Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-601/2023 15.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Protokol tərtib etmiş Quba rayon Polis şöbəsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi qaydada işləyən, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İnzibati xəta haqqında 15 aprel 2023-cü il tarixli MN seriyalı ******* nömrəli protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə, saat 02:50-də Quba şəhəri, M.Ə.Sabir küçəsində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İnzibati xəta haqqında 15 aprel 2023-cü il tarixli MN seriyalı ******* nömrəli protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə, saat 02:50-də Quba şəhəri, M.Ə.Sabir küçəsində polis əməkdaşlarınına qarşı nalayiq sözlər işlədərək xırda xuliqanlıq etmişdir. Protokol tərtib etmiş Quba rayon Polis şöbəsinin polis sahə rəisi X2 məhkəmə iclasında bildirmişdir ki, yol patrul xidməti əməkdaşlarının çağırışı əsasında M.Ə.Sabir küçəsində PPXB əməkdaşlarının tələblərinə tabe olmayan vətəndaşlar aşkar edilmiş və müvafiq protokollar tərtib olunaraq aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 02:50 radələrində H.Əliyev prospektində özünə məxsus “Vaz-2107” markalı avtomobillə hərəkətdə olduğu zaman yol patrul xidməti əməkdaşlarının uzaqdan gəldiyini gördükdə M.Ə.Sabir küçəsinə döndükdən sonra avtomobili dostunun həyətinin qapısında saxlayıb Elnurun avtomobilinə minmişdir. Bu vaxt polis əməkdaşları onları saxlayaraq ona az əvvəl sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün Quba RPŞ-nə getməsini təklif etmişlər. Bu vaxt o və dostu Elnur olduğu avtomobilin qapılarını açmaqdan və polis əməkdaşlarının avtomobilin açarlarının verilməsi tələbinə tabe olmaqdan imtina etmişlər. YPX əməkdaşları əlavə qüvvə çağırmış və onlar şöbəyə aparılmışlar. Əlavə edərək aktiv müqavimət göstərmədiklərini, yalnız açarı verməkdən və qapını açmaqdan imtina etdiklərini, hazırda əməlindən peşman olduğunu, belə hərəkətlərə yol verməyəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid Quba RPŞ-nin əməkdaşı X3 ifadəsində bildirmişdir ki, xx.xx.2023cü il tarixdə xidmətdə olduqları zaman, saat təxminən 02:50 radələrində N/H-nin göstərişi ilə YPXnin əməkdaşlarının çağırışına M.Ə Sabir küçəsinə getmişlər. Həmin ərazidə iki şəxsin polis əməkdaşlarının avtomobilin açarını verməsilə bağlı tələbini yerinə yetirməkdən imtina etdiklərini aşkar etmişlər. Özlərini təqdim edərək onları nizam–intizama dəvət etmiş və daha sonra həmin şəxsləri RPŞ-nə aparmışlar. Əlavə edərək aktiv tabe olmamada ifadə olunan hər hansı hərəkətin şahidi olmadıqlarını bildirmişdir. Məhkəmə protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidi dinləyib, inzibati xəta haqqında protokolu və işdə olan sənədləri tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilsə də, həmin Məcəllənin 510-cu maddəsilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, ictimai qaydanı pozan hərəkətlərə görə məsuliyyət müəyyən etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" 2004-cü il 23 mart tarixli Qərarının 2-ci bəndinə əsasən ictimai qaydadedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlıdavranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İnzibati xəta haqqında protokolda və iş materiallarında olan digər sənədlərdə Şəxs xırda xuliqanlıq etməsi faktını təsdiq edən heç bir mötəbər sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Təqdim olunmuş bir ədəd CD və şahid ifadəsilə təsdiqini tapmış polis şöbəsinə dəvətlə bağlı və avtomobilin açarlarının verilməsinə etiraz isə, xırda xuliqanlıq kimi qiymətləndirilə bilməz. Belə ki, qeyd edilən inzibati xəta kimi əməlin obyektini ictimai qayda təşkil edir və AR Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə 2006-cı il 17 fevral tarixli Qərarında qeyd olunmuşdur ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq təqsirliliyi sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, hazırki əməllər yalnız İXM-in 535.1-ci maddəsinin tərkibini yaradan - polis işçisinin ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama kimi qiymətləndirilməlidir. Belə olan halda məhkəmə hesab edir ki Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd edilən Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz və başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsi və evli olmaqla himayəsində azyaşlı uşağın olması məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.1-ci maddəsilə müəyyən olunmuş hal həmin Məcələnin 33.3-cü maddəsinin tələbi nəzərə alınmaqla ağırlaşdıran hal kimi müəyyən edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. Beləliklə də, qeyd edilən Məcəlləsinin 33-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə ilə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini ağırlaşdıran halın olmamasını və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq barəsində inzibati inzibati cərimə növündə inzibati tənbeh tədbiq edilməsini tənbehin məqsədlərinə nail olunması baxımından daha məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta ilə bağlı hissədə xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və İXM-nin 31.4-1-ci maddəsinin tələbi nəzərə alınmaqla 150 manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-601/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-601/2023
15.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver