Məhkəmə qərarları › İş №3(027)-612/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-612/2022

20.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-612/2022 20.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X8 qızının katibliyi, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxx 1988-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan (X2 xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs 19 iyun 2022-ci il tarixdə saat 16:50 radələrində Quba şəhəri, bazar ərazisində vətəndaş X6 məxsus 200 manat dəyərində “Redmi” markalı mobil telefonu və 100 AZN pulu oğurlayaraq 300 AZN ziyan vurmuşdur. Bununla bağlı Quba rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 tərəfindən Şəxs barəsində 20 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və materialla birlikdə baxılması üçün Quba rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Quba şəhərində yaşayır. Fərdi əməklə məşğuldur. Himayəsində 2 övladı var. 19 iyun 2022-ci il tarixdə bazar ərazisində olmuşdur. Spirtli içki aludəçisidir. Yoldaşlarla birlikdə bazar ərazisində spirtli içki qəbul etmiş, 19 iyun 2022-cı il tarixdə təxminən saat 13 radələrində bazarın içərisində olan Mehdi adlı şəxsə məxsus kafenin qarşısında bir nəfər şəxsin sərxoş olduğunu və özünü narahat hiss etdiyini görmüş, həmin şəxsə kafenin stulunda əyləşməsini təklif etmişdir. Bu şəxs uzandıqdan bır müddət sonra onun sinəsinin üzərində mobil telefon olduğunu görmüş, sərxoş olduğundan həmin şəxsin mobil telefonunu götürmək və satmaq qərarına gəlmişdir. Ona yaxınlaşaraq mobil telefonu götürmüş və buradan uzaqlaşmışdır. Telefonu özündə saxlamış, şəxsiyyət vəsiqəsinin üzərində olmadığından telefonu sata bilməyəcəyini düşünmüş və telefonu ayaqyolunda gizlətmişdir. Bir müddət sonra adını bilmədiyi şəxs ona yaxınlaşmış və telefonu oğurladığını polis əməkdaşlarına demişdir. O, isə telefonu tualetdən gətirərək polis əməkdaşlarına təqdim etmişdir. Əməlindən peşman olduğunu, barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs X7 izahat verərək göstərdi ki, Şabran rayonunda yaşayır. Fərdi əməklə məşğuldur. Himayəsində 3 övladı var. 19 iyun 2022-ci il tarixdə saat 09 radələrində Quba rayonu, Təngəaltı kəndinə əsgər yoldaşının övladının kiçik toyuna gəlmişdir. Toy məclisində iştirak etdikdən sonra oradan çıxaraq Quba şəhər ərazisinə gəlmiş, spirtli içki qəbul etdiyindən özünü narahat hiss etmiş və uzanmaq qərarına gəlmişdir. Bu məqsədlə Quba şəhəri Mərkəzi Bazarda yerləşən adını bilmədiyi şəxsə məxsus kafedə əyləşmiş, həmin vaxtı kafe bağlı olmuş, ancaq qapıdan qayırda stolu və stulu olmuşdur. O, narahat olduğundan sonradan adını öyrəndiyi Tural adlı şəxs kafenin stolunda uzanmağını təklif etmişdir. O, isə həmin stulda uzanmışdır. Bu vaxt istifadəsində olan, təxminən bir il əvvəl aldığı, hazırda 200 manat dəyəri olan «Redmi» markalı mobil telefonu sinəsinin üzərinə qoymuş, bir müddət sonra özündən asılı olmayaraq yatmışdır. Təxminən bir saat sonra oyandıqda mobil telefonunun üzərində olmadığını aşkar etmiş, həmin vaxtı telefonun kabrosunda 100 manat pul və bir ədəd sim mobil nömrə (***-***-**- **) olmuşdur. Orada, ətrafda olan şəxslərdən telefonunun oğurlanmasını demiş, tanımadığı şəxslər ərazidə Tural adlı şəxsin oğurluqla məşğul olmasını bildirmişlər. O, Turala yaxınlaşaraq mobil telefonunu istəmiş, ilk əvvəl telefonun onda olmadığını bildirmiş, daha sonra polisə müraciət etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona oğurladığı telefonunu geri qaytarsa da, oğurladığı 100 manat məbləğində pulu və telefonun içərisində mobil nömrələri qaytarmadığını, onunla barışmadığını bildirərək, onun barəsində qanunla müəyyən edilmiş ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Quba rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 protokollarda göstərilənləri təsdiq edərək protokolların onun tərəfindən tərtib edildiyini bildirdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, iş materiallarında olan Quba RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X1 tərəfindən qəbul edilmiş 20 iyun 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şabran rayonu, Əmirxanlı kəndində yaşayan X6 məxsus, təxminən bir il əvvəl aldığı, dəyəri 200 manat olan "Redmi" markalı mobil telefon, telefonun kabrosunun içində olan 100 manat pul 19 iyun 2022-cı ıl tarixdə Quba şəhəri mərkəzi bazar ərazisində Quba rayon sakini Şəxs Nahid oğlu tərəfindən oğurlanmış və Əlişad Manafova ümumilikdə 300 (üç yüz) manat dəyərində ziyan dəymişdir. Əməli törətmiş Şəxs əməlini etiraf etmiş, sərxoş halda oğurluq etdiyini, niyyətinin həmin telefonu sataraq pul əldə etmək və spirtli içki qəbul etmək olduğunu bildirmişdir. Qüvvədə olan qanunvericiliyə görə həmin məbləğ özgənin əmlakını gizli talama, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin tərkibini yaratmır. Lakin, Şəxs Nahid oğlunun əməlində AR-run İXM-nin 227-ci maddəsinin tərkibi vardır. Ona görə də, Şəxs Nahid oğlunun müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material uzrə cinayət işinin başlanması rədd edilmiş və əməli törədən Şəxs Nahid oğlu barəsində Azərbaycan Respublikası inzibatı Xətalar Məcəlləsinin 227-ci (xırda talama) maddəsi ilə inzibati tədbir görülməsindən ötrü qərarın surəti Quba RPŞ-nin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİ bəndinə əsasən azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. “İnsan Huquqlarının və X5 haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs qanunla müəyyən olunmuş hallardan və qaydadan başqa, azadlıqdan məhrum edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək tətbiq edilir. Məhkəmə Şəxs əməlindən peşman olmasını inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirmişdir. Məhkəmə Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 30 (otuz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 20 iyun 2022-ci il tarixdən, saat 11:30-dan hesablansın. Qərarın icrası Quba rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Quba rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar