Məhkəmə qərarları › İş №3(027)-535/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-535/2021

08.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-535/2021 08.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1967-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Quba Vaqif küçəsi 21–də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə , müəyyən etdi: Şəxs 07.07.2021-ci il tarixdə, saat 01-30 radələrində Quba şəhəri, Vaqif küçəsində yerləşən evinin qarşısında sərxoş vəziyyətdə ucadan söyüşlər söyərək mübahisə etmiş, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Ona görə də Quba RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə 07 iyul 2021-cı il tarixli, 1146038-2505 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, 07.07.2021-ci il tarixdə evində qardaşı qızınını ailəsi ilə birlikdə qonaq etmiş, saat 00:30 radələrində evdə oturduğu zaman çöl qapılarından səs-küy eşidib çölə çıxdıqda oğlu ilə qardaşı oğlu İsa və İsanın qohumu Muradın aralarında mübahisə etmələrini görmüş, nə baş verdiyini öyrənmək üçün həmin mübahisəyə müdaxilə etmş, bu zaman ərazidə xidmətdə olan polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edərək nizam intizama dəvət edib özləri ilə birlikdə Polis Şöbəsinə getməli olduğlarını bildirmişlər. Həmin vaxtı o, içkili və əsəbi olduğundan onların tələblərinə məhəl qoymadan ucadan nalayıq ifadələr işlədib polis əməkdaşları ilə mübahisə etməyə başladmışdır. İnzibati xəta törətməsini etiraf edib, bu xətanı törətməsindən səmimi peşmançılıq hissi keçirir. İş materiallarında olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin alkoqollu içkidən istifadə edib-etməməsinin müəyyən edilməsi ilə bağlı polis əməkdaşının 07.07.2021-ci il tarixli, saat 02:46 radələrində alkotestr məlumatından görünür ki, Şəxs aşkar olunan alkoqolun miqdarı 1,401 promildir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXMnin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməlidir və onun əməli Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində xırda xuliqanlığa, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin obyektini ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat sahəsində yaranan ictimai münasibətlər təşkil edir. Bu xətanın bilavasitə obyektini isə vətəndaşların ictimai yerdə olması ilə əlaqədar yaranan ictimai münasibətlər təşkil edir. Obyektiv cəhətdən xırda xuliqanlıq ictimai qaydanı pozan hərəkətlərlə törədilir. Bu inzibati xətanın subyektiv cəhəti qəsdlə, adətən düzünə qəsdlə səciyyələnir. Təqsirkar şəxs ictimai qaydanı pozduğu və cəmiyyətə hörmətsizlik göstərdiyini başa düşür və bunu arzu edir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibini təşkil edən obyekt isə müəyyən olunmuş idarəçilik qaydaları və dövlət orqanlarının (vəzifəli şəxslərinin) normal fəaliyyəti ilə bağlı yaranan ictimai münasibətlərdir. Bu inzibati xətanın bilavasitə obyekti ictimai qaydanın mühafizəsi üzrə xidməti fəaliyyətlərini icra edən polis işçisinin və ya hərbi qulluqçunun normal fəaliyyətidir. Subyektiv cəhətdən bu xəta qəsdən törədilir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətməsini etiraf edib, bu xətanı törətməsindən səmimi peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Məhkəmə inzibati xətanı sərxoş vəziyyətdə törətməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, İsayev Eldar Hüseynağa oğlu Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməsinə baxmayaraq, o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkəti (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya görə işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətadan daha ciddidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində iki yüz manat məbləğində cərimə və bir ayadək müddətə inzibati həbs nəzərdə tutulduğu halda, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində əlli manatdan yüz manatadək miqdarda cərimə və ya on beş günədək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halları və inzibati xətanı sərxoş vəziyyətdə törətməsi kimi məsuliyyətini ağırlaşdıran halı nəzərə alaraq hesab edir ki, İsayev Eldar Hüseynağa oğlu Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrilə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 150 (yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-1 maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarında olan inzibati qaydada tutma haqqında 07.07.2021-ci il tarixli protokoldan görünür ki, Şəxs 07 iyul 2021-ci il tarixdə, saat 02-00-da Quba Rayon Polis Şöbəsinin İTB-nın polis sahə rəisi, polis kapitanı X1 tərəfindən inzibati qaydada tutulmuşdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 112, 113, 114-115, 117, 125-126, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrilə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 150 (yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar