Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-602/2025 18.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Şikayət verən X1 iştirakı ilə Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 28870713 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X1 şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : X2 inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsilə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nın 346.2 və 346.4-cü maddələri ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ 28870713 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2025 tarixində barəsində tərtib olunmuş inzibati xəta haqqında qərarda İXM-nin 346.9-cu maddəsinə əsasən cərimə və əlavə olaraq 2 cərimə balı tətbiq olunmuşdur. Qeyd olunan cərimə ünvan 1 ünvanında (№ 7001, xx.xx.2021 etibarnamə əsasında) idarə etdiyi avtomobilin (Ford Transit, 99RS520, WF0XXXTTFXAU71851) iddiaya görə düzgün olmayan şəkildə saxlanılması ilə əlaqələndirilir. Lakin avtomobil həmin ərazidə qısa müddət ərzində onun faktiki yaşadığı evin qarşısında dayanmışdır. Həmin ərazidə yalnız sarı kəsik xətt (1.10 yol nişanı) mövcuddur. Bu nişan durmanı qadağan edir, amma qısa müddətli dayanmanı icazəli sayır. Hər hansı 3.28 və ya digər yol nişanı mövcud deyil. Barəsində tətbiq olunan 2 cərimə balını isə qanunsuz hesab edir, çünki İXM-nin 346.9-cu maddəsi cərimə balı verilməsini nəzərdə tutmur. Qərarda bu balların verilməsinin heç bir hüquqi əsaslandırılması və istinad nöqtəsi göstərilməmişdir. Məhkəmə iclasında şikayət verən X2 ərizənin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, o nəqliyyat vasitəsini həmişə eyni yerdə saxlayır. İndiyə kimi ona heç bir cərimə yazılmamışdır. Onun saxladığı yer evinin qarşısıdır. Qeyd edilənlərər əsaslanaraq, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən DİN BDYPİ-yə məlumat verilsə də, nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdilər. Məhkəmə işə, qərarından şikayət verilən orqanın nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 28870713 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 60 (altmış) manat cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 124.6-cı maddəsinə əsasən bu Məcəllənin 346.1 346.2, 346.4–346.9, 346-1.1–346-1.4 və 346-1.6–346-1.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bortkompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası İXM-nin 346.9-cu maddəsinə əsasən, Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə – altmış manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında “Azərbaycan Respublikasının Qanununa əsasən yolun hərəkət hissəsi – yolun nəqliyyat vasitələrinin hərəkəti üçün istifadə edilən hissəsidir (yolun ayırıcı zolaq vasitəsilə dürüst müəyyən edilən və ya müxtəlif səviyyələrdə olan bir neçə hərəkət hissəsi ola bilər); Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iş materiallarına əlavə edilmiş foto şəkillərdə sarı kəsik xəttin mövcud olmasını, bundan əlavə “Ford Transit” markalı, 99RS520 dövlət qeydiyyat nişanlı avtomobilin dayandığı yerin şikayətçinin iddia etdiyi kimi evinin qarşısının olmasının müəyyən edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinin tələbinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması (135.1.1) və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasının müəyyən edilməsi (135.1.6) hallarında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, Azərbaycan Respublikası DİN BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 28870713 nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN BDYPİ-yə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 28870713 nömrəli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN BDYPİ-yə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Kamilli
Məhkəmə qərarları › İş №3(027)-602/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-602/2025
18.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver