Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-639/2025 11.08.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Şikayət verən X3 iştirakı ilə, X3 Azərbaycan Respublikasının DİN BDYPİ-nin 03 iyul 2025-ci il tarixli EQ 29010049 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X7 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının DİN BDYPİ-nin 03 iyul 2025-ci il tarixli EQ 29010049 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən 03 iyul 2025-ci il tarixli EQ29010049 saylı qərarla idarə etdiyi Man TGX18440 yük markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xızı rayonu Giləzi kəndi istiqamətində Azərbaycan Respublikası İXM-nın 353.2-ci maddəsinin tələblərini pozması ilə bağlı 600 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. O, həmin qərarla razılaşmır. Ona görə ki, idarə etdiyi Man TGX18440 yük markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilə 03 iyul 2023-cü il tarixdə Qudyalçay yatağının Zərdabi kəndi ərazisində olan qum-çınqıl karxanasından 25590 kq atsep (tikinti materialı) yükləmişdir. Bundan sonra həmin karxanada olan tərəzidə avtonəqliyyat vasitəsilə birlikdə yükün çəkisi 39540 kq olmuşdur. Həmin tərəzinin qəbzini belə alaraq Bakı şəhəri istiqamətinə getmişdir. Yükə nəzarət edən Şabran rayonu ərazisində olan elektron tərəzini keçmişdir. Lakin Xızı rayonu Giləzi kəndi ərazisində olan yükə nəzarət edən tərəzidə guya icazə verilən normadan artıq 43600 kq yüklə keçdiyi qeyd edilmişdir. Həmin qərarla razılaşmır. Ona görə ki, sürücülər icazə verilən normadan artıq yük aparan zaman yüksək məbləğdə cərimə olunacağını bilir. Bu səbəbdən də ümumiyyətlə satış üçün də tikinti materialı yüklədikdən sonra karxanada olan tərəzidə avtomobili ölçdürmüşdür. Hətta onlara 40000 kq icazə verilsə, belə onlar 500 kq az yüklə hər ehtimala qarşı yola çıxırlar. Hər yükə görə qazancı 100 manat olur. Hansı səbəbdən 100 manat qazanca görə avtomobilinə artıq yük vuraraq yüksək məbləğdə cərimə olunmağına razı olar. Bundan əlavə əgər onun avtomobilində artıq yük var idisə niyə Şabran rayonu ərazisində olan elektron tərəzi nəzarət məntəqəsi bu yükü qeydə almamışdır. Yəni Quba rayonu istiqamətindən Bakı şəhəri istiqamətinə gedən zaman iki yerdə- biri Şabran rayonu ərazisində biri isə Xızı rayonu Giləzi kəndi ərazisində elektron tərəzilər vardır. Necə ola bilər ki, eyni funksiyaya malik tərəzilərdən biri, yəni birinci olaraq keçdiyi Şabran rayonu ərazisində olan tərəzi heç bir qanun pozuntusunu qeydə almır, amma Xızı rayonu ərazisində olan tərəzi guya icazə verilən həddən artıq yük apardığını qeydə alır. Təbii ki, o, qərarla razılaşmır. Məhkəmə iclasında X7 ərizənin məzmununa uyğun izahat vermiş və qərarın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən Azərbaycan Respublikası DİN BDYPİ-yə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən oranın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: X4 məxsus ** BO *** dövlət nömrə nişanlı, “MAN TGX” yük markalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən nəqliyyat vasitəsinin maksimal kütləsi 18000 kq, yüksüz kütləsi 7850 kq-dır. 24 sentyabr 2024-cü il tarixli etibarnaməyə əsasən X6 özünə məxsus ** BO *** dövlət nömrə nişanlı, “MAN TGX 18.440” yük nəqliyyat vasitəsini idarə etmək üçün xx.xx.2033-cü ilədək X5 etibar etmişdir. "xxxx" MMC tərəfindən 03 iyul 2025-ci il tarixdə, saat 12:18-də verilmiş tərəzi qəbzindən müəyyən olunur ki, ** BO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində yükün ümumi çəkisi 39540 kq təşkil edir. 03 iyul 2025-ci il tarixli EQ 29010049 saylı qərara əsasən X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən 600 (altı yüz) manat cərimə edilmiş, qərar həmin tarixdən qüvvəyə minmişdir. AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən təqdim edilmiş foto görüntülərdən müəyyən olunur ki, ** BO *** dövlət qeydiyyat nişanlı, MAN TGX 18.400 markalı yük maşınında olan yükün çəkisi Xızı rayonu, Giləzi Kəndi Bakı istiqamətində elektron tərəzidə 43600 kq təşkil etmişdir. X2 xx.xx.2025-ci il tarixli, EQ 29010049 saylı qərarı mübahisələndirərək, qərarın qanunsuz və əsassız olduğunu əsas gətirməklə onun ləğvini tələb edir. AR İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 120-ci maddəsinə görə bu Məcəllənin 327 - 356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. AR İXM-in 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir AR İXM-in 127-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar hərəkətdə olan nəqliyyat vasitəsinin çəki və kütlə parametrlərini ölçən və yol örtüyünün altında yerləşən xüsusi texniki vasitələrin (elektron tərəzilərin) məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada çıxarılır. Bütün elektron tərəzilər müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir. AR İXM-in 127-1.5-ci maddəsinə əsasən saxlanılmış nəqliyyat vasitəsinin çəki və kütlə parametrləri nəzarət məntəqəsində quraşdırılmış xüsusi texniki vasitələrlə saxlanılmış nəqliyyat vasitəsini idarə edən şəxsin iştirakı ilə müvafiq icra hakimiyyəti orqanının və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun əməkdaşları tərəfindən ölçülür və məlumatlar real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə ötürülür. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 52-ci bəndinə görə iriqabaritli nəqliyyat vasitəsi - ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları üçün müəyyən edilmiş qabarit parametr hədlərini aşan yüklü və ya yüksüz nəqliyyat vasitəsidir. Həmin Qanunun 57-ci maddəsinin 1-ci bəndinə əsasən daşınan yükün kütləsi və yüklərin oxlar üzrə paylanması istehsalçı müəssisənin həmin nəqliyyat vasitəsinin növü üçün müəyyən etdiyi kəmiyyətlərdən artıq olmamalıdır. Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası” nın 4.1-ci bəndinə əsasən İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yolları ilə hərəkət etməsinə nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən hərəkətdə olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini ölçən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin elektron tərəziləri və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələri ilə, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş halda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarət məntəqələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmaqla, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları ilə birgə xüsusi ölçü alətləri, cihazları və tərəzilər vasitəsilə yoxlanılır “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən Qabarit və Çəki Parametrlərinə” əsasən nəqliyyat vasitəsinin icazə verilən ümumi kütləsi (çəkisi) 2 nömrəli cədvəllə müəyyən edilmiş hədləri aşmamalıdır: Dördoxlu, iki oxu aparıcı olan, hər biri iki cüt təkərdən ibarət olan hava və ya ona ekvivalent asqıya malik olan avtomobilə icazə verilən ümumi kütlə 32 ton, ikioxlu dartıcı üçoxlu yarımqoşqu, üçoxlu dartıcı ikioxlu yarımqoşqu eləcə də üçoxlu dartıcı üçoxlu yarımqoşqu ilə 40 ton nəzərdə tutulmuşdur. Hazırki işin hallarından məlum olduğu kimi AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin 03 iyul 2025-ci il tarixli EQ 29010049 saylı qərarına əsasən X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 600 manat məbləğində cərimə edilmişdir. Həmin qərarın əsasını Xızı rayonu, Giləzi kəndində yerləşən xüsusi texniki vasitə-elektron tərəzi ilə qeydə alınmış 43600 kq-lıq yük çəkisi təşkil etmişdir. Bu isə normativ 40000 kq həddindən təqribən 9% artıq çəkil deməkdir. Azərbaycan Respublikası İXM 353.2-ci maddəsinə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. X1 məhkəməyə "xxxx" MMC tərəfindən 03 iyul 2025-ci il tarixdə, saat 12:18-də verilmiş tərəzi qəbzini təqdim edərək, həmin qəbzə əsasən yükün çəkisinin 39540 kq olmasını iddia etmişdir. Lakin qeyd edilməlidir ki, barəsində inzibati qərar qəbul edilmiş şəxsin təqdim etdiyi qəbzin qeyri-müəyyən texniki əsasa söykənməsi, onun hansı ölçü cihazı ilə, hansı şəraitdə aparıldığı və cihazın kalibrasiya sertifikatının olub-olmaması müəyyən olunmadan əsas sübut kimi qəbul edilməsi mümkün deyildir. Bundan əlavə şikayətçinin Şabran rayonunda yerləşdirilən elektron tərəzini keçdiyi və artıq yükün olduğunu təsbit edən fotogörüntü qeydə alınmadığının müəyyən edilməməsi barədə dəlili əsaslı sayıla bilməz ona görə ki, iddia olunan yerdə qeyd edilən tərəzinin həmin vaxt olub-olmaması, həmçinin işləyib-işləməməsi barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd edilməlidir ki, AR İXM-in 122.1-ci maddəsinə əsasən, xüsusi texniki vasitələrlə (stasionar tərəzilər, videomüşahidə və s.) əldə olunmuş məlumatlar sübut kimi tanınır və hüquqi qüvvəyə malikdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21 və 31.1-ci maddələrinə əsasən inzibati tənbeh inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır və bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Yuxarıda sadalanan əsaslara istinadən məkhəmə hesab edir ki, Azərbaycan Respublikasının DİN BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən tərtib edilmiş 03 iyul 2025-ci il tarixli EQ 29010049 nömrəli qərarı faktiki əsaslar olmaqla prosessual tələblərə riayət edilməklə qəbul edildiyindən qanuni və əsaslıdır. Odur ki, həmin qərarın ləğv edilməsi barədə X3 şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 131-134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X3 Azərbaycan Respublikasının DİN BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsilə inzibati tənbeh vermə haqqında 03 iyul 2025-ci il tarixli EQ 29010049 nömrəli qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Kamilli
Məhkəmə qərarları › İş №3(027)-639/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-639/2025
11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver