Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-624/2023 17.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Protokol tərtib etmiş Quba rayon Polis şöbəsinin polis sahə rəisi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, Xaçmaz rayonu, Yergüc kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İnzibati xəta haqqında 16 aprel 2023-cü il tarixli MN seriyalı ******* nömrəli protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə, saat 18:10 radələrində Quba rayonu, Təngəaltı kəndində polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. İnzibati xəta haqqında 16 aprel 2023-cü il tarixli MN seriyalı ******* nömrəli protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə, saat 18:10 radələrində Quba rayonu, Təngəaltı kəndində polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Protokol tərtib etmiş Quba rayon Polis şöbəsinin polis sahə rəisi X7 məhkəmə iclasında bildirmişdir ki, yol patrul xidməti əməkdaşlarının çağırışı əsasında Quba rayonu, Təngəaltı kəndində PPXB əməkdaşlarının tələblərinə tabe olmayan vətəndaşlar aşkar edilmiş və müvafiq protokollar tərtib olunaraq aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 18:10 radələrində tanışı Xano Əmoyevin idarə etdiyi avtomobillə hərəkətdə olarkən Quba rayonu, Təngəaltı kəndində yol nəqliyyat hadisəsi baş vermiş, həmin vaxt o sərnişin qismində həmin avtomobildə olmuşdur. Bu zaman hadisə yerinə polis əməkdaşları gəlmiş və onların içkili olduğu, Xano Əmoyevin heç bir sənədi olmadan avtomobili idarə etdiyi məlum olmuşdur. Polis əməkdaşları maşını tərk etməyi və sərxoşluq müayinəsindən keçməyi tələb etsələr də, onlar polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır və onların ünvanına nalayiq ifadələr işlədərək polisi təhqir etmişdilər. Hazırda üzrxahlıq edərək hərəkətlərindən peşman olduğunu əlavə etmişdir. Məhkəmə iclasında şahid Quba RPŞ-nin əməkdaşı X9 ifadəsində bildirmişdir ki, xx.xx.2023cü il tarixdə əməkdaş H.Ağamirzəyevlə xidmətdə olduqları zaman, saat təxminən 18:10 radələrində Quba rayonu, Təngəaltı kəndində yol nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olmuş və onlar “Təngə Dərəsi” restoranının yaxınlığında YNH edən “Chevrolet” markalı **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə yaxınlaşaraq özlərini təqdim edərək sənədlərinin təqdim edilməsini tələb etmişlər. Məlum olmuşdur ki, sürücü avtomobili sənədsiz idarə edir. Sürücüyə dəfələrlə avtomobili onlara təhvil verməsi və sərxoşluq müayinəsindən keçməyi tələb etdikdə o, qanuni tələblərinə əməl etməyərək ünvanlarına nalayiq ifadələr işlətmişdir. Onun hərəkətlərini görən yanındakı qadın sərnişin də onları söyməyə başlayıb və qanuni tələblərinə məhəl qoymayaraq hərəkətlərini davam etdiriblər. Onların tabe olmadıqlarını gördükdə RPŞ-nin NH-nə məlumat verərək, kömək üçün əraziyə PPXB-nün əməkdaşlarını çağırmışlar. Məhkəmə iclasında şahid Quba RPŞ-nin əməkdaşı X5 polis əməkdaşı X6 ifadəsilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidləri dinləyib, inzibati xəta haqqında protokolu və işdə olan sənədləri tədqiq edərək hesab edir ki, Şəxs ictimai qaydanı pozan hərəkətlər etmiş və polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamışdır. Onun əməlləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" 2004-cü il 23 mart tarixli Qərarının 2-ci bəndinə əsasən ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlıdavranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. Həmin Qərarın 3-cü bəndinə əsasən şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadəedən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə hesab edir ki, qeyd edilən maddənin tələbi nəzərə alınmaqla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinlə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Qeyd edilən Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci və 32.1.3-cü maddəsinə əsasən müvafiq olaraq səmimi peşmançılığı və himayəsində azyaşlı uşağı olan qadın olması məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi və 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda törədilməsi məsuliyyəti ağırlaşdıran hallar kimi müəyyən edilmişdir. AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata və Şəxs ifadəsinə əsasən xx.xx.2021-ci il təvəllüdlü X1 Təranə Alik qızının himayəsindədir. Qeyd edilən Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngülləşdirən halların olmasını nəzərə alaraq barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiq edilməsini tənbehin məqsədlərinə nail olunması baxımından məqsədəmüvafiq hesab edir. İş materiallarında olan inzibati qaydada tutma haqqında 15 aprel 2023-cü il tarixli protokoldan göründüyü kimi, Şəxs 15 apre l 2023-cü il, saat 22:15-də tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-nin 34.2, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək İXM-nin 34.2-ci maddəsinə əsasən həmin Məcəllənin 535.1-ci maddəsilə müəyyən edilmiş sanksiya çərçivəsində və İXM-nin 31.4-1-ci maddəsinin tələbi nəzərə alınmaqla 150 manat məbləğində cərimə edilsin. Şəxs məhkəmə iclası zalından azad edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-624/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-624/2023
17.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver