Məhkəmə qərarları › İş №3(027)-621/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-621/2025

30.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-621/2025 30.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X1 iştirakı ilə, X1 xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərardan verdiyi şikayətə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X2 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixdə tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında elektron protokol əsasında qəbul edilmiş TP ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, etibarnamə əsasında “BMW-520D” markalı, **- EZ-*** dövlət qeydiyyat nişanlı avtomobili «B» və «C» dərəcəli sürücülük vəsiqəsi əsasında idarə edir. xx.xx.2025-ci il tarixdə, saat 22 radələrində Quba-Xaçmaz avtomobil yolu ilə Quba şəhəri istiqamətində hərəkət etdirmişdir. Həmin zaman qarşıda eyni istiqamətdə hərəkətdə olan nəqliyyat vasitəsini qanunun tələb etdiyi formada ötüb hərəkətinə davam edirdi. Bir neçə saniyədən sonra qarşıdan əks istiqamətdə hərəkət edən Quba RPŞ-nin DYPB-nin xidməti avtomobili ona saxlama işarəsi verərək saxlatdı. Həmin avtomobildən düşən 2 nəfər YPX inspektoru ona yaxınlaşaraq ötmənin qadağan olduğu yerdə - bütöv xəttin tələblərini pozaraq ötmə əməliyyatı apardığını bildirdilər. O, onlarla razılaşmamış, bildirmişdir ki, həmin yerdə bütov xətt və «Ötmək qadağandır» (kod 3.20) yol nişanı da yoxdur. YPX inspektorları onun etirazına məhəl qoymamışlar və xidməti avtomobillərinə minib getmişlər. Bir qədər sonra onun istifadəsində olan mobil telefona bildiriş gəldi ki, o, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən barəsində İXP ******* nömrəli inzibati xəta haqqında elektron protokol tərtib edilmiş və 100 (yüz) manat cərimə edilmişdir. İXM-nin tələblərinə əsasən, ona yol verilmiş pozuntunun foto və video çəkilişləri təqdim olunmamışdır. Çünki foto və video çəkilişlər mövcud deyildir. Bundan başqa, ona tərtib olunmuş protokolda inzibati xətanın baş verdiyi yer təhrif edilərək Quba rayonu, Zərdabi kəndinin içərisi kimi (GPS: 41.3917016, 48.6270996 koordinatlarında) qeyd olunmuşdur. Lakin, qeyd etdiyi kimi, o, YPX inspektorları tərəfindən Quba-Xaçmaz avtomobil yolunda saxlanılmışdır ki, həmin yerin Zərdabi kəndinin içərisinə heç bir aidiyyəti yoxdur. Hesab edir ki, həmin elektron protokol qanunsuz və əsassız tərtib olunmuş, o cümlədən qəbul edilmiş qərar da qanunsuz qəbul edilmişdir. Belə ki, həmin yerdə ötmənin qadağan olunduğunu bildirən bütöv xətt və «Ötmək qadağandır» yol nişanı yoxdur. Göründüyü kimi, ona istinad edilən inzibati xətaya yol verməmişdir. Məhkəmə iclasında X2 şikayəti müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Quba rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə təxirə salmaq barədə onlardan hər hansı vəsatət daxil olmamışdır. Ona görə də, məhkəmə, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən hazırki şikayətə Quba rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib, 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində tərtib edilir. Həmin Məcəllənin 122.5-ci maddəsinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. Həmin Məcəllənin 122.6-cı maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1, 124.5 və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs bu Məcəllənin 125.2.1, 125.2.2 və ya 125.2.3-cü maddələrində müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan təyin olunmuş cəriməni ödəyə bilər. Həmin Məcəllənin 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 125.2.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir. Həmin Məcəllənin 125.2.2-ci maddəsinə əsasən eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında elektron protokolun və ya inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir. Həmin Məcəllənin 125.2.3-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir. Məhkəmə təhqiqatı zamanı müəyyən olunmuşdur ki, DİN-nin Quba rayonu YPX-nin inspektoru X3 tərəfindən X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* saylı elektron qərar qəbul edilmiş və həmin qərara əsasən 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestə baxarkən məhkəmə, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Məhkəmə, iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, X2 barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” elektron qərar ləğv edilməli və inzibati iş, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülüb-ötürülməməsi hissəsində yenidən araşdırılmalıdır. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 114, 128-131 və 134.1.4 və 135.1.6-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair tərtib olunmuş xx.xx.2025-ci il tarixli, TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinə göndərilsin. Qərardan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Xelilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar