Məhkəmə qərarları › İş №3(027)-542/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-542/2024

11.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-542/2024 11.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Şikayət verən X3 iştirakı ilə Azərbaycan Respublikası Quba RPŞ DYPB-nin TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : X2 Rayon Məhkəməsinə müraciət edərək, Quba RPŞ DYPB-nin xx.xx.2024-cü il tarixli TP- 6481055 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Quba rayonu 2-ci Nügədi kəndində yaşayır, onun özünə məxsus “Tofaş Şahin” markalı **-NK-*** dövlət qeydiyyat nişanlı avtomaşını vardır. 22 aprel 2024cü ildə anası xəstə olduğu üçün səhər saat 08-09 radələrində Xaçmaz şəhərindən Quba şəhər xəstəxanasında şəkər xəstəliyi üçün dərman almaq məqsədilə idarə etdiyi qeyd olunan avtomaşınla getmişdir. Qarşısında eyni istiqamətdə gedən “Kamaz” markalı yük maşınını ötmüş, tələsdiyinə görə ötmə əməliyyatını pozmuşdur. Bu zaman yol polisi əməkdaşı X4 avtomaşını saxlamışdır. O, təqsirini etiraf etmiş, anasının xəstəliyini bildirmişdir. YPX inspektoru Firuz Heydərov bildirmişdir ki, spirtli içki iyi gəlir, buna görə alkotester müayinəsindən keçməlidir. Alkotester qurğusunu üfürmüş, qurğu onun sərxoş olduğunu göstərmişdir. Halbuki o, heç bir spirtli içki qəbul etməmişdir. Alkotesterin düzgünlüyünə etiraz etmiş və tələb etmişdir ki, həkim müayinəsindən keçirsinlər. Lakin, onu həkim müayinəsinə aparmamışlar, avtomaşınını isə cərimə meydançasına qoymuşlar. Onu isə DYP bölməsinə göndərmişlər. DYP bölməsindən ona evə getməyi və saat 15:00-da onlara müraciət etməyi bildirmişlər. O, DYPB-dən çıxıb Quba rayon Mərkəzi Xəstəxanasına getmiş, narkoloji həkimdən keçmiş və müəyyən olunmuşdur ki, heç bir sərxoşluğu yoxdur və bu barədə protokol almışdır. Bundan bir neçə gün sonra ona məlumat verilmişdir ki, o, Azərbaycan Respublikası İXMnin 327.2-ci, 333.1 -ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara görə 400 manat miqdarında cərimə olunmuşdur. O, özünü AR XİM-nin 333.1 -ci maddəsi ilə təqsirkar hesab etmir, çünki o, sərxoş olmamışdır. Həkim müayinə aktı ilə də təsdiq olunmuşdur. Barəsində inzibati xəta haqqında protokol hadisə günü, yəni xx.xx.2024-cü il tarixdə tərtib olunmuş, həmin protokol əsasında qərar isə 14 may 2024-cü il tarixdə qəbul edilmişdir. Qərar qəbul edildikdən sonra surəti ona qanunvericiliyin tələbinə uyğun olaraq 2 gün müddətində verilməli olduğu halda, bu müddətdə qərar ona təqdim olunmamışdır. Qərarın surəti ona poçtla göndərilməmişdir, yalnız 24 iyun 2024-cü il tarixdə özü müraciət edərək saat 13:05-də Quba RPŞ DYP bölməsindən almışdır. Ona görə bu vaxta kimi DYP bölməsinin qərarından şikayət edə bilməmişdir. Şikayət hüququm DYP bölməsi tərəfindən məhdudlaşdırılmışdır. “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə AR NK-nin 27 iyun 2014-cü il tarixli 209 nömrəli Qərarının tələbinə görə texniki vasitə olan alkotesterin göstəricilərindən narazılıq yarandıqda onu həkim narkoloq vasitəsilə tibbi müayinədən keçirməli idilər ki, DYP əməkdaşları NK-nin bu qərarını pozmuşlar. Məhkəmə iclasında şikayət verən X5 ərizənin məzmununa uyğun izahat vermiş və qərarın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən Quba RPŞ DYPB-nə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən oranın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət qismən təmin edilməlidir. İş materiallarında olan DİN DYPB-nin EQ 20358117 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 333.1-ci maddələrilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 80 (səksən) manat cərimə cəzası tətbiq edilmişdir. İş materiallarında olan 22 aprel 2024-cü il tarixli 24 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, həmin gün saat 10:15-də X5 oğlunda alkoqol sərxoşluq vəziyyətinin olmadığı və ayıq vəziyyətdə olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, X5 idarə etdiyi avtomobillə hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılmış və alkotester müayinəsilə alkoqol istifadəsi nəticəsinə gəlinmiş və prokol tərtib olunmuşdur. Polis əməkdaşlarına sərxoş olmadığını bildirsə də, sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçməyi tələb etsə də, barəsində TP-6481055 saylı protokol əsasında cərimə edilməsi barədə qərar qəbul edilmişdir. “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 №-li qərarının 2.3-cü bəndinə əsasən alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. Həmin qərarın 2.4-cü bəndində əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olması və yaxud narotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin Həmin qərarın İİİ hissəsinə yəni Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinənin aparılması qaydalarının 3.3-cü bəndinə əsasən Narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Həmin Qərarın 2.5-ci bəndinə əsasən Şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib edilir. Həmin qərarın 2.7-ci bəndinə əsasən Nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göründüyü kimi, X5 müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazı olan xüsusi texniki vasitələr vasitəsilə sərxoşluğunun müəyyən edilməsi nəticələrinə dair xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda qeyd edilməmiş, texniki vasitədən istifadə edilməsindən sonra nəticəsindən narazı oması halında tibbi müayinəyə aparılmamış, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunmamışdır. X1 öz təşəbbüsü ilə Quba Rayon Mərkəzi Xəstəxanada müayinə olunaraq ayıq olduğu öz təsdiqini tapmışdır. Bununla belə, xüsusi texniki vasitə ilə yoxlanılması nəticəsi məhkəməyə təqdim edilmədiyindən, yoxlanma vaxtı ilə tibbi müayinə vaxtı arasında olan zaman fərqini müəyyən etməyə imkan vermir və müddət baxımından sərxoşluğun aradan qalxması mümkünlüyünün dəyərləndirilməsini mümkünsüz edir. Məhkəmə hesab edir ki, qeyd edilən hallar səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinin tələbinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması (135.1.1) və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasının müəyyən edilməsi (135.1.6) hallarında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Quba RPŞ DYPB-nin TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsilə bağlı hissədə ləğv edilsin və inzibati xəta haqqında iş həmin hissədə yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar