Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-593/2025 11.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, X1 iştirakı ilə X3 Azərbaycan Respublikasının DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 28822788 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X3 Azərbaycan Respublikasının DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 28822788 nömrəli qərarının ləğv edilməsi və icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə əldə etdiyi, Azərbaycan Respublikasının DİN BDYPİ X2 çıxarılmış, X6 xx.xx.2025-ci il tarixli, EQ28822788 saylı qərardan ona bəlli olmuşdur ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsirli bilinmişdir. Barəsində tərtib edilmiş X6 EQ28822788 saylı qərar qanunsuz və əsassızdır, hərəkətlərində inzibati xəta tərkibi yoxdur, qərar ləğv edilməlidir. Hazırki şikayətə əlavə edilmiş X6 EQ28822788 saylı qərarla əlaqəli foto şəkildən göründüyü kimi - ərazi, piyadalıların və nəqliyyat vasitələrinin hərəkəti üçün qanunla tənzimlənən yol deyildir. Yəni ərazi piyadalıların və nəqliyyat vasitələrinin hərəkəti üçün məhdudiyyət olmayan ərazidir, ərazidə hər hansı bir yol nişanı yoxdur, onun idarə etdiyi VAZ21150 minik markalı, 40BV435 dövlət qeydiyyat nişanlı avtomobilin arxa əyləc işığı işıqlanır, ondan sağda hərəkətsiz olan NİVA minik markalı və solda digər minik markalı avtomobil dayanmış və üçüncü minik markalı avtomobil qarşıda yolunu kəsərək onun hərəkətini dayandırmışdır. O, ərazidə hərəkətdə olarkən qarşı tərəfdəki NİVA markalı avtomobil dayanaraq yolunu kəsdiyindən, onun sol tərəfindən keçmə əməliyyatının tamamında qarşısına digər minik markalı avtomobil yaxınlaşaraq yolunu kəsib tıxac yaratdığından o, müvəqqəti olaraq avtomobilini dayandıraraq tıxacdan çıxış üçün digər hərəkətə başlamaq niyyətində olmuşdur. Onun hərəkəti ilə əlaqəli belə əlverişsiz şəraitdən istifadə edərək onu məsuliyyətə cəlb etmək yolverilməzdir. Məhkəmə iclasında şikayət verən X4 ərizənin məzmununa uyğun izahat vermiş və qərarın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən DİN BDYPİ-yə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli EQ 28822788 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X4 Azərbaycan Respublikasının İnzibati Xəatalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 80 (səksən) manat cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsinə əsasən, yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 124.6-cı maddəsinə əsasən bu Məcəllənin 346.1 346.2, 346.4–346.9, 346-1.1–346-1.4 və 346-1.6–346-1.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində X6 iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. “Yol hərəkəti haqqında “Azərbaycan Respublikasının Qanununa əsasən yolun hərəkət hissəsi – yolun nəqliyyat vasitələrinin hərəkəti üçün istifadə edilən hissəsidir (yolun ayırıcı zolaq vasitəsilə dürüst müəyyən edilən və ya müxtəlif səviyyələrdə olan bir neçə hərəkət hissəsi ola bilər); Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xəta üzrə qərara əlavə edilmiş foto görüntülərdən məlum olur ki, VAZ21150 minik markalı, 40BV435 dövlət qeydiyyat nişanlı avtomobil yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə dayanmamış, əylənci sıxaraq qarşıdan keçən avtomobilə yol vermişdir. Həmçinin, mübahisələndirilən qərarda qeyd olunan ərazi piyadalıların və nəqliyyat vasitələrinin hərəkəti üçün qanunla tənzimlənən yol deyildir. Ərazidə hər hansı bir yol nişanı müəyyən olunmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 28822788 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən X6 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək X6 iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcələnin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması X6 iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 28822788 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və həmin X6 iş üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 53.1.1-maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Kamilli
Məhkəmə qərarları › İş №3(027)-593/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-593/2025
11.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver