Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-575/2024 16.10.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X4 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 15 may 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X3 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, EK-nin Xaçmaz Şöbəsinin rəisinin və nazirinin istefaya göndərilməsi, AR Konstitusiyasının, AİHVAHK-nın AR YHH qanunlarının maddələrinə əsaslanaraq ekologiya əməkdaşları barəsində cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işlərinin qaldırılması üçün xüsusi qərardadın qəbul edilməsi, onlar tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixində yazılmış cərimənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, o, Quba rayonu, Zərdabi kəndində Şahin adlı qonşusunun xahişi ilə mişar ilə ona məxsus olduğunu dediyi ağacı kəsmişdir, fəhlə kimi işini görmüşdür, lakin sonradan polis əməkdaşları qanunsuz olaraq onu da çağırıb aldadaraq ağac kəsiminə görə izahat almışlar, lakin bir müddət keçəndən sonra Ekologiya Nazirliyinin Xudat şöbəsindən cərimə olunması barədə 22 may 2024-cü il tarixində qanunsuz qərar göndərmişlər, 20 gün müddətində qərarı alanadan sonra məhkəməyə şikayət etmək hüququ yazılmışdır. Həmin qərar tam qanunsuz olduğundan ləğv olunmalıdır. Həmin ərazi onlara yox, yol idarəsinə məxsusdur. O, fəhlə kimi qonşusuna kömək etmişdir və ona da cərimə yazılmışdır. Quba Rayon Məhkəməsinin 3(027)-575/2024 saylı xx.xx.20224-cü il tarixli qərarı ilə X4 şikayəti təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-384 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Quba Rayon Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, 3(027)-575/2024 nömrəli qərarı ləğv edilmiş və işə yenidən baxılması üçün material Quba rayon Məhkəməsinə, yeni məhkəmə baxışına qaytarılmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X6 şikayəti müdafiə edərək, şikayət ərizəsində yazılanlara uyğun izahat verərək, Şahin adlı qonşusunun xahişi ağacı kəsdiyini, budama işi apardığını bildirmiş, şikayətinin təmin olunmasını və cərimənin ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 şikayəti qəbul etməyərək, inzibati xətanın Quba rayon polis şöbəsinin əməkdaşı tərəfindən müəyyən olunduğunu və onlara göndərildiyini, şikayətin təmin olunub-olunmaması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MN №1784492 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 3(027)-575/2024 saylı xx.xx.20224-cü il tarixli qərarından görünür ki, X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X8 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında 15 may 2024-cü il tarixli MN ******* nömrəli qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-384 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X6 barəsində Azərbaycan Respublikası İXMnin 253.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol buna səlahiyyəti olmayan şəxs tərəfindən, yəni Quba rayon Polis əməkdaşı tərəfindən tərtib edilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Rerspublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsi nəzərdə tutulmuş inzibati xətalar haqqında Protokol tərtib edilməsi Daxili İşlər Nazirliyinin əməkdşalarının səlahiyyətinə aid edilməmişdir. X4 barəsində inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin tələbləri pozulmuşdur. Ona görə də Quba rayon Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, 3(027)- 575/2024 nömrəli qərarı ləğv edilmiş və işə yenidən baxılması üçün material Quba rayon Məhkəməsinə, yeni məhkəmə baxışına qaytarılması qərara alınmışdır. Beləliklə, məhkəmə hesab edir ki, X4 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə inzibati xətanın törədilməsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla lazımi qaydada araşdırma aparılmadan cərimə edilməsi bu Qanunun ədalətlik prinsipi ilə uzlaşmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestə baxarkən məhkəmə, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Məhkəmə, iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X8 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN ******* saylı, 15 may 2024-cü il tarixli qərar ləğv edilməli və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 53, 114, 128-131 və 134.1.4 və 135.1.6-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X8 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN ******* saylı, 15 may 2024-cü il tarixli qərar ləğv edilsin və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərardan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-575/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-575/2024
16.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver