Məhkəmə qərarları › İş №3(027)-582/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-582/2024

11.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-582/2024 11.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6, zərərçəkmiş şəxs X1 nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Quba şəhəri, 32-33-cü məhəllədə qeydiyyatda olan yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respulikası İXM-nin 528.1-ci maddəsilə xx.xx.2024-cü il tarixdə ******* №li protokol tərtib edilərək, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilir ki, Şəxs Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-264/2022 saylı icra sənədini icra etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında verdiyi izahatında Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 izahatında göstərmişdir ki, Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2(027)-264/2022 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 1600 manat pul və 30,40 manat ödənilmiş dövlət rüsumu alınaraq, tələbkar X3 verilməlidir. Qeyd olunan icra sənədi şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmışdır. Borclu Şəxs rəsmi bildiriş göndərilmişdir. Tələbin borclunun əmlakına və gəlir yerlərinə yönəldilməsi məqsədi ilə borclunun bank hesabları, digər gəlir yerləri, daşınar-daşınmaz əmlaklarının olub-olmaması yoxlanılmışdır. Borclunun gəlir yerilərinin və əmlaklarının axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. İş üzrə borclu Şəxs hal-hazırda tələbkar X3 1300 manat borcu vardır. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında verdiyi izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2(027)-264/2022 saylı icra vərəqəsinə əsasən ondan 1600 manat pul və 30,40 manat ödənilmiş dövlət rüsumu alınaraq, tələbkar X3 verilməlidir. Hazırda tələbkara 1300 manat borcu vardır. Sonuncu dəfə 2023-cü ilin dekabr ayında ödəniş etmişdir. İşləmədiyindən və onkoloji xəstəsi olduğundan borcunu ödəməyə maddi imkanı olmamışdır. Hazırda işləyir və borcundan hissə-hissə ödəniş edəcəkdir. Ona görə də yaxın zamanda ödəniş edəcəyini nəzərə alaraq, hazırkı iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X1 nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2(027)-264/2022 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 1600 manat pul və 30,40 manat ödənilmiş dövlət rüsumu alınaraq, tələbkar X3 verilməlidir. Hazırda 1300 manat borcu vardır. Sonuncu dəfə 2023-cü ilin dekabr ayında ödəniş etmişdir. Qeyd etmişdir ki, Şəxs ilə razılığa gəlmişlər. Yaxın zamanda borcundan ödəniş edəcəyini vəd etmişdir. Ona görə də barəsində hazırkı iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2(027)-264/2022 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 1600 manat pul və 30,40 manat ödənilmiş dövlət rüsumu alınaraq, tələbkar X3 verilməlidir. İş materiallarında zərərçəkmiş şəxs X1 nümayəndəsi X2 ərizəsindən görünür ki, Şəxs ilə razılığa gəlmişlər. Hal-hazırda ona qarşı tələb və şikayəti yoxdur. İcraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında iş üzrə icraat başlamış Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6, zərərçəkmiş şəxs X1 nümayəndəsi X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən edən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin möcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Yuxarıda qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati məsuliyyətin yaranması üçün həmçinin şəxs həmin maddənin dispozisiyasında göstərilən hərəkətləri üzrsüz səbəbdən etməlidir. Belə olan vəziyyədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədini icra etməməsi barədə gətirdiyi dəlillər inandırıcıdır. İşdəki sübutlarla Şəxs üzrsüz səbəblərdən icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və icra sənədini tam icra etməməsi öz təsdiqini tapmır. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibinin yaranması üçün nə inzibati xətanın obyektiv tərəfi, nə də subyektiv tərəfi yoxdur. Belə olan halda, ümumiyyətlə onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyildir. Əməldə inzibati xətanın tərkibinin olmaması isə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilmiş əsaslardan biridir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Azəbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə başlanmış inzibati xəta hıqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 112, 113,114-115, 117, 125-126, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar