Məhkəmə qərarları › İş №3(027)-590/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-590/2025

16.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-590/2025 16.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızı, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, X1 inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 28791774 nömrəli qərardan verilmiş şikayətə baxaraq məhkəmə, müəyyənetdi: X2 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası İXMnin 346.4-cü maddəsi ilə nəzərdə tutularaq barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28791774 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməklə, barəsindəki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, onun özünə məxsus “Lada VAZ 2103” minik markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomaşını vardır. Artıq 30 ildir ki, bazar ətrafında göstərilən yerdə maşın saxlayır. Həmin ərazidə heç bir xəbərdaredici yol işarəsi və ya yol zolaq xətləri yoxdur. Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsi ilə təqsirli bilinərək, Daxili işlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən barəmdə xx.xx.2025-ci il tarixli, EQ 28791774 nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş, 80 manat məbləğində cərimə olunmuşdur. Həmin qərar təmamilə əsassızdır. Belə ki, o həmin zaman heç bir qayda pozuntusu etməmişdir. Tərtib olunmuş protokol ilə razı deyil, qanunsuz hesab edir. Ona görə də hesab edir ki, məhkəmə tərəfindən lazımi qaydada araşdırma aparılmalı, təqsirsizliyi sübuta yetirilməli və xx.xx.2025-ci il tarixli, EQ 28791774 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, şikayət vermiş X2 və AR DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə təxirə salmaq barədə ondan hər hansı vəsatət daxil olmamışdır. Ona görə də, məhkəmə, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən hazırki şikayətə X2 və Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə olunmuş Quba rayon PŞ-nin DYP bölməsi tərəfindən təqdim edilmiş fotoşəkillərdən görünür ki, “Lada VAZ 2103” minik markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomaşın yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə dayanmışdır. Təqdim edilmiş 3 ədəd fotomaterialda piyadaların hərəkətdə olması müşahidə edilsədə nəqliyyat vasitəsinin eyni mövqedə sabit şəkildə dayanması onun hərəkətdə deyil məhz dayanma vəziyyətində olduğunu vizual təsdiq edir. Şikayət ərizəsində qeyd olunanlara və iş üzrə toplanmış sübütlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, X1 şikayəti əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında İşlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması kimi əsaslar göstərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şərh edilənlərə əsasən, məhkəmə X1 barəsində Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ 28791774 nömrəli qərar ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam veriməsi barədə şikayətin təmin olunmamasını qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddələsini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X1 barəsində Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsi ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ 28791774 nömrəli qərarın ləğv edilməsi barədə şikayəti təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar