Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-617/2021 13.08.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Protokol tərtib edən şəxs Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1993-cü ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Avt Logostics MMC-də sürücü işləyir, Quba rayonu, Alpan kəndində qeydiyyatda olan və Bakı şəhəri, Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə baxaraq, müəyyən e t d i: Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respulikası İXM-nin 528.1-ci maddəsilə 09.08.2021-ci il tarixdə ******* №li protokol tərtib edilərək, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında verdiyi izahatında Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nürəddin Əmrullayev izahatında göstərmişdir ki, Qubadlı rayon Məhkəməsinin 28.07.2020-ci il tarixli, 2(028)-257/2020 saylı icra sənədinə əsasən borclu Şəxs 22.05.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün 04.06.2020-ci il tarixdən başlayaraq hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X6 verilməlidir. Qubadlı Rayon Məhkəməsinin 27.01.2021-ci il tarixli, 2(028)-40/2021 saylı icra sənədinə əsasən borclu Şəxs 11.09.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün 26.11.2020-ci il tarixdən başlayaraq hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X6 verilməlidir. Qeyd olunan icra sənədləri şöbənin icraatına 28.08.2020-ci il və 18.02.2021-ci il tarixlərdə daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmışdır. Eyni zamanda tələbin icrası barədə borcluya rəsmi məlumat verilmişdir. Lakin borclu icra sənədləri üzrə tələbi heç bir səbəb olmadan təmin etməmişdir. Borclu ilə bağlı icra sənədlərinin icrasını səmərəli təmin etmək məqsədi ilə borclunun bank hesabları, digər gəlir yerləri, daşınar-daşınmaz əmlaklarının olubolmaması barədə aidiyyəti üzrə banklara, kredit təşkilatlarına və dövlət orqanlarına sorğular göndərilmişdir. Borclunun gəlir yerlərinin və əmlaklarının axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. Hazırda borclu Şəxs bu vaxta qədər 3197,46 manat ödəniş etmişdir. İcra sənədləri üzrə aliment borcu 712,54 manat təşkil edir. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında verdiyi izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, Qubadlı rayon Məhkəməsinin 2(028)-257/2020 saylı, 28.07.2020-ci il tarixli və 2(028)- 40/2021 saylı, 27.01.2021-ci il tarixli icra vərəqəsini icra etməkdən yayınmamış, belə ki, o Avto Logostics MMC-də sürücü işləyir, hər ay əmək haqqından 70 faiz miqdarında aliment tutulur, ödənilməyən borc qalıq borcundan yaranmışdır. Aldığı əmək haqqı tələb olunan alimenti ödəməyə çatmadığından tam ödəniş edə bilməmişdir. Borcunu ödəməyə etiraz etmir, hazırda 300 manat ödəniş etmiş, qalan borcunu yaxın müddətdə ödəyəcəkdir. Göstərdiyi halları nəzərə alaraq, aliment borcunun ödənilməsi üçün ona vaxt verilməsini və inzibati xəta törətmədiyi üçün hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 izahatında göstərmişdir ki, Şəxs aliment üzrə borcları yaranmış, uşağı xəstədir, Şəxs alimenti tam ödəməmişdir. O, hazırda aliment borcunun tam ödənilməsini istəyir. Odur ki, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. İş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin 27.01.2021-ci il tarixli, 2(028)- 40/2021 saylı icra vərəqəsindən görünür ki, Şəxs hər ay 170 manat sabit pul məbləğində aliment 26.11.2020-ci il tarixdən başlayaraq tutulub 11.09.2020-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X6 verilməlidir. İş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin 28.07.2020-ci il tarixli, 2(028)- 257/2020 saylı icra vərəqəsindən görünür ki, Şəxs hər ay 170 manat sabit pul məbləğində aliment 04.06.2020-ci il tarixdən başlayaraq tutulub 22.05.2020-ci il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X6 verilməlidir. İş materiallarından görünür ki, Şəxs adına daşınmaz əmlak, daşınar əşyaların rəsmi reyestrində qeydiyyata alınmalı olan daşınar əşyalar, bank əmanətləri yoxdur. İş materiallarında olan 1295 saylı qəbzdən görünür ki, Şəxs tərəfindən Səkinə Məmmədova üçün 13.08.2021-ci il tarixdə 300 (üç yüz) manat məbləğində aliment pulu ödənilmişdir. İnzibati xəta haqqında iş üzrə icraat başlamış Quba rayon İcra Şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən edən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin möcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Yuxarıda qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati məsuliyyətin yaranması üçün həmçinin şəxs həmin maddənin dispozisiyasında göstərilən hərəkətləri üzrsüz səbəbdən etməlidir. İşdəki sübutlardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Qubadlı Rayon Məhkəməsinin 2(028)-40/2021 saylı, 27.01.2021-ci il tarixli və 2(028)-257/2020 saylı 28.07.2020-ci il tarixli icra sənədlərinin icrasıyla bağlı icra məmurunun qanuni tələlərini yerinə yetirməkdən və icra sənədini icra etməkdən imtina etməmiş, aliment borcu hər ay əmək haqqısından tutulur, həmçinin əlavə olaraq 13.08.2021-ci il tarixdə 300 manat məbləğində ödəniş etməklə icra sənədini icra etməyə çalışmış, üzrlü səbəbdən, maddi imkanı olmadığından icra sənədlərini tam icra etməmişdir. İş materiallarından görünür ki, icra məmurunun verdiyi sorğular əsasında Şəxs banklarda əmanətləri, xüsusi mülkiyyətində tələb yönələ biləcək daşınmaz və daşınar əmlakı, sahibkarlıq fəaliyyəti ilə məşğul olması müəyyən edilməmişdir. Belə olan vəziyyədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədini tam icra etməməsinin üzrlü səbəblərlə, yəni onun bu sənədi tam icra etməməsinin tələb yönəldilə biləcək daşınmaz və daşınar əmlakının, banklarda əmanətlərinin olmaması, ağır maddi vəziyyəti ilə bağlı bağlı olması barədə gətirdiyi dəlillər inandırıcıdır. İşdəki sübutlarla Şəxs üzrsüz səbəblərdən icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və icra sənədini tam icra etməməsi öz təsdiqini tapmır. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibinin yaranması üçün nə inzibati xətanın obyektiv tərəfi, nə də subyektiv tərəfi yoxdur. Belə olan halda, ümumiyyətlə onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyildir. Əməldə inzibati xətanın tərkibinin olmaması isə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilmiş əsaslardan biridir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2- maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Azəbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Məhkəmə Şəxs şəxsiyyətini, hazırda borcundan mütəmadi olaraq hər ay ödəniş etməsini nəzərə alaraq hesab edir ki, Şəxs əməlində məhkəmənin icra sənədini qərəzli səbəbdən icra etməmə halı mövcud deyildir. Bu isə öz növbəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibini təşkil etmədiyindən onun barəsində inzibati xəta haqqında iş üzrə icrata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 112, 113,114-115, 117, 125-126, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-617/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-617/2021
13.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver