Məhkəmə qərarları › İş №3(027)-546/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-546/2025

02.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-546/2025 02.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Şikayət verən X1 iştirakı ilə X1 Azərbaycan Respublikası DİN-nin Quba RPŞ DYPB–nin Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsilə tərtib edilmiş qərarın ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: X2 məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə olunmağı barədə Quba RPŞ DYPX-nin 19 iyun 2025-cü il tarixli, İXP ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o 19 iyun 2025-ci il tarixində “Mercedes Benz” minik markalı, ** EK *** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhəri, Heydər Əliyev prospektində Köhnə Avtovağzal dairəsindən Qusar istiqamətində hərəkət edərkən, Quba rayonu, Yol Patrul Xidməti İnspektoru Polis Baş Serjantı idarə etdiyi avtomobili saxlamışdır. Yol polisi onun yolayrıcını keçmə qaydalarını pozduğunu bildirmişdir. Halbuki o, yolayrıcında keçmə qaydalarına tam əməl etmiş, yolun boş olduğu zamanı, keçmə imkanına tam əmin olduqdan sonra hərəkətə davam etmişdir. O, narazılığını bildirmiş ki, heç bir qaydanı pozmadığını, yol hərəkəti qaydalarına əməl etdiyini qeyd etmişdir. X4 Xidməti İnspektoru görüntü heç bir sübut göstərmədən protokol tərtib etmişdir. Sonradan öyrənmişdir ki, barəsində qərar qəbul edilmişdir. 20 iyun 2025-ci il tarixinda qeyd olunan qərarın surətini almışdır. Həmin qərara əsasən barəsində Azarbaycan Respublikası İXMnin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xatanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh tətbiq edilmişdir. Onun barəsində çıxarılmış hansısa qərar əsassız va qanunsuzdur, bu qərar ilə razılaşmamışdır. Onun tərəfındən heç bir inzibati xata hadisəsi törədilməmişdir. Bu qərar heç bir əsas va sübut olmadan çıxarılmışdır. Hansı ki, inzibati xata haqqında iş üzra icraat aparılan şəxsin ona istinad olunan inzibati xətanın törədilməsində təqsirini sübuta yetirmək vəzifəsi bu icraata başlamış vəzifəli şəxsin üzərinə düşür. Beləliklə barəsində tərtib edilmiş yuxarıda göstərilən inzibati xata haqqında qərar qanunun tələbləri pozulmaqla, qərəzli formada tərtib edilmişdir. Məhkəmə iclasında şikayət verən X2 ərizənin məzmununa uyğun izahat vermiş və həmin vaxt hər hansı bir qayda pozuntuna yol vermədiyi üçün qərarın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən Quba RPŞ-nin YPXyə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokoldan çıxarışa əsasən X2 xx.xx.2025-ci il tarixdə “Mercedes Benz” minik markalı, ** EK *** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhəri, Köhnə avtovağzal dairəsidə hərəkətdə olarkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat cərimə edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 2ci bəndinə əsasən yol nişanları 7 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumat (lövhəciklər). Yolun nişanlanması nəqliyyat axınının qaydaya salınmasına və yolun buraxıcılıq qabiliyyətinin yüksəldilməsinə xidmət edir. Bu nişanlanmalar yol hərəkət qaydalarını müəyyənləşdirir, yolun istiqamətini və ya yol qurğularının ölçülərini bildirir. Yolun nişanlanmasına yolun hərəkət hissəsinə, yolun və yol qurğularının digər elementlərinə çəkilən xətlər, yazılar aiddir. Yolun nişanlanmasının iki forması var: üfüqi və şaquli. Üfüqi nişanlanmaya yolun hərəkət hissəsinə çəkilən xətlər, yazılar aiddir. Nişanlanmaların nömrəsi olur. Nömrədəki 1-ci rəqəm nişanlanmanın qrupunu, 2-ci rəqəm nişanlanmanın qrupdakı sıra nömrəsini, əgər bu nişanlanmadan bir ədəd deyilsə və onlar mənasına görə bir-birinə çox yaxındırsa 3-cü rəqəm nişanlanmanın həmin növünün nömrəsini göstərir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X1 inzibati xətada ifadə olunan əmələ münasibəti subyektiv cəhətdən təqsirin ehtiyatsızlıq formasında biruzə vermişdir. Belə ki, məhkəməyə təqdim edilmiş video görüntülərə baxış keçirilən zaman X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM–nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- yüz manat məbləğində cərimə edilir Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən tərtib edilmiş qərarın ləğv edilməsi üçün əsas olmadığından, X1 şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 131-134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 Azərbaycan Respublikası DİN BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə tərtib edilmiş inzibati tənbeh barədə qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar