Məhkəmə qərarları › İş №3(027)-582/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-582/2023

13.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-582/2023 13.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Azərbaycan Respublikası DİN Quba RPŞ-si İTB-nin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakı ilə, xx.xx.1973-cü ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında baxaraq, məhkəmə müəyyənetdi: xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, X5 xx.xx.2023-cü il tarixdə Quba şəhərində yerləşən “Mərkəzi Poçtun” qarşısında qaynatası Zərərçəkmiş şəxs küçə söyüşlərilə təhqir etmişdir. Məhkəmə iclasında protokol tərtib edən X4 izahatında bildirmişdir ki, X5 xx.xx.2023-cü il tarixdə Quba şəhərində yerləşən “Mərkəzi Poçt”un qarşısında qaynatası Zərərçəkmiş şəxs təhqir etmiş, bununla da ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, X5 özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, həmin gün yoldaşı Qəmər atası ilə poçta gəlmişdir ki, boşanma üçün ərizə versin. O da poçtun qarşısında qaynatasına yaxınlaşıb ailəsinin dağılmasına imkan verməyəcəyini bildirdikdə, qaynatası ona kobud cavab verdiyindən, əsəbləşərək qaynatasını təhqir etmişdir. Həmin vaxt ətrafda kimsə olmamışdır. Məhkəmə iclasında şahd Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, qızı Qəmərlə birgə poçta gələrkən, qızı poçt binasının içərisində olduğu vaxt Rövşən ona yaxınlaşıb söymüş, onu və qızını təhqir etmişdir. Belə hallar dəfələrlə təkrarlandığından o polisə müraciət etmişdir. Barəsində tədbir görülməsini xahiş etmişdir. əlavə edərək hazırda şikayətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, həyat yoldaşı Rövşənlə boşanmaq üçün mart ayının 28-də mediasiya idarəsinə müraciət etmiş və sonra validenlərinin yaşadığı ünvana köçmüşdür. Hal-hazırda valideynlərilə birgə yaşayır. Buna səbəb yoldaşının tez-tez onu səbəbsiz yerə təhqir etməsidir. Aprel ayının 10-da atası ilə poçta gedərkən o poçt binasının içərisində olmuş, Rövşən onun atasına yaxınlaşıb, ailəsinin dağılmasını istəmədiyi bəhanəsilə söyüb təhqir etmişdir. O poçt binasından çölə çıxaraq onlara yaxılaşıb sakitləşdirmişdir. Həmin vaxt poçtdan ondan savayı kimsə çıxmamış və ətrafda da kimsə olmamışdır. Məhkəmə protokol tərtib edən şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidləri dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək X2 əməlində fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən, lakin ictimai qaydanı pozan hərəkətlərə yol verilməsi ilə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta hadisəsinin olmadığı müəyyən edilərək, belə nəticəyə gəlir ki, inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunun "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" 2004-cü il 23 mart tarixli Qərarının 3-cü bəndinə əsasən ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissiilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə,sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir. Habelə AR Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə 2006-cı il 17 fevral tarixli Qərarında qeyd olunmuşdur ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Məhkəmə hesab edir ki, hazırki inzibati material üzrə təqdim olunmuş sübutlardan X2 hərəkətlərində ictimai qaydanı kobud surətdə pozulması və və cəmiyyətə açıqca hörmətsizlik edilməsi müəyyən olunmur. Qohumlar arasında şəxsi münasibətlər zəminində başlamış mübahisə hərəkətləri xuliqanlıq kimi tövsif oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53cü, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar