Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-602/2021 03.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Barəsində inzibati xəta haqqına iş üzrə icraat aparılan Şəxs Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi X4 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə Şəxs Mənzil Kommunal Təsərrüfatı Birliyi (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs Mənzil Kommunal Təsərrüfatı Birliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola əsasən Quba şəhər poliqonunda bərk məişət tullantılarının yandırıldığı, Şəxs Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən poliqonda bərk məişət tullantılarının idarə olunması işinin qanunamüvafiq aparılmadığı qeyd edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi X6 izahat verərək göstərdi ki, Şəxs Mənzil Kommunal Təsərrüfatı Birliyi barəsində tərtib olunan inzibati protokolla razı deyil. Belə ki, Şəxs Mənzil Kommunal Təsərrüfatı Birliyinə 15,58 ha ərazi ayrılsa da, faktiki həmin ərazinin 4 ha tərəflərindən istifadə olunur. Həmin ərazidə də zibilliyin zərərsizləşdirilməsi mümkün deyil. Tərəflərindən həmin əraziyə yanğın baş verməsin deyə su arxı çəkilmiş, birlik tərəfindən ərazi hər ay zərərsizləşdirilərək, üzərinə torpaq qatı verilir. Həmçinin yandırılma və çeşidləmə işlərinin Birliyə aidiyyatı yoxdur. Həmin ərazi tərəflərindən yandırılmamışdır. Həmin ayda havaların isti keçməsi ilə əlaqədar yanğın təbii qızışma nəticəsində baş vermişdir. Göstərdiklərini nəzərə alaraq Şəxs Mənzil Kommunal Təsərrüfatı Birliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə başlanmış inzaibati xəta haqqında iş üzrə icrata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 bildirdi ki, 27 iyul 2021-ci il tarixli, 69107 saylı akt və ərazidən yerində çəkilmiş fotoşəkillər əsasında, Quba şəhər poliqonunda bərk məişət tullantılarının yandırılması, Şəxs Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən poliqonda bərk məişət tullantılarının idarə olunması işinin qanunamüvafiq aparılmamasına görə Şəxs Mənzil Kommunal Təsərrüfatı Birliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə 27.07.2021-ci il tarixli, MN ******* nömrəli protokol tərtib olunmuşdur. 27.07.2021-ci il tarixdə reyd zamanı tullantıların yandırılması müşahidə olunmuşdur. 15,58 ha ərazi Şəxs Mənzil Kommunal Təsərrüfatı Birliyinin ərazisidir. Həmin ərazinin 500-600 kv.metr hissəsində yanğın baş vermişdir. Dəfələrlə bu məsələ ilə əlaqədar şikayətlər olub. Şəxs Mənzil Kommunal Təsərrüfatı Birliyi barəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun tədbir görülməsini xahiş edir. İş materiallarında olan 27.07.2021-ci il tarixli, 69107 № li aktda qeyd edilmişdir ki, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 01.07.2021-ci il tarixli 00045 saylı və 08.07.2021-ci il tarixli 00050 saylı sərəncamlarına əsasən idarəyə daxil olmuş məlumat əsasında “Ətraf mühitin mühafizəsi haqqında” və “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının qanunlarının, “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi qaydaları”-nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.04.2005-ci il tarixli, 74 saylı qərarının tələblərinə riayət olunması məqsədilə xidməti əraziyə daxil olan Quba rayonunda yerləşən Quba şəhər poliqonuna yerində baxış keçirilmiş, baxış zamanı Quba şəhəri Dəvədabanı yaşayış massivinin şərq hissəsində yerləşən şəhər poliqonu üçün Quba rayon İcra Hakimiyyəti Başçısının 14.08.2017-ci il tarixli, 143 nömrəli sərəncamı ilə ayrılmış 15,58 ha torpaq sahəsinin təqribən 500-600 kv.metri əhatə edən ayrı-ayrı sahələrində baş vermiş yanğın nəticəsində bərk məişət tullantılarının yanması faktı aşkar olunmuşdur. Bununla da Şəxs Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən Azərbaycan Respublikasının “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 47-ci və “İstehsalat və məişət tullantıları haqqında” Qanunun 12-ci, “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi qaydaları”-nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.04.2005-ci il tarixli, 74 saylı qərarının 7-ci maddəsinin tələbləri pozulmuşdur. 28.06.2021-ci il tarixdə Quba şəhər poliqonunda baş vermiş yanğın nəticəsində əmələ gələn tüstü kəskin qoxu ilə əlaqədar 29.06.2021-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər nazirliyinin “Qaynar xətt”-nə olunan müraciətlə bağlı idarə əməkdaşları tərəfindən araşdırma aparılaraq, bununla əlaqədar 07.07.2021-ci il tarixli, 69130 saylı akt tərtib olunmuş, poliqonun daimi nəzarətə götürülərək yanğın əleyhinə qabaqlayıcı profilaktik tədbirlərin gücləndirilməsinin təmin edilməsi üçün Şəxs Mənzil Kommunal Təsərrüfatı Birliyinə 13.07.2021-ci il tarixli, 1270 saylı rəsmi məktub ünvanlanmışdır. İş materiallarında olan 29.01.2021, 27.02.2021, 30.03.2021, 30.04.2021, 31.05.2021, 30.06.2021, 31.07.2021 və 31.08.2021-ci il tarixli aktlardan görünür ki, Şəxs Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən hər ay poliqona daşınan məişət tullantıları zərərsizləşdirilir və üzərinə torpaq qatı verilir. İnzibati xəta haqqında iş üzrə icraat başlamış Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi X4 izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edirəm ki, «Təmiz Quba” Mənzil Kommunal Təsərrüfatı Birliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xətanın tərkibi olmadığı üçün xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, inzibati xəta törətmiş şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh növünün tətbiqinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri yoxdursa, deməli, əməldə inzibati xətanın tərkibi də yoxdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanun normasının mənasından görünür ki, şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 271.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulması, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi müəyyən olunmalıdır. İş materiallarından, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi X4 izahatından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Mənzil Kommunal Təsərrüfatı Birliyi həmin ərazini yandırmamış, havaların isti keçməsi ilə əlaqədar yanğın qızışma nəticəsində baş vermiş, inzibati xəta törətməmiş və digər hüquqpozmalara yol verməmişdir. İşdəki sübutlarla Şəxs Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən həmin vaxt sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulması, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi, ümumiyyətlə yandırılmanın Şəxs Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən törədilməsi müəyyən olunmamışdır. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın obyektiv tərəfi mövcud olmadığı üçün, onun əməlində həmin inzibati xətanın tərkibi də yoxdur. Şəxs Mənzil Kommunal Təsərrüfatı Birliyi barəsində inzibati xəta haqqında iş üzrə icraat başlayan vəzifəli şəxs tərəfindən də bunun əksini, yəni Şəxs Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən Quba şəhər poliqonunda bərk məişət tullantılarının yandırılmasını, bununla da Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Halbuki qanuna görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətanı törətməsində təqsirli olmasını sübut etmə vəzifəsi həmin vəzifəli şəxsin üzərinə düşür. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsirli olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Bu Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta tərkibi olmadığından "Təmiz Quba” Mənzil Kommunal Təsərrüfatı Birliyi barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 53-cü, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: "Təmiz Quba” Mənzil Kommunal Təsərrüfatı Birliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-602/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-602/2021
03.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver