Məhkəmə qərarları › İş №3(027)-528/2020

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-528/2020

22.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-528/2020 22.07.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi ilə, xx xxxx 1982-ci ildə Quba rayonu, Qəçrəş kəndində anadan olmuş, Quba rayonu, Qəçrəş kəndində qeydiyyatda olan və yaşayan (Fərdi İdentifikasiya Nömrəsi xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Quba Regional Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Quba Regional Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs xx xxxx 2020-ci il tarixdə, saat 11:15 radələrində Quba şəhərinin köhnə avtovazğal ərazisində idarə etdiyi “VAZ 21010” markalı, M636-TB-05/Rus Rusiya dövlət qeydiyyat nişanlı avtomaşınla sərnişindaşıma fəaliyyəti həyata keçirərkən, yoxlama zamanı qanunvericilikdə müəyyən olunmuş müvafiq sənədləri təqdim etməyərək tabeçilik göstərməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bununla bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Quba Regional Şöbəsi tərəfindən İnzibati xəta haqqında xx xxxx 2020-ci il tarixli, ******* nömrəli protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Quba Regional Şöbəsi tərəfindən barəsində tərtib edilmiş protokol əsassızdır. Ona görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Dövlət Avtomobil Nəqliyyatı Xidməti Quba regional şöbəsinin nümayəndəsi üzrsüz səbəbdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə izahatı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmədə barəsində inzibati protokol tərtib edilmiş Şəxs Quba Regional şöbəsinin səlahiyyətli əməkdaşlarının onun barəsində protokol tərtib edərkən orada olmadığını bildirmiş, Quba Regional şöbəsinin səlahiyyətli əməkdaşları isə Şəxs qanunvericiliklə müəyyən olunmuş müvafiq sənədləri təqdim etmədiyini və onların xidməti vəzifəsini yerinə yetirməsinə mane olduğunu sübuta yetirə bilməmişdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə Azərbaycan Respublikasının Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Quba Regional Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar