Məhkəmə qərarları › İş №3(027)-550/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-550/2025

23.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-550/2025 23.06.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, X4 oğlunun katibliyi, Protokolu tərtib edən şəxs X2 Zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1982-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 510 və 535.1-ci maddələri ilə icraatı başlanmış inzibati xəta haqqında işə baxaraq məhkəmə, müəyyənetdi: Quba RPŞ-nin, İTB-nin polis sahə rəisi, X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli 1688499-2710 və 1688500-2709 №li və Quba RPŞ-nin, İTB-nin polis sahə rəisi, X1 tərəfindən İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli MN 2215523-2712 №li inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokollarda göstərilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 19:36 radələrində Quba şəhəri, H.Əliyev pr 221 ünvanda Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirmişdir. Bundan başqa Şəxs xx.xx.2025-ci il tarixdə saat 23:00 radələrində Quba şəhəri, bazar ərazisində “Ümüd” kafesində sərxoş vəziyyətdə sərxoş vəziyyətdə ucadan ünvansız söyüşlər söymüş, polisin qanuni tələblərinə məhəl qoymayaraq, tabesizlik göstərmişdir. Məhkəmədə protokol tərtib etmiş şəxs X2 bildirdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 23:00 radələrində Quba şəhəri, bazar ərazisində yerləşən “Ümüd” kafesində sərxoş vəziyyətdə ucadan ünvansız söyüşlər söyməklə ictimai qaydanı pozmuş və eyni zamanda polisin qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir. Ona görə də tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, İXM-nin 157-ci maddəsi ilə isə təqsirli bilməyərək izahatında göstərmişdir ki, 05 may 2025-ci il tarixdə köhnə avtovağzal ərazisində yerləşən kafeyə getmiş, spirtli içki sifariş etmiş, ofisant ondan pulu istəmiş, pulu vermək istəyərkən orada işləyən Zeynəb adlı qadın stolu dağıdaraq “pulu ver” deyə qışqırmışdır. Həmin vaxtı o, Zeynəbi vurmamışdır. 22 iyun 2025-ci il tarixdə, saat 23:00 radələrində Quba şəhəri, bazar ərazisində yerləşən “Ümüd” kafesində sərxoş vəziyyətdə ucadan nalayiq küçə söyüşləri söymüş, polisin qanuni tələblərinə məhəl qoymayaraq, tabesizlik göstərmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Quba şəhəri köhnə avtovağzal ərazisində yerləşən kafedə aşbaz işləyir. 05 may 2025-ci il tarixdə saat 19 radələrində kafedə müştəri qismində olan Mahir adlı şəxs spirtli içki qəbul etdikdən sonra Mahirə kafeni bağlamaq istədiyini və ödəniş etməsini demiş, lakin Mahir ödəniş etməyəcəyini deyərək əl və ayaq zərbələri ilə onun bədəninin müxtəlif nahiyyələrindən vurub onu döymüşdür. Barışmaq istəmir. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. İş materiallarında olan Cinayət işinin başlanmasının rədd edilməsi barədə 15 may 2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Quba RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 292 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər – boynunda solda sıyrıq, qarnında öndə qançır, sağ əlin arxa səthində yumşaq toxumanın əziyi və qançırı küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 05 may 2025-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadıqlarından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməlidir və onun əməli Azərbaycan Respublikası İXM-nin 157, 510 və 535.1-ci maddələrilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin inzibati xətanın obyekti insanın fiziki toxunulmazlığını və onun sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. İnzibati xətanın obyektiv cəhəti döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirmədən ibarətdir. Döymə sağlamlığa vurulan zərərin ayrıca, xüsusi bir növünü təşkil etmir. Döymə, dəfələrlə, çoxlu zərbələrin yetirilməsi ilə xarakterizə olunur. Azərbaycan Respublikası İXMnin 157-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan sair zorakı hərəkətlər dedikdə, zərərçəkmiş şəxsə tək-tək zərbələrin vurulması, onun çimdiklənməsi, qolunun burulması, badalaq verilərək yıxılması, müxtəlif əşyalardan, habelə bitki (məsələn gicitikanlardan, tikanlı bitkilərdən və s.) və heyvanlardan (itdən, arıdan və s.) istifadə etməklə ona qarşı digər ağrıverici hərəkətlər edilməsi başa düşülür. Döymə və ya sair zorakı hərəkətlər yalnız fiziki ağrı verdikdə, göstərilən maddə üzrə məsuliyyət yaranır. Bu inzibati xətanın subyektiv cəhəti həm birbaşa, həm də dolayı qəsddən ibarətdir. Döymə və sair zorakı hərəkətlər törətmənin məqsədi fiziki ağrı yetirməkdən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində xırda xuliqanlığa, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin obyektini ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat sahəsində yaranan ictimai münasibətlər təşkil edir. Bu xətanın bilavasitə obyektini isə vətəndaşların ictimai yerdə olması ilə əlaqədar yaranan ictimai münasibətlər təşkil edir. Obyektiv cəhətdən xırda xuliqanlıq ictimai qaydanı pozan hərəkətlərlə törədilir. Bu inzibati xətanın subyektiv cəhəti qəsdlə, adətən düzünə qəsdlə səciyyələnir. Təqsirkar şəxs ictimai qaydanı pozduğu və cəmiyyətə hörmətsizlik göstərdiyini başa düşür və bunu arzu edir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibini təşkil edən obyekt isə müəyyən olunmuş idarəçilik qaydaları və dövlət orqanlarının (vəzifəli şəxslərinin) normal fəaliyyəti ilə bağlı yaranan ictimai münasibətlərdir. Bu inzibati xətanın bilavasitə obyekti ictimai qaydanın mühafizəsi üzrə xidməti fəaliyyətlərini icra edən polis işçisinin və ya hərbi qulluqçunun normal fəaliyyətidir. Subyektiv cəhətdən bu xəta qəsdən törədilir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, inzibati tənbeh aldıqdan sonra eyni xətanı il ərzində təkrar törətməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(027)-957/2024 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, barəsində 4 gün müddətinə inzibati qaydada həbs tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərdə tutulmuşdur. İş materialları ilə Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməsinə baxmayaraq, o, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkəti (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya görə işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta Azərbaycan Respublikası İXM-nin 510-cu və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalardan daha ciddidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs nəzərdə tutulduğu halda, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində əlli manatdan yüz manatadək miqdarda cərimə və ya on beş günədək müddətə inzibati həbs, 535.1-ci maddəsində iki yüz manat məbləğində cərimə və bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157, 510 və 535.1-ci maddələrilə təqsirli bilinib, onun barəsində Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 23:00 radələrində Quba Rayon Polis Şöbəsinin İTB-nın polis sahə rəisi, polis mayoru X3 tərəfindən inzibati qaydada tutulmuşdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112-115, 117, 125-126, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1 və 157-ci maddələrilə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. Həbsin əvvəli 22 iyun 2025-ci il tarixdən, saat 23:00-dan hesablansın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar