Məhkəmə qərarları › İş №3(027)-556/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-556/2025

24.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-556/2025 24.06.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Protokol tərtib edən Quba RŞ-nin İTB-nin polis sahə rəisi X5, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1975-ci ildə Quba rayonu, Xaltan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN: xxxxxxx, evli, Quba rayonu, Xaltan kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: 23 iyun 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, 23 iyun 2025-ci il tarixdə Quba rayonu, Dəvədabanı yaşayış massivində əkin sahəsində Şəxs, Zərərçəkmiş şəxs və bir neçə nəfər şəxsin ünvanına nalayiq küçə söyüşləri söymüşdür. Məhkəmə iclasında protokol tərtib etmiş X9 ifadəsində bildirmişdir ki, Quba rayonu, Dəvədabanı massivində yaşayan Şəxs tərəfindən AR İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilmiş, müvafiq olaraq izahatları alınmış şəxslərin ünvanına nalayiq ifadələr səsləndirilmişdir. Qeyd edilən hadisə ilə bağlı polis şöbəsinə ərizə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü qismən təqsirli bilərək izahatında bildirmişdir ki, həqiqətən də ona məxsus olan malqara X7 və digərlərinin əkin sahələrinə ziyan vurmuşdur. Lakin o həmin şəxslərin ünvanına nalayiq ifadələr səsləndirməmişdir. Belə ki, hazırki şəxsləri polis şöbəsində görmüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X7 izahatında bildirmişdir ki, Quba rayon sakini Şəxs məxsus olan mallar və qoyunlar onun, Kamil Fətəliyevin, Şıxnəbiyev Seyidağanın və Zərərçəkmiş şəxs həyət sahəsinə girərək bostanı, sahələrini məhv eləmişdir. Artıq dəfələrlə eyni hadisələr baş verir. Bununla bağlı sözügedən şəxsə öz iradlarını bildirdikdə isə onları təhqir edir. Həmin gün də eyni hal baş vermişdir. Belə ki, hər biri Şəxs ünvanına gedərək ona bu hərəkətlərə yol verməməsini bildirmişlər, lakin sonuncu onları nalayiq söyüşlərlə söymüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, artıq dəfələrlə sözügedən şəxsə məxsus olan mal-qara onların əkin sahələrini, bağ sahələrini məhv edir. Bununla bağlı ona irad bildirəndə isə nalayiq ifadələr işlədir, heç bir tədbir görmür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 da verdiyi ifadəsində qeyd edilən halları təsdiqləmiş, Şəxs öz mal-qarasına sahib çıxmaması səbəbindən onlara xeyli ziyan dəydiyini bildirərək, onun barəsində müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 verdiyi ifadəsində bildirmişdir ki, hər dəfə Şəxs bu hərəkətləri ilə bağlı öz etirazlarını bildirirlər. Lakin o, mal-qarasını əkin, bağ sahələrindən geri çəkmək əvəzinə onları təhqir edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Quba Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə Quba rayonu, Dəvədabanı massivində əkin sahəsində vətəndaşlar Zərərçəkmiş şəxs və bir neçə şəxsin ünvanına nalayiq küçə söyüşləri söymüşdür. Məhkəmə protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatlarını, şahidlərin ifadələrini dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən, lakin ictimai qaydanı pozan hərəkətlərlə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və onun əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən səmimi peşmançılığı və 32-ci maddəsinə əsasən ilk dəfə inzibati məsuliyyətə cəlb olunması məsuliyyəti yüngülləşdirən hallar kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə inzibati xəta törətmiş Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu, habelə məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alaraq, barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiq edilməsini tənbehin məqsədlərinə nail olunması baxımından daha məqsədəmüvafiq hesab edir. İş materiallarında olan inzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli, 119 nömrəli protokoldan görünür ki, Şəxs 23 iyun 2025-ci il, saat 17:00-da inzibati qaydada tutulmuşdur. AR İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 75 (yetmiş beş) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar