Məhkəmə qərarları › İş №3(027)-517/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-517/2022

27.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-517/2022 27.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X15 qızının katibliyi, İddiaçı X6, onun nümayəndəsi və vəkili X12 və cavabdeh X2 iştirakı ilə, İddiaçı X6 cavabdeh X3 qarşı “nikahın pozulması və aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə müəyyən etdi: İddiaçı X13 ərizə ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh - X7 arasında 20 may 2005-ci il tarixində, Quba RİHB-nin Xucbala İƏV üzrə nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında 11 nömrə ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan olan uşaqları - 18 iyun 2005-ci ildə anadan olmuş X4, 06 avqust 2006-cı ildə anadan olmuş X5 və 14 sentyabr 2014-cü ildə anadan olmuş X8 himayəmdə saxlanılması və uşaqlarının saxlanılması üçün hər ay hər uşağa 175 manat olmaqla, ümumilikdə hər ay 525 manat məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X13 iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh X7 ilə 2004-cü ildə ailə qurmuşlar. Nikahlarını 20 may 2005-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından yetkinlik yaşına çatmayan üç uşaqları vardır. Uşaqları - X9 18 iyun 2005-ci ildə, X11 06 avqust 2006-cı ildə, X14 14 sentyabr 2014-cü ildə anadan olmuşdur. Birgə nikahlarında cavabdehin təqsiri səbəbindən ailə daxili münaqişələr çox olmuşdur. Belə ki, o, mütəmadi olaraq, xüsusilə də spirtli içki qəbul etdikdə evdə mübahisə yaratmış, ona qarşı şiddət göstərmişdir. Bunun qarşısının alınması üçün göstərdiyi səylər nəticəsiz qalmışdır. Buna görə də cavabdehlə xasiyyətləri uyğun gəlmədiyinə görə ailə münasibətləri pozulmuşdur. O, uşaqları ilə birlikdə valideynlərinə məxsus Quba rayonu Xucbala kəndində yerləşən evə qayıtmışdır. Nikahları formal xarakter daşıyır. Cavabdehlə barışmaqları və ailənin qorunub saxlanılması mümkün deyildir. Məhkəmə həmçinin tərəflərin ailə münasibətlərinin bərpa edilməsinə kömək etmək məqsədi ilə işə baxılmasını 3 (üç) ay müddətinə təxirə salmış, lakin tərəflər bu müddət ərzində barışmamış, məhkəmə iclasına gəlmiş tərəflər nikahın pozulmasına təkid etmişlər. İddiaçı X13 və nümayəndəsi və vəkili X18 məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh X7 iddianın nikahın pozulması və uşaqların anasının yanında qalması hissəsində təmin edilməsini, aliment hissəsində hal-hazırda işləmədiyini nəzərə alınaraq qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış tərəflərin birgə nikahından anadan olmuş 18 iyun 2005ci il təvəllüdlü X9, 06 avqust 2006-cı il təvəllüdlü X11 və 14 sentyabr 2014-cü il təvəllüdlü X14 bildirmişlər ki, valideynlərinin arasında bağlanmış nikah pozularkən, anaları X6 yanında qalmaq istəyirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamədən görünür ki, tərəflər arasında 20.05.2005-ci il tarixdə nikahları bağlanmış və nikah Quba RİHB-nın Xucbala İƏD üzrə nümayəndəliyi tərəfindən həmin tarixli 11 nömrəli akt qeyd ilə qeyd edilmişdir. İş materiallarında əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahlarından – 18 iyun 2005-ci il təvəllüdlü X9, 06 avqust 2006-cı il təvəllüdlü X11 və 14 sentyabr 2014-cü il təvəllüdlü X14 anadan olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə görə ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Məhkəmə tərəflərin nikahın pozulmasında israrlı olduqlarını və tərəflərin faktiki ailə münasibətləri kəsildiyini nəzərə alaraq hesab edir ki, tərəflərin birgə yaşaması və ailənin saxlanması qeyri-mümkündür. Ona görə də nikah pozulmalıdır. Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə görə nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərdən biri də boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalacağıdır. Məhkəmə uşaqların yaşını, analarına daha çox bağlı olduqlarını, onların fikrini, iddiaçının uşaqların onun yanında qalmalarını tələb etdiyini, cavabdehin isə buna etiraz etmədiyini nəzərə alıb hesab edir ki, nikahın pozulmasından sonra uşaqlar iddiaçının (ananın) himayəsində qalmalıdırlar. Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə görə nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərdən biri də uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulacağıdır. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ona görə də cavabdeh iddiaçının yanında qalan uşaqların saxlanmaları üçün aliment ödəməyə borcludur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, cavabdehin əmlak vəziyyəti, o cümlədən qazancının məbləği barədə məlumat olmadan alimentin miqdarı hər uşaq üçün 175 manat məbləğində müəyyən edilə bilməz. İddiaçının uşaqların onun yanında qalmasını tələb etdiyini və onların saxlanmasında çətinlik çəkəcəyini nəzərə alınaraq, aliment hər uşaq üçün hər ay 140 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Uşaq hüquqları haqqında Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, hər uşaq üçün hər ay 140 manat məbləğində aliment ödəməyə imkan verən səviyyədə qazanc əldə etmək imkanına malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddian qismən təmin edilsin. X13 ilə X7 arasında 20.05.2005-ci il tarixdə Quba RİHB-nın Xucbala İƏD üzrə nümayəndəliyi tərəfindən həmin tarixli 11 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulsun. Nikahın pozulmasından sonra tərəflərin birgə nikahından doğulmuş 18 iyun 2005-ci il təvəllüdlü X9, 06 avqust 2006-cı il təvəllüdlü X11 və 14 sentyabr 2014-cü il təvəllüdlü X14 adlı uşaqları anaları X6 himayəsində qalsınlar. Nikahın pozulmasından sonra tərəflərin birgə nikahından doğulmuş 18 iyun 2005-ci il təvəllüdlü X4, 06 avqust 2006-cı il təvəllüdlü X5 və 14 sentyabr 2014-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün 10.01.2022-ci il tarixindən başlayaraq hər ay hər uşağa görə 140 (bir yüz qırx) manat olmaqla, ümumilikdə 420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində aliment X1 tutularaq X10 verilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar