Məhkəmə qərarları › İş №3(027)-536/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-536/2023

01.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-536/2023 01.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyev Əmraslan Arif oğlunun katibliyi, Şikayət verən X2 iştirakı ilə Azərbaycan Respublikası DİN Quba RPŞ-nin DYPB-nin İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsilə tərtib edilmiş protokolu əsasında DİN BDYPİ-nin inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X2 şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X4 məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası DİN Quba RPŞ-nin DYPB-nin protokolu əsasında DİN BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 346.1ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2023-cü il tarixli EQ 13540662 seriyalı elektron qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, etibarnamə ilə idarə etdiyi “VAZ 21093” markalı dövlət qeydiyatı nişanı **-BL-*** olan avtomobili Quba şəhəri, H.Əliyev prospektində düz xətt boyunca saxlamış, Quba rayon Polis şöbəsinin DYP əməkdaşları qanunu pozmağını iddia edərək, ona 20 (iyirmi) manat cərimə olunmağı barədə Elektron qərar qəbul olunmuşdur. Qanunla, sürücü avtomobilini düz xəttə paralel olaraq saxlaya bilər, amma perpendikulyar vəziyyətdə saxlaya bilməz. Elektron qərarı xx.xx.2023-cü il tarixdə günün ikinci yarısında Quba rayon Polis şöbəsinin DYP Bölməsindən alınmışdır. Bu səbəbdən Elektron qərardan şikayət etmişdir. Məhkəmə iclasında X4 ərizəsinin məzmununa uyğun uzahat vermiş və EQ 13540662 seriyalı, xx.xx.2023-cü il tarixli elektron qərarın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən DİN Quba RPŞ-ə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən oranın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməməlidir. İş materiallarında olan DİN BDYPİ-nin EQ 12055337 seriyalı 16 mart 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan göründüyü kimi, X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 manat cərimə edilmişdir. Məhkəmənin şifahi sorğusu əsasında inzibati xəta haqqında qərar qəbul edilmiş yer üzrə təqdim edilmiş foto görüntüdən göründüyü kimi, inzibati xətanın baş verdiyi müəyyən olunmuş Quba şəhəri, H.Əliyev prospektində “3.28 durmaq qadağandır” yol nişanı mövcuddur. Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 1-ci bəndinə əsasən yollarda yol hərəkətinin qaydaları və şəraiti barədə müəyyən məlumat saxlayan və yol hərəkətini nizamlayan əsas vasitələrdən biri yol nişanlarıdır (4 saylı Əlavə). “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin 6-cı bəndinə əsasən 3.28 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.10 nişanlanma xəttinin təsir zonalarında nəqliyyat vasitələrinin durması qadağandır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Qeyd edilən Məcəllənin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə - iyirmi manat məbləğində cərimə edilir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, DİN BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2023-cü il tarixli EQ 13540662 seriyalı elektron qərar hüquqi və faktiki əsaslar olmaqla qəbul edilmişdir. Belə ki, qərara əlavə edilmiş avtomobilin görüntülərinin əks olunduğu yerdə 3.28 yol nişanı mövcuddur ki, bu nişan da nişanın təsir dairəsinə düşən ərazidə nəqliyyat vasitələrinin durmasını qadağan edir. Beləliklə də, İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən tərtib edilmiş EQ 13540662 saylı, xx.xx.2023-cü il tarixli elektron qərarın ləğv edilməsi üçün əsas olmadığından, X2 şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsilə inzibati tənbeh vermə haqqında EQ 13540662 seriyalı xx.xx.2023-cü il tarixli elektron qərarın ləğv edilməsi barədə X2 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar