Məhkəmə qərarları › İş №3(027)-619/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-619/2024

29.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-619/2024 29.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Protokol tərtib edən Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X4, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Quba rayonu, Vladimirovka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Fin: xxxxxxx, orta təhsilli, evli, fərdi təsərrüfatla məşqul olan, Quba rayonu, Vladimirovka kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs Quba rayonu Vladimirovka kəndində, yaşadıqları evdə aralarında yaranmış şəxsi mübahisə zəmnində dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib edən Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X6 izahatında bildirmişdir ki, Quba rayon Vladimirovka kənd sakini X1 RPŞ-nə ərizə ilə müraciət edərək tanışı Afizin onu döydüyünü bildirmişdir Daxil olmuş məlumatlar RPŞ-nın törədilmiş və ya hazırlanan cinayətlər barədə qediyyat kitabına HK-1/1684 nömrə ilə qeydə alınaraq icraatına daxil olmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, X2 qaynı X9 tərəfindən 18 iyun 2024-cü il tarixdə təxminən saat 18 radələrində Quba rayonu Vladimirovka kəndi ərazisində yerləşən evlərində aralarında şəxsi münasibətlər zəminində döyməsi izahat, ekspertiza rəyi və digər təhqiqat sənədləri ilə təsdiq edilmişdir. Xeyransə Baxışovanın xəsarəti alnında solda qançır, dioqnozu ilə sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Protokol təhqiqatçının qərarına əsasən tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, Qardaşı Vasiflə eyni həyətdə yaşayır. xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində ona məxsus evə həyətdə gəzdiyi ayaqqabılarla gəlməsini qardaşının arvadı Xeyransəyə irad bildirmiş və evdən çıxmasını tələb etmişdir. O, Xeyransanı döymədiyini bilkdirmişir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Quba rayonu Vladimirovka kəndində olan evinin həyətində qaynı Afizin evi vardır. xx.xx.2024-cü il tarixdə Afizə məxsus evə gedən zaman ayağında olan çöldə geyindiyi ayaqqabı ilə səhvən evə daxil olmuş, bu zaman Afiz onunla bu səbəbdən mübahisə etmiş, söyüb təhqir etmiş və baş nahiyyəsindən əli ilə vuraraq çölə çıxarmışdır. Hadisədən sonra o polisə zəng etmiş və məlumat vermişdir. İş materialında olan MTE və PAB Quba rayon şöbəsinin 455 nömrəli, 19 iyun 2024-cü il tarixli ekspert rəyindən göründüyü kimi, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarət – alnında solda qançır küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxtda yəni 18 iyun 2024-cü il tarixə uyğun gəlir bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadıqlarından dərəcəsi təyin olunmayan bədən xəsarətləri növünə aiddir İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 24 iyun 2024-cü il tarixli qərardan görünür ki, Şəxs Ağaəli oğlunun əməlində cinayət tərkibi deyil, Azərbaycan Respublikası İXM-nin 157-cı maddəsinin tərkibi vardır. Ona görə də, Şəxs Ağaəli oğlunun barəsində cinayət işinin başlanılması rədd edilməli, qərarısurəti onun barəsində həmin maddə ilə inzibati tədbir görülməsindən ötrü RPŞ-nin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollar müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib, sübutlrı tam, hərtərəfli və obyektiv tədqiq edərək, hesab edir ki, Şəxs döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməklə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif olunmuşdur. Əməlin inzibati xəta olmasını aradan qaldıran hallar və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Qeyd edilən Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati məsuliyyətini yüngülləşdirən hal müəyyən olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu, məsuliyyətini ağırlaşdıran haların olmamasını nəzərə alaraq, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması baxımından daha məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar