Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-588/2025 23.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Qərardadan şikayət verən şəxs X1 iştirakı ilə Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X2 məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 10 iyun 2025-ci il tarixdə Bakı şəhərində hərəkətdə olarkən yol patrul xidməti əməkdaşı onun idarə etdiyi “X4” markalı **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamış, svetaforun qadağanedici işarəsində avtomobilini hərəkət etdirdiyini bildirərək barəsində inzibati xəta haqqında protokol tərtib etdiyini bildirmişdir. O, ona svetoforun qadağanedici işarəsində keçmədiyini hərəkət istiqamətində nəzarətedici kameranın olduğunu, həmin kameraya baxaraq yol hərəkəti qaydasını pozub-pozmadığını müəyyənləşdirmək mümkün olduğunu deyərək görüntülərini tələb etmişdir. Lakin yol patrul xidməti əməkdaşı “sənə cərimə gələndə görərsən” deyərək yanından uzaqlaşdı. Həmin yerdən bir neçə kilometr aralandıqdan sonra ona cərimə olunması barədə sms gəldi. Bundan sonra elektron kabinetə daxil oalraq yol hərəkətini pozulmasını təsdiq edən görütünün olub-olmadığını yoxlamaq istəmişdir. Elektron kabinetində görüntü hissəsinə daxil olduqda görüntü əvəzinə xəritə açılır. Beləliklə barəsində Bakı şəhər DYPİ polis kapitanı Fərid İldırımzadə tərəfindən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nın 327.2-ci maddəsinin tələbini pozduğu üçün 100 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Həmin qərarla razılaşmır. Qərar qanunsuz və əsassızdır. Ona görə ki, əgər o, svetoforun qadağanedici işarəsində yol hərəkətini davam etdirmişdirsə bununla bağlı görüntü sübut olmalıdır. Bakı şəhərində yolların əksəriyyətində təhlükəsizlik kamerası vardır. Ola bilməz ki, onun hərəkəti təhlükəsizlik kamerasına düşməsin. O, diqqətli sürücüdür, daim yol hərəkəti qaydalarına əməl edir. Ola bilməz ki, o, qırmızı işıqda keçsin. Bundan əlavə Bakı şəhərində nəqliyyatın hərəkəti çox sıxdır. O, qırmızı işıqda keçsəydi, mütləq hansısa bir digər nəqliyyat vasitəsilə ilə toqquşardı. Göründüyü kimi belə bir hadisə olmamışdır. Bununla bağlı o, hətta Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə, 902 qaynar xəttinə şikayət etmişdir, yazılı müraciət göndərmişdir. Lakin müraciətlərinin heç bir nəticəsi olmamışdır. X2 məhkəməyə vəsatət ünvanlayaraq, inzibati xəta haqqında işə inzibati xətanın törədilməsinin iddia edildiyi yerdə deyil, qeydiyyatda olduğu və yaşadığı Quba rayon Məhkəməsində baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən X2 ərizənin məzmununa uyğun izahat vermiş və qərarın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən Bakı şəhəri DYPİ-yə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan DİN DYPB-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xəatalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 100 (yüz) manat cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-100 (yüz) manat məbləğində cərimə edilir. Nizamlanan yolayrıcı-hərəkət növbəliliyi svetoforun və ya nizamlayıcının siqnalları ilə müəyyənləşdirilən yolayrıcıdır. “X4” markalı **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobil nizamlanan yolayrıcında hərəkətdə olmuşdur. Məhkəməyə təqdim edilmiş videogörüntülərə baxılması zamanı müəyyən olunur ki, görüntülərin qeydə alındığı istiqamətdən əks tərəfdə olduğu üçün sözügedən nəqliyyat vasitəsinin svetoforun qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirməsinin müəyyən edilməsi mümkün deyildir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, şikayət qismən təmin edilməli, xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-yə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinin tələbinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması (135.1.1) və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasının müəyyən edilməsi (135.1.6) hallarında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası AR DİN Bakı DYPİ-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün AR DİN Bakı şəhər DYPİ-yə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Kamilli
Məhkəmə qərarları › İş №3(027)-588/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-588/2025
23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver