Məhkəmə qərarları › İş №3(027)-562/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-562/2025

14.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-562/2025 14.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə, xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN: xxxxxxx, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs özünə məxsus “Chevrolet Tracker LTZ” markalı, **-YB-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə çox avazlı səs siqnalı quraşdırmaqla idarə etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Şəxs və Quba Rayon Polis Şöbəsinə lazımı qaydada məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmişlər, işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Şəxs və Quba Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə istinad edilən və inzibati məsuliyyətə səbəb olan əməllərə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu istinad edilən inzibati məsuliyyətə səbəb olan əməllərə qiymət verilməsi baxımından kifayət edir. İş materiallarına əlavə edilmiş: - Quba rayonu Yol patrul xidməti tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən “Chevrolet Tracker LTZ” markalı, **-YB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Şəxs tərəfindən AR İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi üzrə pozuntuya yol verilmişdir. - Məhkəməyə “Chevrolet Tracker LTZ” markalı, **-YB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən əldə edilmiş çoxavazlı səs siqnalı sübut qismində təqdim edilmişdir. AR İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs nəqliyyat vasitəsinə xüsusi icazə olmadan çox avazlı səs siqnalı quraşdıraraq idarə etməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddələrilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun təqsiri inzibati xəta haqqında protokol və digər sənədlərlə sübuta yetirilir, əməli düzgün olaraq İXM-nin 342.9-cu maddəsilə ilə tövsif edilmişdir və ona həmin maddə ilə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmamasını nəzərə alaraq, inzibati xəta törətmiş Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olmuş predmet (çoxavazlı səs siqnalı) müsadirə edilməklə cərimə növündə inzibati tənbeh tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması baxımından məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olmuş predmet (çox avazlı səs siqnalı) müsadirə edilməklə 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar