Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-520/2022 27.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X11 qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Quba rayonu, Xaltan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Quba rayonu, Xaltan kəndində qeydiyyatda olan və yaşayan (X4 xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs 26 mart 2022-ci il tarixdə Quba rayonu, Xaltan kəndində yerləşən çay evində qumar oynamışdır. Bununla bağlı Quba rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X9 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında 26.05.2022-ci il tarixli, MN ******* nömrəli protokol materialla birlikdə baxılması üçün Quba rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, 2009-cu ildən X3 elektrik vəzifəsində işləyir. 26.03.2022-ci il tarixdə işdən evə gəlmiş, bir qədər sonra görmüşdür ki, kəndlərində yerləşən çayxana açıqdır. O da çayxanaya getmişdir ki, həmkəndliləri ilə söhbət etsin. Həmin vaxt saat 20 radələri olmuş və çayxanada həmkəndliləri Şaiq, Ehtiram, Babək, Buxsay və Kamal olmuşdur. O, Ehtiramla nərd oynamış, sonra isə oyun kartı ilə oyun oynamışlar. Sonra Ehtiram təklif etmişdir ki, birlikdə puldan oyun oynasınlar. O, Ehtiram, Şaiq, Babək və Buxsay birlikdə qumar oynamağa başlamışlar. Əməlindən peşmandır, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Quba rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X9 protokolda göstərilənləri təsdiq edərək protokolun onun tərəfindən tərtib edildiyini bildirdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Belə ki, Quba rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı X5 05.04.2022-ci il tarixli Cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Quba rayon sakinləri Şəxs, X6, X2, X10 və X1 əməllərində cinayət tərkibi olmadığına görə barələrində toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş və qərarın surəti onların əməllərində Azərbaycan Respublikası İXM-nin 525-ci (Qumar oyununda iştirak etmə) maddəsinin tərkibi olduğundan barələrində inzibati tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin Qonaqkənd PB-nə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə - oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, qumar oynadığı kartlar müsadirə edilməklə Şəxs 3000 (üç min) manat məbləğində cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, qumar oynadığı 36 ədəd kart və 95 manat pul müsadirə edilməklə Şəxs 3000 (üç min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan 10 (on) gün müddətində Quba rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-520/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-520/2022
27.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver