Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-564/2024 24.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X1 iştirakı ilə, X1 Quba RPŞ-nin xx.xx.2024-cü il tarixli, inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərardan verdiyi şikayətə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X2 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nin 329.1-ci və 333.1-ci maddələri ilə xx.xx.2024-cü il tarixdə tərtib edilmiş «inzibati tənbeh vermə haqqında» TP ******* nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, o, xx.xx.2002-ci ildə anadan olmuş, hazırda Quba rayonu, Rustov kəndində yaşayır, etibarnamə (son qüvvədə olma tarixi xx.xx.2024cü il) əsasında VAZ-21154 markalı, **-GJ-*** qeydiyyat nişanlı avtomobili idarə edir. Həmin nəqliyyat vasitəsini idarə etmək üçün onun B1, В, C1, C dərəcəli sürücülük vəsiqəsi (son qüvvədə olma tarixi xx.xx.2033-cü il) vardır. xx.xx.2024-cü il tarixdə, saat təxminən 09 radələrində həmin nəqliyyat vasitəsi ilə Quba-Qonaqkənd avtomobil yolunda hərəkətdə olduğu zaman Quba RPŞ-nin DYPB-nin YPX inspektoru Təbriz adlı əməkdaşı tərəfindən saxlanılmış və əlində olan alkotestr vasitəsilə yoxlanılmış və barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. Həmin cərimə ilə bağlı bildiriş mobil telefonuna gəlmişdir. O, YPX inspektoruna heç bir alkoqollu içki qəbul etmədiyini bildirsə də, o, onun sözlərinə əhəmiyyət verməmiş, alkotestr cihazının göstəricisini ona nümayiş etdirməmiş və elektron qaydada qeyd olunmuş prtokolu tərtib etmişdir. Bu hadisədən təxminən 15-20 dəqiqə sonra Quba RMX-nin KPŞnin narkoloji kabinetinə yaxınlaşaraq öz arzusuyla sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinədən keçmişdir. Həkim narkoloq məni tibbi müayinədən keçirmiş və həmin tarixdə də onun heç bir alkoqol qəbul etməməyini təsdiq edən 97 saylı protokol tərtib edərək ona təqdim edilmişdir. Bundan əlavə, bildirir ki, o, nəqliyyat vasitəsini təhlükəsizlik kəməri bağlayaraq idarə etdiyi halda YPX inspektoru onun barəsində İXM-nin 329.1-cu maddəsi ilə də inzibati xəta haqqında protokol tərtib etmiş, lakin həmin protokolla bağlı ona SMS gəlməmişdir. Həmin protokolun yazılmasını o, yalnız barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında qərarı aldıqdan sonra bilmişdir. Hər iki maddə üzrə 1 qərar qəbul edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X2 şikayəti müdafiə edərək, şikayət ərizəsində yazılanlara uyğun izahat vermiş, şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Quba Rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə təxirə salmaq barədə onlardan hər hansı vəsatət daxil olmamışdır. Ona görə də məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən hazırki şikayətə Quba Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, qərardan şikayət verən X1 izahatını dinləyib, iş üzrə toplanmış sübütlara hüquqi qiymət verərək hesab edir ki, Quba RPŞ-nin xx.xx.2024-cü il tarixli, inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərarı ləğv edilməli, X1 əməlində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində göstərilən inzibati xətanın tərkibi olmadığı üçün, Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə başlanan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, X2 barəsində Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə başlanan inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Quba Rayon Polis Şöbəsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. Nəqliyyat vasitəsini idarə edənin sərxoşluq vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 29 nömrəli qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları» ilə müəyyən edilir. Belə ki, həmin Qaydaların 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promili və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir göstərən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 97 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, həmin vaxt X2 ayıq olmuş, alkoqol qəbulu əlamətləri yoxdur. İnzibati xəta haqqında iş üzrə icraat başlamış vəzifəli şəxs tərəfindən X2 göstərilən vaxt nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və güclü təsir göstərən digər maddələrdən istifadə etməsi nəticəsində sərxoş vəziyyətdə idarə etməsi, yəni xüsusi texniki vasitənin qanda alkoqolun konsentrasiyasının 0,3 promili və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir göstərən maddələrin qəbulunu göstərdiyi halın mövcudluğunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki belə sübutları təqdim etmək və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ona istinad olunan inzibati xətaların törədilməsində təqsirini sübuta yetirmək vəzifəsi bu icraatı başlamış vəzifəli şəxsin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb oulnan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Qeyd edilənlərə əsasən məhkəmə işdə olan əsaslı şübhələri barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 xeyrinə həll edərək, X1 əməlində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin tərkibinin olmaması nəticəsinə gəlir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin möcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İşdəki sübutlardan birmənalı qaydada müəyyən olunur ki, X1 əməlində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi sübuta yetirilmir. Əməldə inzibati xətanın tərkibi sübuta yetirilmədiyinə görə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilmiş əsaslardan biridir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azəbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Quba RPŞ-nin xx.xx.2024-cü il tarixli, inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərarı ləğv edilməli, X2 barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə başlanan inzibati xəta haqqında iş üzrə icraata onun təqsirliyi sübuta yetirilmədiyi üçün xitam verilməli, X2 barəsində Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə başlanan inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Quba Rayon Polis Şöbəsinə göndərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 112, 113, 114-115, 117, 125-126, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilsin. X2 barəsində AR DİN-nin Quba RPŞ-nin xx.xx.2024-cü il tarixli, inzibati tənbeh vermə haqqında TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin. X2 barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə başlanan inzibati xəta haqqında iş üzrə icraata onun təqsirliyi sübuta yetirilmədiyi üçün xitam verilsin. X2 barəsində Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə başlanan inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Quba Rayon Polis Şöbəsinə göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-564/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-564/2024
24.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver