Məhkəmə qərarları › İş №3(027)-553/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-553/2025

24.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-553/2025 24.06.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Quba rayon YPX-nin inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1995ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləmir, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2 və 329.1-ci maddələri ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M ü ə y y ə n e t d i: Məhkəmənin icraatına 24 iyun 2025-ci il tarixdə Şəxs barəsində tərtib edilmiş Quba RPŞ-dən 31 may 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Həmin protokolda göstərilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 23:12 radələrində “VAZ 21063” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili təhlükəsizlik kəmərini bağlamadan sərxoş vəziyyətdə idarə edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2 və 329.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədə protokol tərtib etmiş şəxs Quba rayonu YPX-nin inspektoru X2 protokolda qeyd olunanlara uyğun izahat verərək, bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 23:12 radələrində “VAZ 21063” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili təhlükəsizlik kəmərini bağlamadan sərxoş vəziyyətdə idarə etmişdir. O, əməli xx.xx.2025-ci il tarixdə törətsə də, ailə problemləri ilə bağlı Bakı şəhərində olduğu üçün barəsində tərtib edilmiş protokol məhkəməyə vaxtında təqdim edilə bilməmişdir. Göstərdiklərini nəzərə alaraq Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək məhkəməyə verdiyi izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə sərxoş vəziyyətdə avtomobil idarə etmişdir. Əməlindən peşmandır. Barəsində yüngül tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və protokol tərtib etmiş şəxsi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və Quba RPŞ-nin DYP tərəfindən verilmiş qəbzdən aydın olur ki, 29 may 2025-ci il tarixdə, saat 23:12-də Şəxs 0.411 faiz alkoqol sərxoşluğu aşkar olunmuşdur. 29 may 2025-ci il tarixli, “Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə” aktdan aydın olur ki, Şəxs məxsus VAZ 2106 markalı 30 BH566 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi duracağa gətirilmiş, daha sonra nəqliyyat vasitəsinin saxlanma səbəbi aradan qaldırıldığından duracaqdan buraxılmışdır. Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsinə əsasən Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görənəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə inzibati xəta haqqında protokolu, protokola sübut kimi əlavə edilmiş və işdə olan sənədləri tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilmiş və eyni əməli bir il ərzində təkrar olaraq törədilmişdir. Belə ki, iş materiallarında olan İXP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 15:05 radələrində “VAZ 2106” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 342.5-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün məsuliyyətə cəlb edilmişdir. Bununla da məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Şəxs əməlinin inzibati xəta olmasını aradan qaldıran hallar və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Qeyd edilən Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Törədilmiş inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.2 maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla, barəsində inzibati həbs tənbeh tətbiq edilməlidir. Həmçinin, Məhkəmə həmçinin hesab edir ki, inzibati xəta haqqında iş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsilə bağlı hissədə baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Quba rayon PŞ-ə göndərilməlidir. Belə ki, “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1cü maddəsinə baxılması Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin səlahiyyətindədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli qərarına əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsetmənin əvvəli hazırkı qərarın elan olunduğu 24 iyun 2025-ci il tarixdən saat 12:35-dan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 114-115 və 130cu maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla barəsində 07 (yeddi) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati xəta haqqında iş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə bağlı hissədə baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Quba rayon PŞ-ə göndərilsin. Qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 24 iyun 2025-ci il, saat 12:35-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar