarixli, 001/B nömrəli qərardadından görünür ki, Quba rayon Polis Şöbəsi tərəfindən X6 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli protokol və inzibati materiala əlavə edilmiş digər sənədlər idarənin rəisi X10 tərəfindən nəzərdən keçirilərək, Quba rayonunun Talabı- Qışlaq kəndi ərazisində yerləşən "xxxx" MMC-nin rəhbəri X3 yerin təkindən istifadə qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.1 və 228-ci maddələri ilə inzibati məsuliyyət nəzərdə tutulması müəyyən edilmiş, həmin maddələrlə inzibati xəta haqqında iş üzrə icraata başlanılması, iş üzrə 30 gün ərzində inzibati araşdırma aparılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, 117 nömrəli Aktından görünür ki, Quba rayon Polis Şöbəsinin sahə rəisi X9 və "xxxx" MMC-nin qumçınqıl karxanasının sex ustası X4 iştirakı ilə Quba rayonunun Talabı-Qışlaq kəndi yaxınlığından keçən Vəlvələ çay axarının sol sahilində yerləşən "xxxx" MMC-nin qumçınqıl karxanasının ətafına baxış keçirilmiş, həmin ərazidə 140 m3 həcmində əvvəllər xammaldan istehsal olunmuş çınqıl-qum qarışığının olduğu müəyyən edilmiş, qum-çınqıl karxanasının rəhbəri X6 ilə telefon əlaqəsi saxlanılan zaman Bakı şəhərində yaşadığı, uzun müddətdir ki, karxananın fəaliyyət göstərmədiyi bildirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 117 nömrəli Akta əlavədən görünür ki, Quba rayonunun Talabı-Qışlaq kəndi yaxınlığından keçən Vəlvələ çayının sol sahilində yerləşən "xxxx" MMC tərəfindən yerin təkindən qanunsuz istifadə edilməsi nəticəsində təbiətə 700 (yeddi yüz) manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinə əsasən icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə təhqiqatı zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X5 MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X6 yerin təkindən istifadə qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə təqsirli bilinib, 2500 (iki min beş yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi sözügedən Quba rayonunun Talabı-Qışlaq kəndi yaxınlığından keçən Vəlvələ çay axarının sol sahilində yerləşən "xxxx" MMC-nin qum-çınqıl karxanasına Quba rayon Polis Şöbəsinin sahə rəisi X9 və "xxxx" MMC-nin qum-çınqıl karxanasının sex ustası X4 iştirakı ilə baxış keçirildiyini və 140 m3 həcmində əvvəllər xammaldan istehsal olunmuş çınqıl-qum qarışığının olduğunu müəyyən edildiyini bildirir. Lakin həmin çınqıl-qum qarışığının nə vaxt istehsal olunması barədə araşdırma aparılmamış, bununla bağlı hər hansı sübut protokolu tərtib edən orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestə baxarkən məhkəmə, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Məhkəmə, iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, şikayət təmin edilməli, X6 barəsində tərtib olunmuş 08 may 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 114, 128-131 və 134.1.4 və 135.1.6-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət qismən təmin edilsin. X6 barəsində tərtib olunmuş 08 may 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərardan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar