Məhkəmə qərarları › İş №3(027)-628/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-628/2024

16.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-628/2024 16.08.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmraslan Arif oğlunun katibliyi, Şikayət verən şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Quba RPŞ-nin DYPB-nin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP ******* saylı qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X2 QRPŞ-nin DYPB-nin İnzibati tənbeh vermə haqqında TP ******* saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində 29 iyul 2024-cü il tarixdə inzibati tənbeh vermə haqqında TP ******* saylı protokol əsasında qərar qəbul edilmişdir ki, guya o təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə edərək İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinin tələblərini pozmuşdur. Həmin qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, inspektorun iddia etdiyi hala etiraz etsə də, o, buna məhəl qoymadan birbaşa qərar qəbul etmişdir. Halbuki, qanunvericiliyə əsasən vətəndaşın etirazı olduqda protokol əsasında birbaşa qərar qəbul edilməsi yolverilməzdir və həmin məsələyə yuxarı rəhbərlik tərəfindən onun iştirakıyla baxılaraq qərar qəbul edilə bilərdi. Həmçinin, bildirir ki, o heç bir qanun pozuntusuna yol verməmiş və belə bir inzibati xəta törətməmişdir. Məhkəmə iclasında şikayət verən şəxs, X2 izahatında bidirmişdir ki, hadisə Dəvədabanı yaşayış massivində baş vermiş, o təhlükəsizlik kəmərini taxdığı halda, onu saxlayıb, təhlükəsizlik kəmərini taxmadığı barədə ona inzibati protokol tərtib olunmuşdur. O iradını bildirsə də, polis əməkdaşı ona məhəl qoymamışdır. İşə baxılmasının yeri və vaxtı barədə Azərbaycan Respublikası Quba RPŞ-nin DYPB-nə məlumat verilsə də, DYPB nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə DYPB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin olunmalı və inzibati iş yenidən araşdırılması üçün göndərilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Quba RPŞnin DYPB-nin YPX tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 6-cı bəndinə əsasən: konstruksiyasında nəzərdə tutulmuş təhlükəsizlik kəmərləri ilə təchiz edilmiş avtomobildə hərəkət edərkən kəməri bağlamalı və sərnişinlərin də kəməri bağlamasını təmin etməli (12 yaşınadək uşaqların, geriyə hərəkət manevri edən sürücülərin, hamilə qadınların, sürücülüyü öyrənən şəxs nəqliyyat vasitəsini idarə edərkən onu öyrədənin, yaşayış məntəqələrində isə bunlardan başqa, operativ nəqliyyat vasitəsi sürücülərinin və sərnişinlərinin kəməri bağlamamasına yol verilir), motosikletdə isə motoşlemi düymələməli və sərnişinlərin də motoşlemi düymələməsini təmin etməlidir. Azərbaycan Respublikası İXM 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə - qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Qeyd edilən Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadığından, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib etməklə kifayətlənməli olduğu halda, həmin gün qərar qəbul etməklə inzibati tənbeh tətbiq etməkdə haqlı olmamışdır. Həmçinin təqdim olunmuş inzibati xəta haqqında qərara təhlükəsizlik kəməri bağlanmadan nəqliyyat vasitəsini idarə edilməsilə bağlı sübut əlavə olunmamışdır. İnzibati xəta haqqında protokol tərtib olunarkən X1 iştirakı təmin edilməmiş, inzibati xəta hadisəsinin mövcudluğuna etirazı və xəta ilə razılaşmaması öz əksini tapmamışdır. Azərbaycan Respublikasının İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinin tələbinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması (135.1.1) və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasının müəyyən edilməsi (135.1.6) hallarında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 131, 134.1.4 və 135.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Quba RPŞ-nin DYPB-nin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Quba RPŞ-nin DYPB-ə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar