Məhkəmə qərarları › İş №3(027)-551/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-551/2024

27.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-551/2024 27.06.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi ilə Hacıyev Əmiraslan Arif oğlunun katibliyi Protokol tərtib etmiş Quba RPŞ YPX inspektoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Onun müdafiəçisi- Quba rayon Vəkil bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1979-cu ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN: xxxxxxx, evli, fərdi qaydada işləyən, Quba rayonu, Vidadi küçəsi, ev 26-da qeydiyyatda olan və yaşayan X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü və 329.3-cü maddələrilə Azərbaycan Respublikası DİN-nin Quba rayon PŞ-nin DYPB-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə acıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Daxil olmuş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixində, saat 10:43-də Quba rayonu, Dəvədabanı yaşayış massivində, Əliqulu Nərimanov küçəsi, H.Əliyev prospektində, İqriq kəndi, Bakı yolunda idarə etdiyi “Mercedes Benz E240” minik markalı **-RS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə hərəkətdə olarkən Azərbaycan Respublikası İXM-nin 329.3 və 511.1.3-cü maddələrində nəzərdə tutulan inzibati xətaya yol vermişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş Quba RPŞ YPX inspektoru X8 izahatında bildirmişdir ki, o və digər polis əməkdaşı Xəlilov Emin xidmətdə olduğları zaman, uzaqdan vuran işıqları yandıraraq sürətlə onlara tərəf gələn avtomobil yaxınlaşan zaman, ona “saxla” işarəsi vermiş, lakin avtomobilin sürücüsü, onlara salam verərək avtomobili dayandırmadan sürəti artırmış, polisin tələbinə tabe olmadan keçib getmişdir. Ona bir neçə dəfə “saxla” əmri verilsə də, o tabe olmadan sürətlə ara küçələrdən keçərək, digər sürücülərə və piyadalara təhlükəli şərait yaratmışdır. Bu vəziyyət təxminən 20-25 dəqiqə davam etmişdir. Həmin anlar videogörüntüdə görüntülənmişdir. Hətta bazar ərazisində PPX-nin əməkdaşları xidmətdə olduqları vaxt, nəqliyyat vasitəsini sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi baş verdiyinin şahidi olmuşlar. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, anası şəkər xəstəsidi və xx.xx.2024-cü il tarixdə əhvalı pisləşdikdə, dərmanlarını almağa çıxmış yolüstü DYP əməkdaşlarını gördükdə hətta onlara “salam” verib keçmişdir. Sonra polisin ona “saxla” əmri verməsindən xəbəri olmamışdır. O uzaqvuran sayrışan işıqlardan da istifadə etməmişdir. Sürət həddi də demək olar ki, 80-100 km/saatdan yuxarı olmamışdır. 24 iyunda şöbəyə çağırılmış və səhəri gün protokol tərtib olunmuşdur. Barəsində tərtib olunmuş inzibati materialın icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi- Quba rayon Vəkil bürosunun vəkili X4 izahatında bildirmişdir ki, inzibati protokol xx.xx.2024-cü il tarixdə tərtib olunsa da, polis hadisənin də 24-dən 25-nə keçən gecə baş verdiyini qeyd edir. Buradan görünür ki, polis protokolu tərtib edərkən prossesual pozuntuya yol verilmişdir. Çünki, hadisə 21-dən 22-nə keçən gecə baş vermiş, 23-də Şəxs toyda olmuş, 24-də o şöbəyə çağırılmışdır. Anası xəstə olduğundan həmin gecə o anasına dərman apararkən DYP maşınının onu izlədiyindən xəbərsiz olmuşdur. Görünən odur ki, əməlində 511.1.3-cü maddənin tərkibi yoxdur. Bu maddənin tərkibi olmadığı halda, ona görə protokol tərtib etmək qanun pozuntusudur. Bundan başqa şahid ifadələrindən də görünür ki, avtomonbilin qara rəngli olduğu, şahidlərin hər üçü fərqli vaxtlarda avtomobil gördüklərini bildirmşlər. Şəxs maşını isə gümüşü rəngdədir. Həm də şahidlərin gördükləri maşının Şəxs aid olmasını sübut edən faktlar yoxdur və ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 511.1.3-cü maddələrilə Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Quba RPŞ YPX inspektoru X10 ifadəsində bildirmişdir ki, o F.Babayevlə xidmətdə olan zaman Şəxs idarə etdiyi “Mercedes Benz E240” minik markalı **-RS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə şəhərin içində uzaqvuran işıqları yandıraraq, həmdə çox sürətlə hərəkətdə olarkən ona “saxla” əmri verilmiş, lakin sürücü əhəmiyyət verməyərək ara küçələrlə, həmçinin Dəvədabanı, Əliqulu Nərimanov küçəsi, H.Əliyev prospektində, İqriq kəndi, Bakı yoluna kimi hərəkət etmişdir. Bazar ərazisində xidmətdə olan PPXnin əməkdaşları da onların yanından keçən anı görmüşlər. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Quba RPŞ PPX-nin əməkdaşı X7 ifadəsində bildirmişdir ki, o digər əməkdaşla bazar ərazisində piyada postunda xidmətdə olarkən, “beşmərtəbə”nin ara küçəsində qara “Mercedes” markalı avtomobilin hərəkətdə olduğu, nəqliyyat vasitəsini sürətləndirməklə yolun səthində olan çınqılları ətrafa ataraq keçdiyini və sonra DYP avtomobilinin sürətlə keçdiyini aşkar etmişdir. Hadisə təxminən 3-4 gün əvvəl baş vermişdi. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Quba RPŞ PPX-nin əməkdaşı X9 ifadəsində bildirmişdir ki, o postları yoxlamağa çıxmış, həmin vaxt Y.Abbasovun Y.İsmayılovun xidmət postunu yoxlamağa gələrkən, iki maşının sürətlə keçdiyini görmüşdür. Gecə olduğundan qaranlıqda maşının rəngini tam ayırd edə bilməmişdir. Həm də sürətlə keçdiyinə görə yerdən toz qalxmışdır. Neçə gün əvvəl gördüyünü də tam xatırlamır, təxminən bir həftə ərzində baş verdiyini bildirmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Quba RPŞ PPX-nin əməkdaşı X6 digər şahidlərlə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, mexaniki nəqliyyat vasitəsinin sürücüsü Şəxs ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan, habelə mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasında ifadə olunan qərəzli hərəkətlərə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsilə nəzərdə tutulmuş inzibati xətanı törtmişdir. Onun təqsiri inzibati xəta haqqında protokol və digər sübutlarla sübuta yetirilir, əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Əməlin inzibati xəta olmasını aradan qaldıran hallar və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar olmaığından, Şəxs qeyd edilən maddə ilə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən himayəsində yetkinlik yaşına çatmayan uşağının olması məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Qeyd edilən Məcəllənin 33.1.1-ci maddəsinə əsasən səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən olunmuşdur. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halın mövcudluğunu, habelə məsuliyyəti ağırlaşdıran halın olmasını nəzərə alaraq, barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati həbs inzibati tənbehin tətbiqini inzibati tənbehin məqsədlərinə nail olunması baxımından daha məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Bununla da, inzibati həbsdə saxlama müddətinin əvvəli 27 iyun 2024-cü il, saat 12:00-dan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, inzibati xəta haqqında iş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsilə bağlı hissədə baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Quba rayon PŞ-ə göndərilməlidir. Belə ki, “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə baxılması Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin səlahiyyətindədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli qərarına əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Beləliklə də, inzibati xəta haqqında iş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsilə bağlı hissədə baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Quba rayon PŞ-ə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-nin 511.1.3-cü, 114-115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətə inzibati həbs tətbiq olunsun. Qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 27 iyun 2024-cü il, saat 12:00-dan hesablansın. X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilmiş yerdə mühafizə altında saxlanılsın. İnzibati xəta haqqında iş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsilə bağlı hissədə baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Quba rayon PŞ-ə göndərilsin. X4 tərəfindən hüquqlarının dövlət hesabına məhkəmədə müdafiə edilməsinə görə 12 (on iki) manat dövlət büdcəsindən tutularaq Quba rayon Vəkil bürosunun hesabına keçirilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar