Məhkəmə qərarları › İş №3(027)-586/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-586/2024

11.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-586/2024 11.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Protokolu tərtib edən X3, Zərərçəkmiş şəxs, Müdafiəçi Vəkil və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 510-cu maddəsi ilə icraatı başlanmış inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyənetdi: Quba RPŞ-nin İTB-nın sahə rəisi X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respulikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN 1603704- 3223 №-li protokol tərtib edilərək, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:00 radələrində Quba rayonu, Digah kəndində vətəndaş Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, 29 iyun 2024-cü il tarixdə, saat təxminən 19 radələrində ailəsinə məxsus rəsmi sənədi olan Quba rayonunun Alpan kəndində yerləşən anbarda əmisi X6 ilə birlikdə işləyən zaman hasardan iki nəfər şəxsin onları telefonla çəkdiyini görmüş, hasara yaxınlaşdıqda həmin şəxslərin onun uzun müddətdir ədavəti olduğu Həmidov Təriqətdinin qaynanası və qaynatası olduğunu görmüşdür. Onlarla arasında sözlü mübahisə yaranmışdır. Mübahisə zamanı Zərərçəkmiş şəxs söyməmiş, ona qarşı heç bir nalayiq ifadə işlətməmişdir. Ona görə də barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, 29 iyun 2024-cü il tarixdə, saat təxminən 19 radələrində həyat yoldaşı X4 ilə birlikdə Digah kəndinin kənarında yerləşən gölə baxmağa getmiş, qayıtmaq istəyərkən adının sonradan Şəxs olduğunu bildikləri şəxs onların qarşılarını kəsərək, onu nalayiq söyüşlərlə təhqir etmişdir. Ona görə də Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahat verərək bildirmişdir ki, Zərərçəkmiş şəxs həyat yoldaşıdır. 29 iyun 2024-cü il tarixdə, saat təxminən 19 radələrində həyat yoldaşı ilə birlikdə Digah kəndinin kənarında yerləşən gölə baxmağa getmiş, qayıtmaq istəyərkən Şəxs həyat yoldaşını nalayiq söyüşlərlə təhqir etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əmisidir. 29 iyun 2024-cü il tarixdə, saat təxminən 19 radələrində həyətdə Şəxs ilə birlikdə işləyən zaman Kamal hasardan iki nəfər şəxsin onları telefonla çəkdiyini görmüş və onlara iradını bildirmişdir. Kamal Zərərçəkmiş şəxs söyməmiş, heç bir nalayiq ifadə işlətməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, protokolu tərtib edən şəxsin və şahidlərin izahatını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün hazırki inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 (dörd) element-obyekt, obyektiv cəhət, subyektiv cəhət və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri yoxdursa, deməli, əməldə inzibati xətanın tərkibi də yoxdur. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi xırda xuliqanlığa, yəni ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutur. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş xırda xuliqanlığın mahiyyətini təşkil edən «ictimai qaydanı pozma» ifadəsinə aydınlıq gətirmək üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin bu xüsusda olan qərarlarına istinad etməyi vacib sayır. Belə ki, «Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və X2 İşlər Üzrə Məhkəmə Kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, ictimai qaydanı pozan hərəkətlər-təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə yaradan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər təqsirkarın ətrafdakı şəxslərlə özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətlərdir. Təqsirkarın ictimai qaydanı pozmaq niyyətində olduğu müəyyənləşdirilməyibsə, deməli, onun hərəkətləri xuliqanlıq kimi qiymətləndirilə bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarının 2 bəndində qeyd olunur ki, ictimai qaydanı pozan hərəkətlər dedikdə, ictimai və şəxsi mənafelərə zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davaranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Yuxarıda istinad olunan qanun normalarının mənasından görünür ki, şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş xırda xuliqanlığın tərkibinin yaranması üçün onun hərəkətləri ictimai qaydanın pozulmasına yönəlməli (obyektiv tərəf) və bu zaman xırda xuliqanlıq niyyəti olmalıdır (subyektiv tərəf). Başqa sözlə, əməldə həmin xətanın tərkibinin olub-olmamasının aydınlaşdırılması üçün ictimai qaydanı pozan hərəkətlərin törədilib-törədilməməsi və ictimai qaydanı pozmaq niyyətinin olub-olmamasının müəyyənləşdirilməsi həlledici şərtlərdir. Bunlar yoxdursa, deməli əməldə xırda xuliqanlığın tərkibi də yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatından görünür ki, o, Zərərçəkmiş şəxs söyməmiş və ictimai qaydanı pozmamış və söyüş söyməsi və ictimai qaydanı pozmasına isə heç bir səbəb olmamışdır. Şəxs həmin vaxt hansı hərəkəti ilə cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı pozması, habelə bu hərəkətlərin hansı insanların hüquq və azadlıqlarına təhlükə və sarsıntı törətməsi, ümumiyyətlə bu təhqir etmənin hansı ifadələrlə həyata keçirilməsi inzibati xəta haqqında protokolda və iş üzrə hər hansı sübutda öz əksini tapmamışdır. İş materialları ilə Şəxs cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması və bu hərəkətlərin xırda xuliqanlıq niyyəti ilə törədilməsi sübut olunmur. İnzibati xəta haqqında iş üzrə icraat başlamış vəzifəli şəxs də bu halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsinin tələbinə görə, bu sübutları məhkəməyə təqdim etməklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli olmasını sübut etmə vəzifəsi həmin vəzifəli şəxsin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb oulnan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, onun barəsində İXM-nin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2 maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 106, 110- 118 və 128-133-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a ra a l d ı : Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar