Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-561/2025 10.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X2 iştirakı ilə, X2 inzibati tənbeh vermə haqqında Quba rayon DYPB-nin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərardan verilmiş şikayətə baxaraq məhkəmə, müəyyənetdi: X3 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, əsassız olduğuna görə Quba rayon DYPB-nin YPX inspektoru X1 xx.xx.2025-ci il tarixli TP ******* № li qərarı ləğv edilməklə barəsindəki inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, 22 iyun 2025-ci il tarixdə səhər saat 09 radələrində işi ilə əlaqədar idarə etdiyi BMV-3281 MİNİK markalı ** LG *** dövlət qeydiyyat nişanlı avtomaşınla Quba şəhərindən Amsar kəndində yerləşən «QUBA PALAS» otelinə gedirdi. Avtomaşını təxminən saatda 40-50 km sürətlə idarə edirdi, avtomaşında tək olmuşdur. Nügədi kəndi istiqamətinə gedən şosse yolun özünə aid sağ tərəfi ilə hərəkətdə olmuşdur. Şosse yolun sağ tərəfində YPX-nin patrul avtomaşını saxlanılmışdı. Yolun sol tərəfində isə YPX inspektorları kimi tanıdığı Heydər və Sahil adlı polis əməkdaşları bir minik avtomaşını saxlayaraq sürücüsü ilə söhbət edirdilər. Onların bərabərliyinə çatanda tanıdığından qısa siqnal verməklə salamlaşıb yoluna davam etdi. İş yerinə çatanda mobil telefonuna SMS-xəbər gəldi ki, güya o, AR İXM-nin 327.3-cü maddəsilə inzibati xəta törətdiyinə görə, yəni polisin nəqliyyat vasitəsini saxlama tələbini yerinə yetirməməyinə görə 100 manat məbləğində cərimə olunmuşdur. Bu xəbər onun üçün gözlənilməz oldu, qayıdıb onların yanına gəldi və onu cərimə etmələrinin səbəbini soruşdu, bildirdilər ki, güya o onların saxlama işarəsinə məhəl qoymamışdır. Etirazını bildirib, onlara saxlama işarəsi vermədiklərini, nahaqdan onu cərimə etdiklərini dedi. Əgər avtomaşını saxlamaq istəməsəydi,onda niyə onların yanına qayıtdığını başa salmağa çalışdı, lakin onlar əsassız olaraq onu başa düşmək istəmədilər. Törətmədiyi inzibati xətaya görə onu cərimə etdilər. İnzibati xəta haqqında tərtib olunmuş qərarı yalnız 24 iyun 2025-ci ildə Quba rayon DYPBdən ala bildi. Barəsində qəbul edilmiş qərarı əsassız hesab edir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X3 şikayəti müdafiə edərək, şikayət ərizəsində yazılanlara uyğun izahat vermiş şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Quba RPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə təxirə salmaq barədə onlardan hər hansı vəsatət daxil olmamışdır. Ona görə də, məhkəmə, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən hazırki şikayətə Quba RPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şikayət vermiş şəxsi dinləyib və iş üzrə toplanmış sübütlara hüquqi qiymət verərək hesab edirəm ki, X2 şikayəti əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına Quba rayon PŞ-nin DYP bölməsi tərəfindən təqdim edilmiş CD diskə məhkəmə iclasında baxış keçirilərkən görünür ki, X3 polisin saxla əmrinə baxmayaraq hərəkətini davam etdirmiş, polisin sualına cavab olaraq digər polisləri tanıdığını və onların onu hec vaxt saxlamadığını qeyd etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında İşlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması kimi əsaslar göstərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. “Polis haqqinda” Qanunun 3-cü maddəsinin 15-ci bəndinə əsasən yol hərəkəti qaydalarına və hərəkət təhlükəsizliyinə riayət olunmasına nəzarət etmək, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görmək polisin əsas təyinatına və vəzifələri sırasına aid edilmişdir. Lakin X5 polisin saxlamaq tələbini yerinə yetirməmişdir. Buda onu göstərir ki, X3 qərarda göstərilən inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şərh edilənlərə əsasən, məhkəmə X2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.3-cü maddəsi ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsi barədə şikayətin təmin olunmamasını qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddələsini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: X2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.3-cü maddəsi ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsi barədə şikayəti təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №3(027)-561/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-561/2025
10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver